ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Ölkəmizə səfər gəlmiş BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının Avropa, Şimali Amerika və Mərkəzi Asiya Departamentinin rəhbəri xanım Marqaret Nikolson noyabrın 27-də Ədliyyə Nazirliyində olmuşdur.
Ədliyyə nazirinin müavini Toğrul Musayev Azərbaycanda insan hüquqlarının təmin edilməsinə xüsusi önəm verildiyini qeyd edərək, bu sahədə mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlığın əhəmiyyətini vurğulamışdır. O, 1998-ci ildən BMT-nin insan hüquqları üzrə Ali Komissarlığı ilə insan hüquqlarının inkişafı və müdafiəsi potensialının gücləndirilməsinə dair Ədliyyə Nazirliyi ilə birgə həyata keçirilən Layihə çərçivəsində bir çox işlər görüldüyünü, insan hüquqları üzrə dərslik, metodiki vəsait və sənədlər toplusu hazırlanaraq, məhkəmələrin və digər aidiyyəti qurumların istifadəsinə verildiyini, mühüm əhəmiyyət kəsb edən konfransların və seminarların keçirildiyini bildirmişdir.
Son dövrdə Avropa Şurası ilə sıx əməkdaşlıq şəraitində məhkəmə sisteminin müasirləşdirilməsi, ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən kompleks tədbirləri, yeni demokratik təsisatların yaradılmasını diqqətə çatdıran nazir müavini, təkcə bu il məhkəmə hakimiyyətinin gücləndirilməsi və möhkəm ədliyyə sisteminin formaşdaşdırılmasına xidmət edən 5 mühüm dövlət sənədinin qəbul edildiyini vurğulamışdır.
Xanım Marqaret Nikolson təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətyini bildirmiş, ölkəmizdə məhkəmə və ədliyyə sisteminin təkmilləşdirilməsi, insan hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərdən razı qaldığını vurğulamışdır.
Görüşdə qeyd olunan Layihənin icrası üzrə görülən işlər, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmiş, Azərbaycanda yuvenal ədliyyənin təşəkkülü, ədliyyə işçilərinin, hakimlərin, digər hüquqşünasların tədrisi və s. konkret məsələlərə dair faydalı fikir mübadiləsi aparılmışdır.
27/11/2006
|