|
ƏDLİYYƏ İŞÇİLƏRİ PEŞƏ BAYRAMLARINI QEYD ETMİŞLƏR
Noyabrın 22-də peşə bayramlarını qeyd edən ədliyyə işçiləri üçün bu il xüsusilə əlamətdar olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında yeni Əsasnamə təsdiq edilmiş, dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında Ədliyyə orqanlarında qulluq keçmə haqqında Qanun qəbul olunmuşdur. Həmçinin, ölkə Prezidenti tərəfindən məhkəmə sisteminin müasirləşdirilməsinə və ədliyyə oqanlarının inkişafına dair xüsusi fərmanlar imzalanmış və Nazirliyin yeni strukturu təsdiq edilmişdir.
Noyabrın 22-də ədliyyə işçiləri, hakimlər müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etmiş, ulu öndərimizə əbədi ehtiramlarını bildirmiş, Şəhidlər xiyabanına gedərək, müstəqilliyimiz və Vətənimizin müdafiəsi uğrunda canından keçmiş övladlarımızın əziz xatirəsini yad etmişlər.
Rəsmi tədbirdən əvvəl iştirakçılar əbədiyaşar liderimizin Ədliyyə Nazirliyindəki büstü önünə əklil qoymuşlar.
Peşə bayramı münasibətilə keçirilən təntənəli yığıncaqda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan geniş quruculuq işlərindən, əldə olunan nailiyyətlərdən və dövlət başçımızın ədliyyə orqanları qarşısında qoyduğu mühüm vəzifələrin icrası sahəsində görülən işlərdən danışmışdır. Bu ilki bayramın xüsusi ruh yüksəkliyi ilə qeyd edildiyini vurğulayan Nazir bütün ədliyyə sistemi üçün müstəsna tarixi əhəmiyətə malik olan sənədlərin qəbul edilməsinin ədliyyə işçilərini qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının qorunması işinə daha səmərəli xidmətə səfərbər etdiyini bildirmişdir. O, bayram ərəfəsində ölkə Prezidentinin bir qrup ədliyyə işçisini və hakimləri dövlət təltiflərinə, fəxri adlara layiq bilməsini və ali xüsusi rütbələr verməsini dövlət başçısı tərəfindən ədliyyə və məhkəmə fəaliyyətinə göstərilən diqqət və qayğının növbəti təzahürü olduğunu xüsusi vurğulamış, əlamətdar bayram münasibətilə bütün ədliyyə işçilərini təbrik etmişdir.
Təntənəli yığıncaqda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev ölkə Prezidentinin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərdən danışmış, ədliyyə işçilərini və hakimləri təbrik etmişdir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif olunanlar çıxış edərək, ölkə rəhbərinin ədliyyə və məhkəmə fəaliyyətinə verdiyi yüksək qiymətə görə dərin təşəkkürlərini bildirmişlər.
Ədliyyə nazirinin əmrinə əsasən bir sıra işçilərə ilkin və yüksək rütbələr, fərqlənmiş əməkdaşlara mükafatlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Çıxış edən ədliyyə işçiləri, gənc mütəxəssislər öz fəaliyyətlərini ölkə Prezidentinin yüksək tələbləri səviyyəsində quraraq, ümummilli liderimizin müəyyən etdiyi xəttin həyata keçirilməsində və ölkəmizin hərtərəfli tərəqqisində dövlət başçısına bundan sonra da layiqli yardımçı olacaqlarını bildirmişlər.
Bayram münasibətilə digər ölkələrin ədliyyə nazirlərinin və beynəlxalq təşkilatların təbrikləri səslənmişdir.
Tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Baş prokuror Zakir Qaralov və digər qonaqlar iştirak etmişlər.
Yığıncaqda Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul edilmişdir.
22/11/2006
|
|
|
|
 |
|
|
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003 |
|
|