BEYNƏLXALQ HÜQUQ ƏMƏKDAŞLIĞI GENİŞLƏNİR
Ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə görülən əsaslı tədbirlər sırasında məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılmasına mühüm diqqət yetirilir, bu sahədə nüfuzlu beynəlxalq təşkilatlar və qabaqcıl dövlətlərlə fəal əməkdaşlıq imkanlarından istifadə edilir. Belə əməkdaşlıq çərçivəsində Avropa İttifaqının Azərbaycan Respublikası Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidmətinə dəstək göstərilməsi üzrə TACIS layihəsi həyata keçirilir.
Bu günlərdə ölkəmizə səfərə gəlmiş həmin layihənin direktoru Bernard Menyunun başçılıq etdiyi nümayəndə heyəti ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.
Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə köklü islahatlar aparıldığını vurğulayan nazir, qanunvericilikdə ciddi dəyişikliklər edildiyini, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən 2006-cı il yanvarın 19-da mühüm fərman imzalandığını diqqətə çatdırmışdır. O, eyni zamanda, ədalət mühkiməsinin səmərəliliyinin artırılmasında məhkəmə qərarlarının vaxtında və düzgün icrasının təmin edilməsinə lazımi önəm verilərək, icra işinin yaxşılaşdırılması üzrə görülən ardıcıl və məqsədyönlü tədbirlər barədə məlumat vermiş, bu sahədə Avropa İttifaqının TACIS layihəsi çərçivəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir.
Azərbaycanın məhkəmə və hüquq sistemində dəyişikliklərin mütərəqqi xarakter daşıdığını məmnunluqla vurğulayan cənab Bernard Menyu, məhkəmə qərarlarının icrası kimi mühüm fəaliyyətə xüsusi diqqət yetirilməsinin və bu zaman beynəlxalq təcrübədən faydalanmanın bütövlükdə islahatlara müsbət təsir göstərdiyini qeyd etmiş və layihə üzrə son bir ildə görülmüş işlərdən, nəzərdə tutulan tədbirlərdən danışmışdır.
Görüşdə məhkəmə icraçıları üçün Fransa Məhkəmə icraçıları məktəbində tədris kurslarının təşkili, həmçinin, hakimlər üçün bu istiqamətdə tədris tədbirlərinin keçirilməsi, bu xtdmətin kompyuterləşdirilməsinə yardım göstərilməsi, icra qanunvericiliynin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, görülən tədbirlərin səmərəsini artırmaq üçün birgə işçi qrupunun yaradılması ilə bağlı məsələlər müzakirə edilmiş, konkret tədbirlərə dair razılığa gəlinmişdir.
Eyni zamanda, nazir hazırda vakant hakim vəzifələrinə namizədlərin ən demokratik qaydalar əsasında seçiminin aparıldığını diqqətə çatdıraraq, hakimliyə namizədlər üçün ölkəmizdə ilk dəfə təşkil ediləcək uzunmüddətli ilkin tədris kurslarında bu aktual mövzu üzrə beynəlxalq mütəxəssislərin mühazirələrinin əhəmiyyətini qeyd etmişdir. Qonaq bu mütərəqqi tədbir haqqında məlumatlı olduğunu bildirərək, hakimliyə namizədlərlə tədris kursuna Avropa ölkələrinin təcrübəli hakimlərini cəlb etməyə hazır olduqlarını vurğulamışdır.
Görüşdə ədliyyə nazirinin müavini Vilayət Zahirov, Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları idarəsinin rəisi, Baş məhkəmə məmuru Hüseyn Əlixanov iştirak etmişlər.
Ədliyyə Nazirliyinin Mətbuat xidməti
28/01/2006
|