|
ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün ölkəmizə gəlmiş Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin geniş tərkibli nümayəndə heyəti Ədliyyə Nazirliyində olmuşdur.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə seçkilərin demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradıldığını vurğulayaraq, Ədliyyə Nazirliyi tərəfindən bələdiyyə üzvlüyünə namizədlərin hüquqi maarifləndirilməsi, onlara hüquqi yardım göstərilməsi, vətəndaşların seçki hüquqlarının izahı istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini bildirmişdir. O, həmçinin Prezident Aparatının müvafiq şöbəsinin təşkilatçılığı, Mərkəzi Seçki Komissiyası, Ombudsman Aparatı və Ədliyyə Nazirliyinin birgə iştirakı ilə ölkəmizin bir çox regionlarında Cəmiyyətin demokratikləşməsi prosesində yerli özünüidarəetmə orqanlarının rolu mövzusunda seminar-müşavirələrin keçirildiyini diqqətə çatdırmışdır.
Eyni zamanda, ölkəmizdə yerli demokratiyanın inkişafı üzrə Avropa Şurası ilə əməkdaşlığın əhəmiyyəti vurğulanaraq, qeyd olunmuşdur ki, bu ilin iyun ayında ədliyyə naziri Fikrət Məmmədovun Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin ümumi sessiyasında iştirakı və çıxışı, Konqresin yeni prezidenti H.Skardın ilk səfərini məhz Azərbaycana etməsi, digər qarşılıqlı səfərlər, faydalı danışıqlar bu əməkdaşlığın intensivliyini və səmərəliliyini təsdiq edir. Həmçinin, ölkəmizdə yerli özünüidarənin təkmilləşdirilməsi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, bələdiyyə assosiasiyalarının yaradılması üzrə görülən işlər barədə qonaqlara geniş məlumat verilmişdir.
Tədbirin sonunda qonaqlar ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşlər. Nazir Azərbaycana göstərilən diqqətə görə təşəkkür edərək, nümayəndə heyətinə bu mühüm missiyanın həyata keçirilməsində uğurlar arzulamışdır.
Nümayəndə heyətinin rəhbəri, Konqresin vitse-prezidenti xanım Lüdmila Friloaqa Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığını yüksək qiymətləndirmiş, verilən ətraflı məlumatlara və faydalı fikir mübadiləsinə görə minnətdarlığını bildirmişdir.
Tədbirdən sonra qonaqlar Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.
04/10/2006
|
|
|
|
 |
|
|
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003 |
|
|