|
ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Ədliyyə naziri Fikrət Məmmədov mayın 19-da Koreya Respublikasının Azərbaycan Respublikasında səfiri səlahiyyətlərini icra edən Ryu Qoan Çoll ilə görüşmüşdür.
Qonağı ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir Azərbaycanda həyata keçirilən demokratik dəyişikliklər, hüquqi və digər sahələrdə aparılan mütərəqqi islahatlar barədə ətraflı məlumat vermişdir. O, dünya ölkələri ilə hərtərəfli əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edərək, bu günlərdə Koreya Respublikası Prezidentinin Azərbaycana ilk rəsmi səfərinin, ölkəmizin başçısı cənab İlham Əliyevlə aparılmış danışıqların və imzalanmış sənədlərin qarşılıqlı əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulamışdır.
Fikrət Məmmədov 2004-cü ilin sentyabrında Seulda Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin üzvü kimi təşkilatın İllik Konfransında iştirakını və gənc demokratik dövlətlərdə hüquqi islahatlara dair əsas məruzə ilə çıxış etdiyini, səfər zamanı Cənubi Koreyanın ədliyyə naziri və Baş Prokuroru ilə səmərəli görüşlər keçirdiyini, ölkənin məhkəmə-hüquq sistemi ilə tanışlığından məmnun qaldığını, eyni zamanda dəvəti ilə Koreyanın ədliyyə naziri müavininin Azərbaycana səfərini xatırlamış, iki ölkə arasında əməkdaşlıq potensialından istifadənin və hüquqi sahədə müqavilə bazası yaradılmasının zəruriliyini vurğulayaraq, koreyalı həmkarını Azərbaycana səfərə dəvət etmişdir.
Cənubi Koreyanın Azərbaycanla hərtərəfli əlaqələrə böyük əhəmiyyət verdiyini bildirən səfir, ölkəmizin müxtəlif sahələrdə, o cümlədən iqtisadi cəhətdən sürətli inkişafını razılıqla qeyd edərək, dövlətlərimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə daim yardımçı olacağını bildirmişdir.
Görüşdə, həmçinin, hüquqi sahədə, o cümlədən ədliyyə orqanları arasında əməkdaşlığın perspektivləri, məhkəmə sisteminin təkmilləşdirilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi üzrə hər iki ölkədə görülən tədbirlərlə bağlı təcrübə və fikir mübadiləsi aparılmışdır.
Tədbirdən sonra qonaq Nazirlikdə "Ədliyyə tarixi muzeyi" ilə tanış olmuş və xatirə kitabına ürək sözlərini yazmışdır.
19/05/2006
|
|
|
|
 |
|
|
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003 |
|
|