azerbaijani english








RƏSMİ XRONİKA

PENİTENSİAR SAHƏDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ DİQQƏT MƏRKƏZİNDƏDİR



Azərbaycanda Ümumilli lider Heydər Əliyev tərəfindən müəyyən edilərək ardıcıl aparılan demokratik hüquqi islahatlar çərçivəsində ədliyyə orqanlarının inkişafı, o cümlədən penitensiar sistemin təkmilləşməsi istiqamətində tədbirlər davam etdirilir. Bu işdə nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət qurularaq sıx əməkdaşlıq həyata keçirilir.
Avropa Şurasının və Avropa Komissiyasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə ölkəmizin penitensiar sistemində islahatların aparılmasına dair həyata keçirdiyi bir illik Birgə Proqramın başa çatması ilə əlaqədar bu il dekabrın 15-də Yekun Dəyərləndirmə Konfransı keçirilmişdir.
Avropa Şurası, Avropa Komissiyası, BMT və digər nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrin qatıldığı tədbiri açan Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə hərtərəfli köklü islahatların aparıldığını, demokratik dəyişikliklərin həyatın bütün sahələrini əhatə etdiyini, insan hüquqlarının təmin olunmasına xüsusi önəm verildiyini vurğulayaraq, dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən məhkəmə sisteminin müasirləşdirilməsinə və ədliyyə orqanlarının inkişafına yönəlmiş islahatlar və əldə edilmiş nailiyyətlər barədə məlumat vermişdir.
Bu islahatların Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü, ərazilərimizin 20%-in işğal edildiyi, bir milyon soydaşımızın qaçqın və məcburi koçgün vəziyyətinə düşdüyü bir şəraitdə həyata keçirildiyi diqqətə çatdırılmışdır.
Həmçinin, Penitensiar xidmətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlər vurğulanmış, bu sahədə nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirildiyi yüksək dəyərləndirilərək ölkəmizin məhkəmə və ədliyyə sisitemində köklü islahatlar aparıldığı indiki mərhələdə Avropa Komissiyası və Avropa Şurası tərəfindən penitensiar sistemə dəstək üzrə birgə proqramın təqdirə layiqliyi və səmərəliliyi qeyd olunmuşdur.
Konfransda çıxış edən beynəlxalq təşkilatların nümayəndələri xarici və milli ekspertlər ölkəmizdə hüquqi sahədə aparılan irimiqyaslı islahatların artıq təsirli bəhrələr verdiyini, ədliyyə sahəsində əməkdaşlığın geniş perspektivlərə malik olduğunu vurğulamış, qanunvericiliyin daha da təkmilləşdirilməsi, xüsusilə də insan hüquqları sahəsində ümumqəbul olunmuş mexanizmlərin inkişaf etdirilməsi və tətbiqi işində əməkdaşlığı davam etdirməyə və müvafiq dəstəyin göstərilməsinə hazır olduqlarını, ölkəmizdə demokratik hüquqi islahatların insan hüquqlarının etibarlı təmin olunmasına xidmət etdiyini bildirmişlər.








Hörmətli konfrans iştirakçıları !
Xanımlar və cənablar !

Azərbaycanın penitensiar sistemində islahatların aparılmasına dair Birgə Proqramla bağlı Yekun Dəyərləndirmə Konfransını açıq elan edərək onun işinə uğurlar arzulayır, Konfransda iştirak edən mötəbər beynəlxalq təşkilatların və xarici dövlətlərin nümayəndələrini salamlayıram.

Hörmətli tədbir iştirakçıları !

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə köklü islahatlara başlanılmış, bazar iqtisadiyyatı bərqərar olunmuş, demokratik dəyişiklər həyatın bütün sahələrini əhatə etmişdir. Milli qanunvericiliyimiz təkmilləşdirilmiş, 2 minə qədər yeni mütərəqqi qanun qəbul edilmiş, dövlətimiz insan hüquqları ilə bağlı bütün əsas beynəlxalq konvensiyalara qoşulmuşdur.
Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir. Ötən il ümumi daxili məhsulun artımı 26 faiz təşkil etmiş, bu il isə artıq 34 faizi keçmişdir. Bu göstəricilərə görə ölkəmiz liderə çevrilmişdir. Son 5 ildə Dövlət büdcəmiz 6 dəfə artmış, iqtisadiyyatımıza 20 milyard dollardan çox sərmayə qoyulmuşdur.
Ölkə başçısının təşəbbüsü ilə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və inkişafı üzrə çox önəmli tədbirlər görülmüşdür.
Məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə Avropa Şurası ilə sıx əməkdaşlıq şəraitində ardıcıl görülən tədbirlər artıq öz bəhrəsini verir. Beynəlxalq müşahidəçilər hakimliyə namizədlərin seçimini ən demokratik və şəffaf proses kimi dəyərləndirir, Dünya Bankı bu islahatlara dəstək verərək ölkəmizdə Ədliyyə sektorunun müasirləşdirilməsi üzrə birgə layihə həyata keçirir. Bu layihə çərçivəsində Azərbaycana ən əlverişli şərtlərlə 21,6 milyon ABŞ dolları kredit və 3 milyon qrant ayrılmışdır.
Hüquqi sahədə aparılan islahatlar ədliyyə orqanlarının da cəmiyyətdə rolunu və əhəmiyyətini artırmış, funksiya və səlahiyyətlərini genişləndirmişdir. Ədliyyə fəaliyyəti ilə bağlı qanunvericilik bazası köklü şəkildə möhkəmləndirilmişdir. 2006-cı il isə bu sahədə olduqca əlamətdar olmuşdur. Belə ki, ədliyyə orqanlarının inkişafı baxımından tarixi sənədlər Nazirlik haqqında Əsasnamə, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanun qəbul edilmiş, ölkə başçısı tərəfindən Ədliyyə orqanlarının inkişafı haqqında xüsusi Fərmanın imzalanmış və Nazirliyin yeni strukturu təsdiq edilmişdir.
Bütün bunlar Azərbaycan ədliyyəsinin, o cümlədən penitensiar xidmətin insan haqlarının müdafiəsində rolunun daha da artmasını şərtləndirmişdir.
Məlum olduğu kimi, həbsdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsinə daha böyük ehtiyac olduğuna görə istənilən demokratik cəmiyyətdə penitensiar sistemin islahatına xüsusi diqqət yetirilir.
Azərbaycanda yeni müstəqillik əldə etmiş dövlətlər sırasında birinci olaraq penitensiar sistem Daxili İşlər Nazirliyindən Ədliyyə Nazirliyinin tərkibinə keçirilmiş, bu sistemdə intensiv islahatlara başlanmış, ardıcıl olaraq humanizm siyasəti həyata keçirilərək dövlət başçısı tərəfindən 4500 nəfər əvf edilmiş, onun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 80 minədək şəxsə tətbiq edilmişdir.
Həyata keçirilən islahatlar nəticəsində məhkumların hüquqları əhəmiyyətli dərəcədə genişlənmiş, çoxsaylı əlavə güzəştlər müəyyən olunmuş, məhkəməyə müraciət hüququ təsbit edilmişdir.
Qeyd olunmalıdır ki, Penitensiar Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlər heç də asan başa gəlməmiş, dövlət başçısının tapşırığı ilə ciddi nöqsanların aradan qaldırılması, məhkumların hüquqlarının təmin olunması üzrə Ədliyyə Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər görülmüş və hazırda da görülməkdədir.
Bu sahədə vəziyyət daim diqqət mərkəzində saxlanılaraq həyata keçirilən təsirli tədbirlər nəticəsində penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi və məhkumların hüquqlarının müdafiəsi sahəsində əsaslı irəliləyiş əldə olunmuş, onların saxlanma şəraiti, ərzaq, tibbi və digər təminatları xeyli yaxşılaşdırılmışdır. Penitensiar xidmətə qulluğa qəbul açıq müsabiqə və sağlam meyarlar əsasında yenidən qurulmuşdur.
Eyni zamanda, bu mühüm sahəyə qayğı göstərilərək, dövlət büdcəsindən ayrılan vəsaitin məbləği ilbəil çoxalmış və 2000-ci illə müqayisədə 4 dəfə artmışdır. Ədliyyə orqanlarında qulluq keçmə haqqında Qanunla Penitensiar Xidmət işçilərinin maddi-sosial təminatı xeyli yaxşılaşdırılmış, bir çox əlavə güzəşt və imtiyazlar müəyyən edilmiş, cari ilin avqust ayından isə onların əmək haqqı 3-4 dəfə artmışdır.
Qeyri-hökumət, hüquq müdafiə təşkilatları ilə sıx işgüzar əlaqələr qurulmuş, mütəmadi obyektiv monitorinqlərin və məhkumlarla görüşlərin keçirilməsinə hər cür şərait yaradılmışdır.
Penitensiar sistemin fəaliyyətində daha geniş şəffaflığın təmin olunması və bu sahədə qeyri-hökumət hüquq müdafiə təşkilatları ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə demokratik əsaslarla İctimai Komitə yaradılaraq cari ilin sentyabr ayından böyük fəallıqla işə başlamışdır. Komitə üzvləri bugünki tədbirdən də kənarda qalmamışlar.
Görülən bütün bu işlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Beynəlxalq Qırmızı Xaç Komitəsi, Beynəlxalq Amnistiya, Beynəlxalq Həbsxana İslahatı (Penal Reform İnternational), İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsi (CPT), digər nüfuzlu təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində həyata keçirilmiş, onların hesabat və tövsiyələrinə həssaslıqla yanaşılmışdır.
Bununla belə penitensiar sistemdə bir çox problemlər qalmaqdadır və onlar bizi narahat edir. Lakin güman edirəm ki, hazırda böyük vəsait hesabına inşasına başlanılmış yeni, müasir standartlara uyğun penitensiar müəssisələrin tikilməsi ilə bu problemlərin də əksəriyyəti öz həllini tapacaqdır.
Xüsusi qeyd etmək istərdim ki, görülən tədbirlər Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü, ərazilərimizin 20%-nin işğal edildiyi, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü bir şəraitdə həyata keçirilir. Bildiyiniz kimi, penitensiar sistemdə islahatların aparılmasında qabaqcıl xarici təcrübənin öyrənilməsi və tətbiqi olduqca vacibdir.
Bu baxımdan Avropa Komissiyası və Avropa Şurası tərəfindən Azərbaycanın Penitensiar sisteminə dəstək üzrə Birgə Proqramın həyata keçirilməsi yerinə düşmüş və lazımi səmərə vermişdir.
Birgə Proqramın penitensiar xidmət əməkdaşlarının peşəkarlıq səviyyəsinin artmasında, beynəlxalq təcrübəyə yiyələnməsində mühüm rolu olmuşdur. Bakıda və digər bölgələrdə təlim kursları keçirilmiş, qabaqcıl Avropa ölkələrinə tədris səfərləri təşkil edilərək, mütərəqqi iş üsulları və müasir informasiya texnologiyaları ilə tanışlıq imkanları yaradılmış, ekspertlər tərəfindən dəyərli tövsiyələr verilmiş, texniki yardım göstərilmiş (təxminən 240 min avro), digər mühüm tədbirlər həyata keçirilmişdir.
Proqram çərçivəsində, həmçinin Avropa Penitensiar Qaydalarının yeni mətni Azərbaycan dilinə tərcümə olunaraq 3 min nüsxədə nəfis şəkildə nəşr edilmiş və istifadəyə verilmişdir. Penitensiar Xidmətin Təlim-tədris mərkəzi üçün mükəmməl tədris vəsaiti hazırlanmış, müasir kompüter-tədris zalı istifadəyə verilmişdir.

Hörmətli Konfrans iştirakçıları!

Penitensiar sistemdə aparılan islahatlara və bu vacib sahədə işin yaxşılaşdırılması üzrə tədbirlərə dəstəyə görə Avropa Komissiyasının və Avropa Şurasının rəhbərliyinə, bu xeyrxah missiyanın həyata keçirilməsində iştirak edən şəxslərə, xüsusilə də Birgə Proqramın reallaşmasında böyük zəhmətləri olan cənab Boquslav Burkeviçə və cənab Roman Hunaya dərin minnətdarlığımı bildirirəm.
Şübhəsiz ki, bu mühüm məsələyə həsr olunmuş konfrans böyük faydaya malikdir. Hamınızı müzakirələrdə fəal iştiraka dəvət edirəm.

Diqqətinizə görə təşəkkür edirəm !


16/12/2006
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003