azerbaijani english








RƏSMİ XRONİKA

ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ

Ombudsmanların IV Bakı Beynəlxalq Konfransı çərsivəsində ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammerberq və Rusiya Federasiyasının İnsan hüquqları üzrə Müvəkkili Vladimir Lukin mayın 6-da ədliyyə naziri, Məhkəmə-Hüquq Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşlər.
Cənab Tomas Hammerberqi bu vəzifədə yeni fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ölkəmizdə həyata keçirilən demokratik dəyişikliklər, insan hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edən məhkəmə hakimiyyətinin daha da möhkəmləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, penitensiar sistemin fəaliyyətinin yaxşılaşdırılması üzrə aparılan mütərəqqi islahatlar, hakimliyə namizədlərin ən müasir və şəffaf prosedurlar əsasında seçilməsi barədə qonaqlara ətraflı məlumat vermiş, bu sahədə nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə səmərəli əməkdaşlığı qeyd etmişdir. O, Azərbaycanda aparılan köklü huquq islahatları çərçivəsində korrupsiyaya qarşı mübarizə, yoxsulluğun azaldılması, əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üzrə görülən konkret işləri diqqətə çatdırmışdır.
Yeni vəzifəsində ilk səfərini məhz Azərbaycana etdiyini vurğulayan cənab Tomas Hammerberq ölkəmizdə baş verən demokratik dəyişikliklər maraqla izlədiyini və səfərin onda böyük təəssürat yaratdığını bildirərək, sürətli sosial-iqtisadi inkişaf dövrünü yaşayan Azərbaycanda insan hüquqlarının təmin edilməsinə də xüsusi diqqət yetirildiyini razılıqla qeyd etmiş və uğurla aparılan genişmiqyaslı demokratik islahatları yüksək dəyərləndirmişdir.
Görüşdə hüquqşünas kadrların hazırlanması, hakimlərin tədrisi, məhkəmə fəaliyyətində beynəlxalq hüquq normalarının, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi məsələləri geniş müzakirə edilmiş, bununla bağlı məhkəmə sisteminin muasirləşdirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanının əhəmiyyəti xüsusi qeyd edilmişdir.
Səmərəli fikir mübadiləsi şəraitində keçən tədbirdə qonaqları maraqlandıran suallar əhatəli cavablandırılmışdır. Görüşdən sonra onlar Nazirlikdə yaradılmış Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.
Elə həmin gün Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Hüquq Tədris Mərkəzində peşə hazırlığı keçən hakimliyə namizədlərlə görüşərək onların qarşısında çıxış etmişdir.
İnsan hüquqları üzrə müvəkkil Elmira Sleymanova tədbirlərdə iştirak etmidir.



Ədliyyə nazirliyi Mətbuat xidmətinin məlumatı




06/05/2006
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003