azerbaijani english








RƏSMİ XRONİKA

ATƏT AZƏRBAYCANDA GEDƏN DEMOKRATİK PROSESLƏRİ DƏSTƏKLƏYİR




Ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Kristian Ştrohal dekabrın 22-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.
Qonağı səmimi salamlayan nazir Azərbaycanda həyata keçirilən köklü demokratik islahatlar, qanunun aliliyinin, insan hüquqlarının və vətəndaş azadlıqlarının təmin edilməsinə yönələn mütərəqqi tədbirlər barədə məlumat vermişdir. O, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən məhkəmə sisteminin müasirləşdirilməsi, ədliyyə orqanlarının inkişafı üzrə görülən genişmiqyaslı işləri, o cümlədən hakimliyə namizədlərin demokratik və şəffaf üsullarla seçimini diqqətə çatdırmış, bu sahədə Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatlarla həyata keçirilən səmərəli əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulamışdır.
Cənab K.Ştrohal sürətlə yeniləşən Azərbaycanda aparılan islahatları, xüsusilə insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən mühüm tədbirləri müsbət qiymətləndirmişdir. O, ölkəmizin ATƏT-lə əməkdaşlığını yüksək dəyərləndirərək, Azərbaycanda demokratik prosesləri təmsil etdiyi qurumun bundan sonra da dəstəkləməyə hazır olduğunu bildirmişdir.
Görüşdə azadlıqdan məhrumetmə yerlərində nəzarət mexanizmləri barədə fikir mübadiləsi aparılmış, vəkillik institutunun inkişafı, hakimlərin, ədliyyə işçilərinin tədrisi və digər konkret əməkdaşlıq məsələləri müzakirə edilmişdir.



22/12/2006
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003