|
|
ƏDLİYYƏ ORQANLARINA İŞƏ QƏBUL ÜZRƏ MÜSABİQƏ KOMİSSİYASININ MƏLUMATI
Dövlət qulluğunun xüsusi növü olan ədliyyə orqanlarına qulluğa qəbulun Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə müsabiqə əsasında şəffaf prosedurlarla keçirilməsi məqsədilə Ədliyyə Nazirliyində Müsabiqə Komissiyası yaradılmış və ədliyyə orqanlarında işləmək arzusunda olanların sənədləri bu ilin may ayından avqust ayının sonunadək qəbul edilmişdir.
Müraciət etmiş şəxslərin sənədləri müəyyən edilmiş qaydada yoxlanılmış və hazırda test imtahanında dövlət, özəl və xarici ali təhsil müəssisələrini bitirmiş 278 nəfər hüquqşünas iştirak edir.
Namizədlərin təxminən yarısı ölkəmizin regionlarını təmsil edir. Böyük çoxluq 25 yaşınadək olanlardır. Müsabiqədə iştirak edənlər arasında ədliyyə, məhkəmə, prokurorluq orqanlarında yardımçı vəzifələrdə çalışan, digər dövlət orqanlarından ədliyyə orqanlarına işə keçmək istəyən, bələdiyyə qulluqçuları və vəkillik fəaliyyəti ilə məşğul olan namizədlərlə yanaşı, ilk dəfə əmək fəaliyyətinə məhz ədliyyə orqanlarında başlamaq arzusunda olanlar da vardır. Namizədlərin əksəriyyətini Bakı Dövlət Universitetinin məzunları, hər dörd nəfərdən birini isə qadınlar təşkil edir.
Müsabiqədə iştirak edən namizədlərə kömək məqsədilə test imtahanının keçirilməsi ilə bağlı, həmçinin imtahan suallarının hazırlanmasında istifadə olunan qanunlar və digər sənədlər barədə müvafiq məlumatı özündə əks etdirən "Yaddaş kitabçası" hazırlanmış və namizədlərə təqdim edilmişdir.
Qaydalara əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünaygörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarətdir. Mümkün 90 baldan 55 və daha artıq bal toplamış namizəd müsabiqənin ikinci mərhələsinə - söhbətə buraxılır.
Dekabrın 9-da Bakı Dövlət Universitetində keçirilən və aşkarlıq şəraitində 3 saat davam edən test imtahanını 40- nəfərə yaxın yerli və beynəlxalq mühahidəçi izləmişdir.
İmtahanın sonunda, oradaca namizədlərin və müşahidəçilərin iştirakı ilə cavab kartları yoxlanılmış və nəticələr yerindcə elan edilmişdir.
Test imtahanının nəticələrinə görə müvəffəqiyyət qazanmış 129 şəxs ikinci mərhələyə keçmişdir.
09/12/2006
|
|
|
|
 |
|
|
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003 |
|
|