azerbaijani english








RƏSMİ XRONİKA


AZƏRBAYCAN-BELARUS ƏLAQƏLƏRİ GENİŞLƏNİR



Ədliyyə naziri Fikrət Məmmədov Belarus Respublikasının ölkəmizdəki səfiri Nikolay Patskeviç ilə görüşmüşdür.
Ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin daha da genişləndirilməsi üzrə son dövrdə mühüm addımlar atılmasını, o cümlədən Bakıda və Minskdə səfirliklərimizin fəaliyyətə başlamasını razılıqla vurğulayan nazir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Belarusa bu yaxınlarda gözlənilən ilk rəsmi səfərinin qarşılıqlı münasibətlərin inkişafına və dərinləşməsinə böyük təkan verəcəyini xüsusi qeyd etmişdir. O, Azərbaycanda ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən əsaslı tədbirlərdən danışaraq, hüquqi sahədə əməkdaşlıq üçün Ədliyyə nazirlikləri arasında mövcud olan Sazişin zəruri imkanlar yaratdığını bildirmişdir.
Sürətli inkişaf dövrünü yaşayan Azərbaycanın qazandığı uğurlarla böyük rəğbət doğurduğunu vurğulayan səfir, Belarusun ölkəmizlə hərtərəfli, xüsusilə iqtisadi əlaqələrin genişləndirilməsinə maraq göstərdiyini və bununla bağlı konkret təkliflərin olduğunu bildirmişdir. Cənab Patskeviç ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyi, milli və dini tolerantlığı çox yüksək qiymətləndirərək, bu sahədə Azərbaycanın digər dövlətlərə nümunə olduğunu xüsusi qeyd etmişdir.
Görüşdə hüquqi əməkdaşlığın genişləndirilməsi perspektivləri, təcrübə mübadiləsi, qarşılıqlı hüquqi yardım məsələləri müzakirə edilmiş, digər konkret mövzular üzrə faydalı fikir mübadiləsi aparılmışdır.



11/10/2006
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003