azerbaijani english








RƏSMİ XRONİKA


ÖLKƏMİZ AVROPA ƏDLİYYƏ VƏ DAXİLİ İŞLƏR NAZİRLƏRİNİN KONFRANSINDA YÜKSƏK SƏVİYYƏDƏ TƏMSİL OLUNMUŞDUR



Xəbər verildiyi kimi, Avropa Şurasının Nazirlər Komitəsində Rusiya Federasiyasının sədrliyi çərçivəsində bu il noyabrın 9-10-da Moskva şəhərində Avropa ədliyyə və daxili işlər nazirlərinin Cinayət-hüquqi sahədə Avropa əməkdaşlığının təkmilləşdirilməsi mövzusunda konfransı keçirilmişdir.
Rusiya hökumətinin Avropa Şurası ilə birgə təşkil etdiyi və 50-dək ölkənin hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən bu mötəbər tədbirdə Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədov, daxili işlər naziri Ramil Usubov, Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri N. Səfərov, Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin rəisi A.Cəfərov, Baş prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi R.Hacıyev, DİN Beynəlxalq əməkdaşlıq idarəsinin rəis müavini V.Cumazadənin daxil olduğu nümayəndə heyəti təmsil etmişdir.
Tədbirin açılışında Rusiya prezidenti Vladimir Putinin iştirakçılara təbriki oxunmuşdur.
Konfransda Rusiyanın Baş prokuroru Yuri Çayka və Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov ekstradisiya və hüquqi yardım üzrə Avropa mexanizmlərinin təkmilləşdirilməsi mövzusunda əsas məruzələrlə çıxış etmişlər.
46 iştirakçı dövlətin adından çıxış edən ədliyyə nazirimiz məruzəsində cinayətkarlıqla mübarizədə qarşılıqlı hüquqi yardımın və ekstradisiyanın rolunu vurğulamış, müvafiq beynəlxalq sənədlərdən səmərəli istifadə olunması, cinayətlərin açılması və cinayətkarların layiq olduqları cəzanı alması üçün beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir. Eyni zamanda, bu sahədə əməkdaşlığı tənzimləyən 50 il əvvəl qəbul edilmiş konvensiyaların bir çox müddəalarının müasir tələblərə cavab verməməsini konkret misallarla nümayiş etdirərək, onların təkmilləşdirilməsi, mövcud mexanizmlərin sadələşdirilməsi, yaranmış qabaqcıl dünya təcrübəsindən bəhrələnməyin zəruriliyini qeyd etmiş və bununla bağlı bir sıra mühüm təkliflər irəli sürmüşdür.
Nazir məruzəsində erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunmasını yüksək səviyyəli konfrans iştirakçılarının diqqətinə çatdıraraq, nəzarətsiz qalmış ərazilərdə mütəşəkkil cinayətkarlığın tüğyan etməsi, silahların və narkotiklərin qanunsuz dövriyyəsi, təhlükəli cinayətkarların gizlənməsi üçün münbit şərait yarandığını vurğulamışdır.
Böyük maraqla dinlənilən məruzə ətrafında müzakirələrdə çıxış edənlər Azərbaycan tərəfinin təkliflərinin aktual və dəyərli olduğunu bildirmiş, ölkəmizi Avropa hüquq məkanında etibarlı tərəfdaş kimi qiymətləndirərək, onun üzv dövlətlərlə fəal əməkdaşlığını nümunə kimi qeyd etmişlər.
Məruzənin ingilis və rus dillərində mətni, hüquqi yardım və ekstradisiyaya dair ölkəmizin qanunları iştirakçılar arasında yayılmışdır.
İclasda Azərbaycanın ədliyyə nazirinə tədbir iştirakçıları adından Avropa Şurasının Hüquqi işlər üzrə Baş direktoru Gi De Velin fəaliyyətini başa vurması ilə bağlı çıxış etmək həvalə olunmuş və Fikrət Məmmədov Avropa Şurası kimi mötəbər qurumun səmərəli fəaliyyətində onun xidmətlərini qeyd edərək, Azərbaycanda məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində yaxından iştirakına görə cənab Gi De Velə təşəkkürünü bildirmişdir.
Noyabrın 10-da Azərbaycan nümayəndə heyətinin üzvləri Rusiyada Milis günü münasibətilə keçirilən tədbirlərdə iştirak etmişlər.
Səfər çərçivəsində bir çox dövlətlərin nazirləri ilə görüşlər keçirilmiş, əməkdaşlığa dair məsələlər müzakirə edilmişdir.



14/11/2006
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003