azerbaijani english








RƏSMİ XRONİKA

DÜNYA BANKI İLƏ FAYDALI ƏMƏKDAŞLIQ BƏHRƏSİNİ VERİR






Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə sisteminin muasirləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Son dövrdə insan hüquqlarının etibarlı müdafiəsinə yönəlmiş mütərəqqi islahatlar çərçivəsində müvafiq qanunvericilik bazası daha da inkişaf etdirilmiş, Avropa Şurası ilə sıx əməkdaşlıq şəraitində məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə xeyli iş görülmüşdür.
Məlum olduğu kimi, hazırda ən demokratik və şəffaf prosedurlar əsasında hakimliyə namizədlərin seçimi davam edir. Eyni zamanda, ölkə Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanına əsasən, vətəndaşların məhkəmələrə müraciət etmək imkanlarını asanlaşdırmaq məqsədilə yeni məhkəmələrin, o cümlədən bölgələrdə apellyasiya məhkəmələrinin yaradılması, hakimlərin ştat sayının artırılması, habelə regionlarda hüquq təsisatlarının inkişafı və əhaliyə göstərilən hüquqi xidmətlərin yaxşılaşdırılması üzrə konkret tədbirlər həyata keçirilir. Ölkə başçısının göstərişi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin yüksək statusuna uyğun yeni binasının inşasına başlanmışdır. Həmçinin, digər yeni məhkəmə binalarının tikintisi və hakimlərin iş şəraitinin daha da yaxşılaşdırılması üçün müvafiq işlər görülür.
Xəbər verildiyi kimi, Azərbaycanın məhkəmə-hüquq sistemində həyata keçirilən mütərəqqi dəyişiklikləri dəstəkləyən Dünya Bankı hüquqi islahatlara maliyyə yardımı göstərmək təşəbbüsü ilə çıxış etmişdir. Təşəbbüslə əlaqədar yaradılmış işçi qrup Dünya Bankının ekspertləri ilə birgə qısa zamanda məhkəmə infrastrukturu üzrə monitorinqlər keçirmiş, müvafiq təhlillər aparmış, prioritet sahələri müəyyənləşdirmişdir. Hərtərəfli müzakirələr, o cümlədən Dünya Bankının Vaşinqtondakı Baş ofisi ilə telekörpü vasitəsilə aparılmış danışıqlar nəticəsində kreditin Azərbaycan üçün ən əlverişli şərtlərlə alınması razılaşdırılmışdır.
Bu günlərdə Bakıya növbəti səfərə gəlmiş Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru xanım Donna Dousett Koirolo ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşərək, layihə barədə fikirlərini bölüşmüş və onun hazırlanmasında iştirak etmiş Azərbaycanlı mütəxəssislərin peşəkarlığını yüksək qiymətləndirmişdir. Öz növbəsində, nazir Dünya Bankının ölkəmizdə aparılan islahatlara göstərdiyi marağa və yardıma görə qonağa və Bankın rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Layihədə 17 yeni məhkəmə binasının tikintisi, bir çox məhkəmə binalarının əsaslı təmiri, texniki cəhətdən müasirləşdirilməsi, eyni zamanda, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin ən muasir avadanlıqlarla təchiz edilməsi və digər tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulur.
Görüşdə hər iki tərəf layihənin uğurla həyata keçiriləcəyinə və onun Azərbaycanda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsinə çox dəyərli töhfə olacağına ümid etdiklərini bildirmişdir.



Ədliyyə Nazirliyinin Mətbuat xidməti

22/05/2006
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003