ÖLKƏMİZİN BEYNƏLXALQ NOTARİAT İTTİFAQI İLƏ ƏMƏKDAŞLIĞI MÖHKƏMLƏNİR
2006-cı ilin 5-10 noyabr tarixlərində Uruqvayın Punta del Este şəhərində 75 dövlətin notariat qurumlarını birləşdirən Beynəlxalq Notariat İttifaqı üzvlərinin Assambleyasının və onun İcraiyyə Komitəsinin iclası keçirilmişdir.
Azərbaycanın ilk dəfə iştirak etdiyi bu nüfuzlu beynəlxalq qurumun tədbirində ölkəmizi respublika ədliyyə nazirinin müavini Toğrul Musayevin başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir.
Assambleyanın açılış mərasimində Uruqvay dövlətinin vitse-prezidenti cənab Rodolfo Nin Novoa və Dünya Bankının vitse-prezidenti xanım Anna Palasiyo iştirak etmişlər.
Assambleyanın iclasında İttifaqın üzv ölkələrinin notariat orqanlarının fəaliyyəti barədə təqdim etdikləri hesabatlar, habelə daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ipoteka müqavilələrinin rəsmiləşdirilməsi kimi aktual məsələlər müzakirə olunmuş, tədbirdə Azərbaycanın iştirakı xüsusi vurğulanmışdır.
İttifaqın İcraiyyə Komitəsinin Beynəlxalq Əlaqələr üzrə Komissiyasında Azərbaycanda uğurla həyata keçirilən hüquq islahatları çərçivəsində notariat fəaliyyətinin təşkili və bu sahədə işin daha da təkmilləşdirilməsi, mövcud qanunvericilik və xüsusi notariat institutunun tətbiqi məsələləri barədə nümayəndə heyətinin geniş məlumatı dinlənilmiş, iştirakçıların çoxsaylı sualları ətraflı cavablandırılmış, ölkəmizdə ədliyyənin inkişafı üzrə görülən tədbirlər rəğbətlə qarşılanmışdır.
Beynəlxalq Notariat İttifaqının prezidenti cənab Ciankarlo Laurini ilə keçirilmiş görüş zamanı ölkəmizin bu quruma üzv qəbul olunmasına dair təklif irəli sürülmüş, ikitərəfli münasibətlərin genişləndirilməsi məqsədilə əlaqələndirici şəxs təyin olunmuş və İttifaq rəsmilərinin Azərbaycan Respublikasına işgüzar səfəri planlaşdırılmışdır.
Səfər çərçivəsində bir sıra ölkələrin notariat qurumlarının, o cümlədən Uruqvay Notariuslar Assosiasiyasının rəhbərləri ilə görüşlər keçirilmiş, əməkdaşlığa dair məsələlər müzakirə olunmuşdur.
15/11/2006
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003