azerbaijani english








RƏSMİ XRONİKA

MƏHKUMLARIN SAĞLAMLIĞINA HƏSR OLUNAN BEYNƏLXALQ SEMİNAR KEÇİRİLMİŞDİR

Bu günlərdə Bakıda "Park İnn Azərbaycan" mehmanxanasında "Həbsxanalarda vərəmin və qanda immun çatışmazlığı sindromunun (QİÇS) yayılmasının qarşısının alınması, nəzarətdə saxlanması və bu sahədə dövlət səhiyyə orqanları ilə əməkdaşlıq imkanları" mövzusunda seminar keçirilmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin birgə təşkil etdiyi tədbirdə Ədliyyə və Səhiyyə nazirliklərinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri, beynəlxalq ekspertlər, penitensiar sahədə çalışan səhiyyə işçiləri, bir sıra cəzaçəkmə müəssisələrinin rəhbərləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak etmişlər.
Seminarın açılışında ədliyyə nazirinin müavini Vilayət Zahirov, BQXK-nın Bakıdakı nümayəndəliyinin başçısı Meri Vernts, Səhiyyə Nazirliyi Müalicə-profilaktika idarəsinin rəisi Şahnaz Baxşəliyeva çıxış edərək, xüsusən son zamanlar beynəlxalq ictimaiyyəti daha çox narahat edən vərəm və QİÇS xəstəliklərinə qarşı aparılan mübarizə sahəsində müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsinin, Ədliyyə və Səhiyyə nazirliklərinin müvafiq qurumlarının, habelə qeyri-hökumət təşkilatlarının qüvvələrinin və fəaliyyətinin əlaqələndirilməsinin, səmərəli əməkdaşlıq imkanlarının axtarılmasının vacibliyini qeyd etmişlər. Üç gun davam etmiş tədbirdə beynəlxalq mütəxəssislər: Ludo Kieboms (Belçika),Yuri Sarankov (Ukrayna), Hernan Reyes (İsveçrə), Sergey Mişuştin (Rusiya) və Fati Qabuniya (Gürcüstan) Şərqi Avropa, Cənubi Amerika və bəzi MDB ölkələrinin penitensiar sistemlərində səhiyyə xidmətinin təşkili və fəaliyyəti, cəzaçəkmə yerlərində vərəm xəstəliyinin və QİÇS-in qarşısının alınması, zərərin azaldılması təcrübəsi barədə məruzələrlə çıxış etmişlər. Məruzələr üzrə maraq doğuran suallar cavablandırılmışdır. Ayrı-ayrı mövzular üzrə yaradılmış işçi qruplarda canlı dialoq formasında müzakirələr keçirilmiş, bu xəstəliklərə qarşı mübarizədə elmin müasir nailiyyətlərinin tətbiqi və praktiki məsələlər ətrafında faydalı təcrübə və fikir mübadiləsi aparılmışdır.
Bu sahədə həyata keçirilən tədbirlərin səmərəsini artırmaq üçün penitensiar və mülki səhiyyə orqanlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, digər dövlətlərdə tətbiq olunan müsbət təcrübə nəzərə alınmaqla, beynəlxalq əməkdaşlıq imkanlarından daha fəal istifadə olunmasının zəruriliyi qeyd olunmuşdur. İşçi qruplar tərəfindən irəli sürülən tədbirlər paketinə əsasən seminarın yekun iclasında müvafiq konkret təkliflər verilmişdir.
Ədliyyə Nazirliyinin Mətbuat xidməti

26/01/2006
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003