|
ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Ədliyyə naziri Fikrət Məmmədov Ukraynanın ölkəmizdəki səfiri Stepan Volkovetskini qəbul etmişdir.
Azərbaycanla Ukraynanı tarixən bağlayan möhkəm dostluq əlaqələrinin müstəqillik illərində uğurla inkişaf etdiyini bildirən nazir, bu sahədə dövlət başçılarının xüsusi rolunu qeyd etmiş, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya və Prezident Viktor Yuşşenkonun ötən ay Azərbaycana səfərlərinin əhəmiyyətini xüsusi vurğulamışdır. Qeyd olunmuşdur ki, ölkələrimiz arasında mövcud olan zəngin müqavilə-hüquq bazası əsasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə səmərəli əməkdaşlıq həyata keçirilir. Belə əməkdaşlığın əyani ifadəsi olaraq Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin sayına görə Ukraynanın öncüllər sırasında olduğu diqqətə çatdırılmışdır. Nazir hüquqi əməkdaşlıq məsələsinə toxunaraq, bu sahədə qarşılıqlı fəaliyyətin həm ikitərəfli, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirildiyini bildirmiş, Ukrayna ədliyyə nazirinin 2002-ci ildə Bakıya səfəri zamanı imzalanmış Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Sazişə əsasən görülən tədbirlərin, təcrübə mübadiləsinin əhəmiyyətini qeyd etmişdir.
Hər iki ölkənin ənənəvi dostluq münasibətlərinin xalqlarımızın maraqlarına xidmət etdiyini vurğulayan səfir, hüquq-mühafizə orqanları arasında əlaqələrin mühüm rolunu qeyd edərək, faydalı əməkdaşlığa görə Ədliyyə Nazirliyinə minnətdarlığını bildirmişdir.
Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri, ədliyyə işçilərinin qarşılıqlı səfərləri ilə bağlı məsələlər müzakirə edilmiş, iki dövlət arasında hazırlanan müqavilə layihələri, həmçinin qarşılıqlı hüquqi yardım, məhkəmə qərarlarının icrası və digər mövzular üzrə faydalı fikir mübadiləsi aparılmış, qonağı maraqlandıran suallara aydınlıq gətirilmişdir.
09/10/2006
|
|
|
|
 |
|
|
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003 |
|
|