|
AZƏRBAYCANIN ƏDLİYYƏ NAZİRİ BEYNƏLXALQ ANTİKORRUPSİYA TƏŞKİLATININ VİTSE-PREZİDENTİ SEÇİLMİŞDİR
|  |
| Azərbaycanın Ədliyyə naziri tədbirin Rəyasət Heyətində |
Bütün bəşəriyyəti narahat edən korrupsiyanın transmilli xarakter daşıması nəzərə alınaraq, bu böyük sosial bəlaya qarşı mübarizədə benəlxalq əməkdaşlığın səmərəliliyini artırmaq üçün BMT-nin Korrupsiyaya qarşı Konvensiyası qəbul edilmiş, ölkəmiz 2005-ci ildə həmin Konvensiyaya qoşulmuşdur.
Bu sahədə beynəlxalq səylərin birləşdirilməsi, korrupsiyaya qarşı dünyada mübarizə aparan bütün qurumların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Çin Xalq Respublikasının təşəbbüsü və BMT-nin dəstəyi ilə nüfuzlu bir təşkilatın - Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının yaradılması qərara alınmışdır. Azərbaycan Respublikası korrupsiya ilə mübarizəyə mühüm önəm verərək, həmin qurumun təşkilatçılarından biri kimi çıxış etmişdir.
Ölkəmiz təsis Konfransının hazırlığında və təşkilati məsələlərin həyata keçirilməsində fəal iştirak etmiş, o cümlədən dünya ictimaiyyətinin yeni qurum barədə geniş məlumatlandırılması üçün tədbirlər görülmüş, sənədlərin işlənilməsinə dəyərli töhfələr verilmişdir. Eyni zamanda, korrupsiyanın qarşısının alınmasına dair milli qanunvericiliyimiz və bu bəla ilə mübarizəni aparan orqanlar barədə məlumatlar ingilis dilinə tərcümə edilərək, təşkilatçılara təqdim olunmuşdur.
Bu il oktyabrın 22-26-da Pekin şəhərində Assosiasiyanın birinci konfransı və Ümumi yığıncağı keçirilmişdir.
Dünyanın 137 ölkəsindən 1000-ə yaxın nümayəndənin, o cümlədən ədliyyə və daxili işlər nazirləri, baş prokurorlar, digər hökumət üzvləri və nüfuzlu beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxslərinin iştirak etdiyi bu mötəbər tədbirdə Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə Ədliyyə Nazirliyinin, Baş prokurorluğun və Daxili İşlər Nazirliyinin məsul vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti təmsil etmişdir.
Yaradılan təşkilatın böyük əhəmiyyəti nəzərə alınaraq, konfransın açılış mərasimində Çin Xalq Respublikasının başçısı Xu Tzintao və BMT baş katibinin müavini, təşkilatın Vyana qərargahının rəhbəri Antonio Maria Kosta çıxış etmişlər.
Konfransın ilk iclasında əsas məruzəçi kimi Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək, (video ) ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər, mütərəqqi islahatlar və həyata keçirilən tədbirlərin konkret nəticələri barədə ətraflı məlumat vermişdir.
Çıxışda qonşu Ermənistanın hərbi təcavüzü və onun nəticəsində torpaqlarımızın beşdə birinin işğal olunması və 1 milyon soydaşımızın qaçqın və köçkün vəziyyətinə düşməsi faktı tədbir iştirakçılarının xüsusi diqqətinə çatdırılmışdır. Belə mötəbər tribunadan tədbirin açılışındaca Azərbaycan həqiqətlərinin səslənməsi erməni nümayəndə heyətinin təşvişinə və böyük narahatçılığına səbəb olmuşdur.
 |
Azərbaycanın sənədləri böyük marağa səbəb olmuşdur |
Azərbaycan ədliyyə nazirinin məruzəsi böyük maraqla qarşılanmış, onun çıxışının ingilis və rus dillərində mətni, xüsusi hazırlanmış digər sənədlər bütün iştirakçılar arasında yayılmışdır.
Tədbir plenar sessiyalarda və işçi qruplarda davam etdirilmişdir. BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının implementasiyasının müxtəlif aspektləri müzakirə olunmuş, qarşılıqlı əməkdaşlıq məsələləri ilə bağlı geniş və səmərəli fikir mübadiləsi aparılmışdır.
Tədbirin yekun sənədinin hazırlanmasında Azərbaycan nümayəndə heyətinin rəhbəri yaxından iştirak etmiş, ölkəmizin mövqeyini əks etdirən mühüm təkliflər verilmiş və qəbul olunmuşdur.
Ümumi yığıncaqda Assosiasiyanın rəhbər orqanları formalaşmış, təşkilatçı dövlət olan Çinin Baş prokuroru Tzya Çunvan Assosiasiyanın prezidenti, ölkəmizin ədliyyə naziri Fikrət Məmmədov vitse-prezidenti seçilmişdir. Dövlətimizin belə mötəbər qurumun rəhbərliyində təmsil olunması ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin növbəti uğuru olaraq, Azərbaycanın beynəlxalq nüfuzunun artmasını və müsbət imicinin möhkəmlənməsini bir daha təsdiq edir.
Tədbirdə Çin Xalq Respublikasının ali rəhbərləri seçilmiş şəxslərlə görüşmüş və onlarla xatirə şəkli çəkdirmişlər.
 |
| Nümayəndə heyətləri başçılarının Çinin ali rəhbərləri ilə xatirə şəkli |
Səfər çərçivəsində bir çox dövlətlərin hökumət üzvləri, hüquq-mühafizə orqanlarının rəhbər işçiləri ilə görüşlər keçirilmiş, faydalı danışıqlar aparılmış, hüquqi sahədə əməkdaşlığa dair məsələlər müzakirə edilmişdir.
|  |
Tədbirin Təşkilat Komitəsi üzvlərinin iclasında
| Azərbaycanın nümayəndə heyəti |
30/10/2006
|
|
|
|
 |
|
|
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003 |
|
|