azerbaijani english








RƏSMİ XRONİKA


HƏMMƏRUZƏÇİLƏR ƏDLİYYƏ VƏ MƏHKƏMƏ FƏALİYYƏTİ İLƏ TANIŞ OLMUŞLAR



Ölkəmizdə səfərdə olan Avropa Şurası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Toni Lloyd və Andres Herkel noyabrın 1-də ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşlər.
Avropa Şurası ilə hərtərəfli əməkdaşlığa xüsusi önəm verən Azərbaycanda aparılan mütərəqqi islahatlardan, vətəndaş cəmiyyətinin inkişafına, insan hüquqlarının, söz və məlumat azadlığının təmin edilməsinə yönəlmiş konkret tədbirlərdən danışan nazir, məhkəmə və ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən penitensiar sistemin işinin müasir tələblərə uyğun yaxşılaşdırılması üzrə görülən işləri qeyd edərək, bu sahədə şəffaflığın gücləndirilməsi məqsədilə yaradılmış İctimai Komitə barədə ətraflı məlumat vermişdir.
Ölkəmizin Avropa Şurası ilə əməkdaşlığını müsbət qiymətləndirən qonaqlar, məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin müstəqilliyinin təmin edilməsi ilə bağlı görülən işlərdən razı qaldıqlarını bildirmiş, hakimliyə namizədlərin seçiminin demokratik və şəffaf üsullarla aparılmasını, onların tədrsinin səmərəli təşkilini yüksək qiymətləndirmiş və bu tədbirlərin müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsinə xidmət etdiyini xüsusi vurğulamışlar. Onlar ümumbəşəri sosial bəla olan korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edərək, ötən həftə Pekin şəhərində keçirilmiş Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının təsis konfransında bu mötəbər təşkilatın vitse-prezidenti seçilməsi münasibətilə ədliyyə naziri Fikrət Məmmədovu təbrik etmişlər.
Görüşdə hakimlərin tədrisi, vəkillik fəaliyyəti, söz azadlığının təmin edilməsi, məhkumların hüquqlarının qorunması və digər məsələlər üzrə ətraflı və faydalı fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallara tam aydınlıq gətirilmişdir.
Sonra həmməruzəçilərin Məhkəmə-Hüquq Şurasının üzvləri ilə görüşü olmuş, qurumun fəaliyyəti, Avropa Şurası ilə əməkdaşlığın nəticələri və perspektivləri barədə onlara geniş məlumat verilmişdir.
Elə həmin gün qonaqlar bir sıra cəzaçəkmə müəssisələrinə baş çəkmişlər.



01/11/2006
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003