|
ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov oktyabrın 2-də ölkəmizə səfər gəlmiş Böyük Britaniya Lordlar Palatasının üzvü, tanınmış ictimai xadim Baronessa Vivyen Sterni qəbul etmişdir.
Dövlətlərimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan nazir, Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin sayına (743) görə Böyük Britaniyanın Türkiyədən sonra ikinci yerdə olduğunu məmnunluqla qeyd etmişdir. Fikrət Məmmədov ölkəmizdə aparılan mütərəqqi islahatlar, insan hüquqlarının təmin edilməsi və penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işlərdən söhbət açmışdır. O, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən kompleks tədbirlərdən danışmış, hakimliyə namizədlərlə oktyabrın 1-də ən müasir və şəffaf üsullarla keçirilmiş imtahan barədə xəbər verərək, bu prosesi bütün beynəlxalq və yerli müşahidəçilərin çox yüksək qiymətləndirdiyini diqqətə çatdırmışdır.
Dünyada cəzaçəkmə sistemi və onun tədqiqi ilə məşğul olan, bu sahədə çoxlu araşdırmaların, kitabların müəllifi Xanım Stern ölkəmiz haqqında kifayət qədər məlumatlı olduğunu vurğulamış, Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev tərəfindən çox geniş demokratik islahatlar aparılmasını, xüsusilə ölüm cəzasının ləğv edilməsini yüksək qiymətləndirmişdir. O, bir çox dövlətlərdə penitensiar sistemin Ədliyyə Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı indiyədək müzakirələr aparıldığını qeyd edərək, Azərbaycanın hələ 1993-cü ildə belə bir mütərəqqi addım atdığını və bu sahədə ciddi irləliləyişlərə nail olduğunu bildirmişdir.
Baronessa Stern, həmçinin, Avropa Şurasının və digər beynəlxalq təşkilatların ölkəmizin penitensiar sistemi haqqında müsbət rəyləri ilə tanış olduğunu vurğulamış, bu sahədə aparılan kadr islahatlarını və tətbiq edilən ictimai nəzarəti, məhkumların ailələrinə yaxınlaşdırılması üçün regionlarda cəzaçəkmə müəssisələrinin inşasını, mövcud problemlərin böyük operativliklə aradan qaldırılmasını razılıqla qeyd edərək, məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən tədbirlərin və həyata keçirilən digər islahatların geniş miqyasının heyrət doğurduğunu bildirmişdir.
Görüşdə penitensiar sistemdə islahatlar üzrə konkret əməkdaşlıq məsələləri müzakirə edilmiş, qonağı maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Səfər proqramına Baronessa Sternin Penitensiar sistemin müəssisələrinə baş çəkməsi, Tədris Mərkəzinin əməkdaşları qarşısında çıxışı, məhkumlara göstərilən tibbi xidmətlə bağlı dəyirmi masada iştirakı, hakimlərlə və bir sıra digər görüşləri daxildir.
02/10/2006
|
|
|
|
 |
|
|
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003 |
|
|