|
BAKIDA MƏHKƏMƏ QƏRARLARININ İCRASI ÜZRƏ
BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
Noyabrın 29-da Avropa mehmanxanasında məhkəmə qərarlarının icrası üzrə qanunun aliliyinə dair standartlar və imkanlar mövzusunda beynəlxalq konfrans işə başlamışdır.
Ölkəmizdə Məhkəmə icraçıları xidmətinə dəstək üzrə həyata keçirilən Avropa İttifaqının TACİS proqramının xüsusi Layihəsi çərçivəsində Azərbaycanın Ədliyyə Nazirliyi ilə birgə təşkil olunan bu tədbirdə Məhkəmə İcraçıları Beynəlxalq İttifaqının prezidenti Jak İsnard, Fransa Məhkəmə İcraçıları Milli Palatasının prezidenti Pol Roşard, Fransa Milli Prosedurlar Məktəbinin prezidenti professor Abel Didye Pansard, Qazaxıstan Respublikası Ali Məhkəməsinin sədr müavini İrak Yelekeyev və digər xarici dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, hakimlər, məhkəmə icraçıları və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər.
Konfransda giriş sözü ilə çıxış edən Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılmış köklü demokratik islahatlar barədə məlumat vermiş, bu gün intibah dövrünü yaşayan müstəqil dövlətimizin böyük uğurlarını konkret faktlarla diqqətə çatdırmışdır.
Məhkəmə-hüquq sahəsində aparılan islahatlara toxunan ədliyyə naziri ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə məhkəmə sisteminin müasirləşdirilməsi üzrə Avropa Şurası ilə birgə görülən genişmiqyaslı işlərdən danışmış, ədalət mühakiməsinin səmərəliliyində, insan hüquqlarının real təmin olunmasında məhkəmə qərarlarının vaxtında və düzgün icrasının müstəsna əhəmiyyətini vurğulamışdır. O, son dövrlərdə Məhkəmə icraçıları xidmətinə il ərzində daxil olan icra sənədlərinin sayının bir neçə dəfə artaraq 50 minə çatdığını qeyd etmiş, həyata keçirilmiş tədbirlər nəticəsində onların təxminən 90%-ə qədərinin icrasının təmin olunduğunu bildirmişdir. Müsbət hal kimi qeyd olunmuşdur ki, icra işlərinin sayının belə kəskin artması ölkəmizdə vətəndaşların məhkəmələrə inamının güclənməsi nəticəsində müraciətlərin, baxılan mülki və iqtisadi işlərin sayının 3 dəfə çoxalması, eyni zamanda, qaldırılan iddiaların böyük əksəriyyətinin təmin edilməsi ilə bağlıdır.
Bununla yanaşı, bu sahədə mövcud problemlərin və nöqsanların aradan qaldırılması üzrə görülən qəti, o cümlədən təşkilati tədbirlər barədə də məlumat verilmişdir.
Tədbirdə fəaliyyətin təkmilləşdirilməsi üçün qabaqcıl xarici təcrübənin öyrənilməsi zəruriliyi qeyd edilərək, bu mühüm işdə ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlarla davamlı əməkdaşlığı və Avropa Komissiyasının TACİS proqramı çərçivəsində iki il ərzində həyata keçirilən Layihənin xüsusi səmərəsi qeyd edilmişdir.
Məhkəmə nəzarətçiləri və məhkəmə icraçılarının peşəkarlıq səviyyəsinin artmasında, beynəlxalq təcrübəyə yiyələnməsində Layihənin mühüm rolu olmuşdur. Bakıda və Azərbaycanın digər bölgələrində təlim kursları keçirilmiş, qabaqcıl Avropa ölkələrinə tədris səfərləri təşkil edilərək, mütərəqqi iş üsulları və müasir informasiya texnologiyaları ilə tanışlıq imkanları yaradılmışdır. Layihə çərçivəsində Xidmətin bütün yerli qurumları kompüter avadanlığı ilə təchiz edilmiş və elektron məlumat Mərkəzinin yaradılmasına başlanılmış, Avropa ekspertlərinin iştirakı ilə ölkəmizdə ilk dəfə olaraq mühüm əhəmiyyət kəsb edən İcra Məcəlləsinin layihəsi hazırlanmışdır.
İki gün davam edəcək konfransda Fransa, Belçika, Bolqarıstan, Rumıniya, Qazaxıstan və Gürcüstanın, Avropa Komissiyası və Avropa Şurası nümayəndələrinin çıxışları, səmərəli məhkəmə icrası mövzusunda dəyirmi masa keçirilməsi, məhkəmə icraçılarının statusu, ədalət mühakiməsinin səmərəliliyndə hakimlərin, vəkillərin və icra məmurlarının rolu və digər məsələlər ətrafında müzakirələr, icra işinin səmərəliliyinin artırılması məqsədilə geniş təcrübə mübadiləsi aparılması nəzərdə tutulur.
Hörmətli konfrans iştirakçıları!
Xanımlar və cənablar!
"Azərbaycanda məhkəmə qərarlarının icrası - Qanunun Aliliyinə dair standartlar və imkanlar" mövzusuna həsr olunmuş beynəlxalq konfransı açıq elan edərək, onun işinə uğurlar arzulayıram.
Böyük məmnuniyyətlə Konfransda iştirak edən hörmətli qonaqlarımızı - Məhkəmə İcraçıları Beynəlxalq İttifaqının prezidenti cənab Jak İsnard, Fransa Məhkəmə İcraçılarının Milli Palatasının prezidenti cənab Pol Roşard, Fransa Milli Prosedurlar Məktəbinin prezidenti professor Abel Didye Pansard, Qazaxıstan Respublikası Ali Məhkəməsinin sədr müavini cənab İrak Yelekeyev, Avropa Evinin koordinatoru Volfqanq Spurer, Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası və Avropa Hakimlərinin Məşvərət Şurasının həmkatibi xanım Müriel Dekot, TACİS proqramının reallaşmasında böyük zəhmətləri olan cənab Bernar Menü və cənab Marko Korsini, eləcə də Belçika, Bolqarıstan, Rumıniya və Gürcüstandan olan həmkarlarımızı salamlayıram.
Hörmətli tədbir iştirakçıları!
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində köklü demokratik islahatlar həyata keçirilmiş, bazar iqtisadiyyatı bərqərar olunmuş, azad sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılmışdır. Milli qanunvericiliyimiz təkmilləşdirilmiş, 2 minə qədər yeni mütərəqqi qanun və 5.5 min digər normativ-hüquqi akt qəbul edilmiş, ölkəmiz 300-ə yaxın, o cümlədən, insan hüquqları ilə bağlı bütün əsas beynəlxalq konvensiyalara qoşulmuş, hüquq sistemində əsaslı dəyişikliklər aparılmış, üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır.
Bu gün həyatın bütün sahələrində intibah dövrünü yaşayan müstəqil Azərbaycan Respublikası iqtisadi artım sürətinə görə lider ölkəyə çevrilmişdir. Hazırda Azərbaycanda ümumi daxili məhsulun artımı dünyada ən yüksək göstəricidir. Ötən il bu rəqəm 26 faiz təşkil etmiş, bu il isə artıq 34 faizi keçmişdir. Son üç ildə Dövlət büdcəmiz 3 dəfə, 2001-ci illə müqayisədə isə 6 dəfədən çox artmışdır. Azərbaycanda uğurla həyata keçirilən dünya miqyaslı layihələr, daxili sabitlik və vətəndaş həmrəyliyi beynəlxalq maliyyə qurumlarının, xarici şirkətlərin ölkəmizə marağını və inamını hədsiz dərəcədə artırmışdır. İqtisadiyyatımıza 20 milyard dollardan çox sərmayə qoyulması da bu inamın real ifadəsidir. Son 3 il ərzində 500 minə yaxın yeni iş yeri açılmışdır. Təkcə ötən bir il ərzində yoxsulluq şəraitində yaşayanların sayı 20 faiz aşağı düşmüşdür.
Qeyd olunmalıdır ki, ölkəmizdə belə uğurlu nəticələr verən köklü islahatlar Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü, ərazilərimizin 20%-nin işğal edildiyi, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü bir şəraitdə həyata keçirilmişdir.
Ölkəmiz inkişaf etdikcə, yeni iqtisadi münasibətlər formalaşdıqca hüquq sisteminin də təkmilləşdirilməsi zərurəti meydana çıxır. Bununla əlaqədar, son dövrdə ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə kompleks tədbirlər görülür.
Bu məqsədlə, Ədliyyə Nazirliyi tərəfindən Avropa Şurası ilə sıx əməkdaşlıq şəraitində hakimlərin seçilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi və tədrisi üzrə İşçi Qrup yaradılmış, geniş Fəaliyyət Planı hazırlanaraq həyata keçirilmişdir. Belə əməkdaşlıq çərçivəsində qanunvericilik bazası xeyli təkmilləşdirilmiş, Məhkəmə-Hüquq Şurasının tərkibi demokratik əsaslarla formalaşdırılmış, hakimlərin immunitetinə və səlahiyyət müddətlərinə yenidən baxılmış, hakim vəzifəsinə ömürlük təyinat təsbit olunmuşdur. Ölkəmizdə ilk dəfə olaraq müstəqil qurum - Hakimlərin Seçki Komitəsi yaradılmışdır. Hazırda bu qurum tərəfindən hakimliyə namizədlərin seçimi yeni, daha mükəmməl qaydalar, ən demokratik və şəffaf prosedurlar əsasında həyata keçirilir.
Məhkəmə sisteminin müasirləşdirilməsi və regionların sosial-iqtisadi inkişafı üzrə tədbirlər çərçivəsində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsinə xüsusi diqqət yetirilir. Bununla əlaqədar, bölgələrdə apellyasiya məhkəmələri və əlavə iqtisad məhkəmələri yaradılmışdır.
Respublikamızda aparılan məhkəmə-hüquq islahatlarına nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən də xüsusi dəstək verilir. Belə ki, əldə olunmuş nailiyyətləri yüksək dəyərləndirən Dünya Bankı ilə Ədliyyə Nazirliyi tərəfindən "Ədliyyə sektorunun müasirləşdirilməsi" adlı birgə layihə həyata keçirilir.
Layihəyə əsasən ölkəmiz üçün ən əlverişli şərtlərlə verilən 21,6 milyon ABŞ dolları həcmində kredit, Yaponiya hökumətinin qrant şəklində ayırdığı 3 milyon dollar məbləğində yardım və Azərbaycan hökumətinin ayırdığı 11 milyon dollar vəsait hesabına müasir tələblərə cavab verən 17 yeni məhkəmə binasının tikintisi, bir çox məhkəmə binalarının əsaslı təmiri, onların müasir avadanlıqla təchiz edilməsi və digər tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulur. Bütün bunlar ədliyyə orqanlarının da, ilk növbədə isə, məhkəmə icraçıları xidmətinin iş şəraitinin yaxşılaşdırılmasını təmin edəcəkdir.
Aparılan islahatlar nəticəsində ədliyyə orqanlarının funksiya və səlahiyyətləri də genişləndirilmiş, cəmiyyətdə rolu və əhəmiyyəti artmışdır. Son bir neçə il ərzində ədliyyə fəaliyyəti ilə bağlı 100-dən çox normativ-hüquqi akt qəbul olunmuşdur.
Bu il ölkəmizdə ədliyyə fəaliyyətinin qanunvericilik bazasının möhkəmləndirilməsi və inkişafı məqsədilə bir sıra mühüm, tarixi əhəmiyyətli sənədlərin qəbulu ilə əlamətdar olmuşdur.
Belə ki, cari ildə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə" təsdiq olunmuş, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanun qəbul edilmişdir. Ölkə başçısı tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında" xüsusi Fərmanın imzalanması və Nazirliyin yeni strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyəsinin təkmilləşməsinin keyfiyyətcə yeni mərhələyə keçməsini şərtləndirmişdir.
Məlum olduğu kimi, ədalət mühakiməsinin həyata keçirilməsində məhkəmə qərarlarının vaxtında və düzgün icrası müstəsna əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmə və ədliyyə fəaliyyətinin təkmilləşdirilməsinə yönələn tədbirlər çərçivəsində məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülür.
1999-cu ildə Ədliyyə Nazirliyində Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti formalaşdırılaraq, onun fəaliyyəti üçün lazımi şərait yaradılmış, məhkəmə qərarlarının icrası ilə bağlı qanunvericilik təkmilləşdirilmiş, təkcə son illərdə bu sahədə 20-yə yaxın qanun, o cümlədən, Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında, Məhkəmə qərarlarının icrası haqqında qanunlar və digər normativ sənədlər qəbul edilmiş, bu il isə Nazirlikdə yeni məhkəmə icraçıları baş idarəsi təsis edilmişdir. Xidmət əməkdaşlarının peşə hazırlığının artırılması üçün onların mütəmadi tədris kurslarına cəlb edilməsi təmin olunmuşdur.
Bu sahədə vəziyyətin hərtərəfli təhlil edilməsi və problemlərin aradan qaldırılması məqsədilə bu ilin iyul ayında Ədliyyə Nazirliyində ölkənin bütün rayon və şəhər məhkəmə nəzarətçiləri və icraçıları qurumları rəhbərlərinin, digər məsul işçilərin iştirakı ilə geniş müşavirə keçirilmişdir. Məhkəmə sədrlərinin də dəvət olunduğu tədbirdə icra işinin yaxşılaşdırılması ilə bağlı geniş fikir mübadiləsi aparılmış, qarşıda duran vəzifələr müəyyən edilmişdir. Müzakirənin yekunlarına əsasən ciddi tədbirlər görülmüş və bu barədə geniş ictimaiyyət məlumatlandırılmışdır.
Son dövrlərdə Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidmətinə il ərzində daxil olan icra sənədlərinin sayı orta hesabla 50 minə çatmışdır. Müqayisə üçün qeyd edim ki, bu rəqəm 2000-ci ildə 20 min təşkil edirdi. Həyata keçirilmiş tədbirlər nəticəsində icra işinin xeyli yaxşılaşdığını belə bir fakt təsdiq edir ki, 2006-cı ilin 9 ayı ərzində 37.700 sənəd icra olunmuşdur, bu da təxminən 90% deməkdir.
Müsbət hal kimi qeyd olunmalıdır ki, icra işlərinin sayının belə kəskin artması ölkəmizdə vətəndaşların məhkəmələrə inamının güclənməsi nəticəsində müraciətlərin, baxılan mülki və iqtisadi işlərin sayının 3 dəfə çoxalması, eyni zamanda, qaldırılan iddiaların böyük əksəriyyətinin təmin edilməsi ilə bağlıdır.
Hakimlərin iş yükünün həddən artıq çox olması, həmçinin ölkəmizdə hakimlərin sayının Avropa dövlətləri ilə müqayisədə ən aşağı göstərici ilə xarakterizə olunması (hər 100 min nəfərə 4 hakim) nəzərə alınaraq, dövlət başçısının fərmanları ilə hakim ştatlarının sayı 50%-dək artırılmış, məhkəmə icraçılarının sayının çoxaldılması ilə bağlı məsələ qaldırılmışdır.
Bildiyiniz kimi, məhkəmə qərarlarının vaxtında və düzgün icrası ədalət mühakiməsinin səmərəliliyinin və məhkəmə hakimiyyətinin nüfuzunun artırılması ilə yanaşı, ilk növbədə, insan hüquqlarının məhkəmə müdafiəsinin real təminatıdır. Odur ki, bu sahədə fəaliyyətin yaxşılaşdırılması və mövcud qanunvericiliyin təkmilləşdirilməsi üçün qabaqcıl xarici təcrübənin öyrənilməsi və tətbiqi olduqca vacibdir.
Bu mühüm işdə biz bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla davamlı olaraq əməkdaşlıq edirik və ölkəmizin məhkəmə və ədliyyə sistemində köklü islahatlar aparıldığı indiki mərhələdə Avropa Komissiyasının TACİS proqramı çərçivəsində Azərbaycanda Məhkəmə icraçıları xidmətinə dəstək Layihəsinin həyata keçirilməsi yerinə düşmüş və lazımi səmərə vermişdir.
Layihənin məhkəmə nəzarətçiləri və məhkəmə icraçılarının peşəkarlıq səviyyəsinin artmasında, beynəlxalq təcrübəyə yiyələnməsində mühüm rolu olmuşdur. Bakıda və Azərbaycanın digər bölgələrində təlim kursları keçirilmiş, qabaqcıl Avropa ölkələrinə tədris səfərləri təşkil edilərək, mütərəqqi iş üsulları və müasir informasiya texnologiyaları ilə tanışlıq imkanları yaradılmış, habelə xidmətin bütün yerli qurumları kompüter avadanlığı ilə təchiz edilmiş və elektron məlumat Mərkəzinin yaradılmasına başlanılmışdır. Layihə çərçivəsində Avropa ekspertlərinin iştirakı ilə ölkəmizdə ilk dəfə olaraq mühüm əhəmiyyət kəsb edən İcra Məcəlləsinin layihəsi hazırlanmışdır. Bu sənədin vacibliyini və mürəkkəbliyini nəzərə alaraq, onun üzərində işin davam etdirilməsi üçün Nazirlik tərəfindən xüsusi İşçi qrup yaradılmışdır.
Məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə tədbirlərə dəstəyə görə Avropa Komissiyasının rəhbərliyinə və bu xeyirxah missiyanın həyata keçirilməsində iştirak edən şəxslərə dərin minnətdarlığımı bildirirəm.
Şübhəsiz ki, məhkəmə qərarlarının icrası kimi mühüm məsələyə həsr olunmuş bu beynəlxalq tədbir böyük faydaya malikdir. Hamınızı müzakirələrdə fəal iştiraka dəvət edirəm.
Diqqətinizə görə təşəkkür edirəm!
27/11/2006
|
|
|
|
 |
|
|
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003 |
|
|