|
ƏDLİYYƏ NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR

Ədliyyə Nazirliyinin dekabrın 29-də keçirilmiş kollegiya iclasında ədliyyə orqanları tərəfindən 2006-cı ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda qeyd olunmuşdur ki, bu il Nazirlik tərəfindən vətəndaşlara keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi, əhalinin hüquqi maarifləndirilməsi, qanunvericilik aktları layihələrinin hazırlanması və digər istiqamətlər üzrə xeyli iş görülmüşdür. 2006-cı ildə 1800 qanun, fərman, sərəncam və digər sənədlərin layihələrinə rəy verilmiş, bilavasitə Nazirlik tərəfindən 130 normativ-hüquqi aktın layihəsi hazırlanmış, 300-dən çox belə sənəd ekspertizadan keçirilmişdir. İl ərzində 1.650.000 notariat hərəkəti və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair 500.000 əməliyyat rəsmiləşdirilmişdir.
Yola saldığımız il Azərbaycan ədliyyəsi üçün xüsusilə əlamətdar olmuşdur. Dövlət başçısı tərəfindən Nazirliyin yeni Əsasnaməsi təsdiq olunmuş, Milli Məclis ədliyyə orqanlarında qulluq keçmə haqqında Qanun qəbul etmiş və ölkə Prezidenti ədliyyə orqanlarının inkişafı ilə bağlı xüsusi Fərman imzalamış, Nazirliyin yeni strukturu təsdiq edilmiş, regional ədliyyə şöbələri və yerli qeydiyyat şöbələri yaradılmış, Ədliyyə Akademiyası təsis edilmiş, işə qəbul ilk dəfə olaraq müsabiqə yolu test imtahanı üsulu ilə keçirilmiş və digər tədbirlər görülmüşdür.
İclasda Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planından irəli gələn vəzifələr müzakirə edilmişdir.
Kollegiya iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı Milli Məclisə təqdim olunmaq üçün hazırlanmış illik məruzə müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, 2006-cı il ərzində 16.500 bələdiyyə aktına baxılaraq, onlardan Nazirliyin təklifləri əsasında 1000-i qanuna zidd olduğu üçün ləğv edilmiş və ya dəyişdirilmiş, bəzi aktların ləğvi ilə bağlı məhkəmələrdə iddialar qaldırılmış, bələdiyyə aktlarını vaxtında təqdim etməyən 150 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəmələrə göndərilmişdir. İnzibati nəzarət qaydasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilmiş maddi əskikliklər yerli büdcələrə ödətdirilmiş, ciddi qanun pozuntuları barədə 17 bələdiyyənin fəaliyyəti ilə bağlı müvafiq sənədlər istintaq aparılması üçün prokurorluq orqanlarına göndərilmişdir. Eyni zamanda, bələdiyyələr tərəfindən 1000 hektardan artıq qanunsuz verilmiş torpaq sahəsi bələdiyyələrə qaytarılmışdır.
Həmçinin, 40-a qədər qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilmişdir. İl ərzində 500-ə yaxın qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınmış, bu göstərici ötən illərlə müqayisədə dəfələrlə artmışdır. Hazırda ölkədə dövlət qeydiyyatına alınmış QHT-lərin sayı 2300-dən çoxdur. Bu il 425 KİV dövlət reyestrinə daxil edilmişdir. Ümumilikdə belə KİV-lərin sayı 2800-ə çatmışdır.
İclasda qrant alınması haqqında məlumatların qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edilməməsinə görə inzibati məsuliyyətin gücləndirilməsi ilə bağlı məsələ müzakirə edilmişdir.
29/12/2006
|
|
|
|
 |
|
|
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003 |
|
|