azerbaijani english








RƏSMİ XRONİKA


ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ



Ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı cənab Antonio Quterreş avqustun 16-da Ədliyyə Nazirliyində olmuşdur.
BMT ilə səmərəli əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan ədliyyə nazirinin müavini Toğrul Musayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkün düşmüş insanların problemlərinin həllində səylərə görə qonağa təşəkkür edərək, bu sahədə Azərbaycan Respublikası Hökuməti tərəfindən görülən zəruri tədbirləri, BMT-nin Qaçqınların statusuna dair Konvensiyasının və ona əlavə edilmiş Protokolun tətbiqinə dair mükəmməl normativ-hüquqi bazanın yaradılması, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına əsasən onlar üçün müəyyən güzəştlərin və təminatların qanunvericilikdə nəzərdə tutulduğunu, həmçinin aztəminatlı ailələrə pulsuz hüquqi xidmətin göstərilməsini diqqətə çatdırmışdır.
Ölkəmizdə insan hüquqlarının, o cümlədən qaçqın və məcburi köçkünlərin hüquqlarının etibarlı təmin edilməsindən danışılaraq, ölkə Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanına əsasən məhkəmə sisteminin möhkəmləndirilməsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı görülən işlər, ədliyyə fəaliyyəti və bu sahədə aparılan islahatlar, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi ilə davamlı əməkdaşlıq haqqında ətraflı məlumat verilmişdir.
Cənab Quterreş qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması, o cümlədən onların yeni qəsəbələrdə məskunlaşdırılması və hüquqlarının təmin olunması istiqamətində Azərbaycan Hökumətinin gördüyü işləri yüksək qiymətləndirmiş, bütövlükdə həmin şəxslərin öz torpaqlarına qayıdışı planının hazırlanması işinin təşkil edilməsinin vacib olduğunu qeyd etmiş və ölkəmiz ilə rəhbərlik etdiyi qurum arasında əməkdaşlığın bundan sonra da inkişafına əminliyini bildirmişdir.
Qonaq, həmçinin insan hüquqlarının etibarlı qorunmasına xidmət edən məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi və təkmilləşdirilməsi üzrə Azərbaycanda görülən işlərin əhəmiyyətini xüsusi vurğulamışdır.
Görüşdə BMT-nin Ali Komissarını maraqlandıran digər məsələlər barədə də ətraflı müzakirələr və fikir mübadiləsi aparılmışdır.
Müzakirələrdə BMT-nin Ali Komissarlığının Avropa Bürosunun direktoru xanım Pirkko Kourula, Azərbaycan Respublikasının BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, ölkəmizin İsveçrədəki Fövqəladə və Səlahiyyətli səfiri Elçin Əmirbəyov və ədliyyə nazirinin müavini Vilayət Zahirov iştirak etmişlər.
Tədbirdən sonra qonaq Nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.


17/08/2006
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003