azerbaijani english








RƏSMİ XRONİKA

MƏHKƏMƏ FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR DAVAM ETDİRİLİR

Məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli fərmanının icrası Məhkəmə-Hüquq Şurası tərəfindən diqqət mərkəzində saxlanılaraq bu sahədə tədbirlər davam etdirilir.
Məhkəmə-Hüquq Şurasının növbəti iclasında hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydası haqqında təlimat layihəsi müzakirə edilmiş, qiymətləndirmə aparılarkən peşəkarlıqla yanaşı, yüksək insani keyfiyyətlər, o cümlədən mənəvi təmizlik, ədalətlilik və qərəzsizlik, insanlara qayğılı münasibət kimi meyarların əsas götürülməsi zərurəti xüsusi vurğulanmışdır.
İclasda həmçinin, dövlət başçısının məhkəmələrdə icra və əmək intizamına ciddi əməl edilməsi, süründürməçilik hallarının aradan qaldırılması barədə tapşırıqlarının icrası üzrə Ədliyyə Nazirliyi tərəfindən keçirilmiş məhkəmə monitorinqlərinin nəticələrinə baxılmışdır. Qeyd edilmişdir ki, ötən il keçirilmiş monitorinq nəticələri üzrə aşkar edilmiş pozuntular hakimlərin iştirakı ilə Məhkəmə-Hüquq Şurasının iclasında geniş müzakirə olunmuş, yol verilmiş nöqsanlar onların nəzərinə çatdırılmışdır. Bununla belə təkrar monitorinq nəticəsində bəzi hakimlər tərəfindən əmək və icra intizamının pozulması, o cümlədən qanunun tələblərinə məhəl qoyulmayaraq işlərə xüsusi geyimdə olmadan, iclas zalında deyil, aşkarlıq prinsipini pozmaqla xidməti kabinetlərdə, süründürməçiliklə baxılması, habelə digər nöqsanlara yol verilməsi aşkar edilmişdir. Bu halların məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirməklə haqlı narazılıqlara səbəb olması bildirilmişdir.
Bununla əlaqədar, habelə, digər ciddi nöqsan və kobud qanun pozuntularına yol vermələri ilə bağlı Məhkəmə-Hüquq Şurası tərəfindən 10 nəfər hakim barədə intizam icraatı başlanılmışdır Şurada hakimlər barədə əvvəllər başlanılmış intizam icraatlarına baxılaraq, fəaliyyətilərində qanunvericiliyin tələblərinin pozulması hallarına yol verdiklərinə görə Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin hakimləri Azər Orucov və Həsən Əhmədov intizam məsuliyyətinə cəlb edilmiş, Apelliyasiya məhkəməsinin Mülki işlər üzrə kollegiyasının sədri Asif Allahverdiyev intizam məsuliyyətinə cəlb olunmaqla, fəaliyyəti qeyri-qənaətbəxş hesab edilmişdir. O, kollegiya sədri vəzifəsinin icrasından azad olunmuşdur.






02/05/2006
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003