|
NİZAMİ RAYON MƏHKƏMƏSİNİN YENİ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR

Ölkə başçısının tapşırıqlarına əsasən məhkəmə sisteminin müasirləşdirilməsi, məhkəmələrin maddi-texniki təminatının, iş şəraitinin yaxşılaşdırılması və ən müasir avadanlıqlarla təmin edilməsi üzrə məqsədyönlü tədbirlər həyata keçirilir. Son bir neçə ildə Azərbaycanda 7 yeni məhkəmə binası tikilib istifadəyə verilmiş, 40 bina əsaslı təmir edilmiş və texniki cəhətdən müasirləşdirilmişdir.
Bu sahədə görülən işlərin davamı olaraq yanvarın 12-də Bakı şəhəri Nizami rayon məhkəməsinin yeni binası istifadəyə verilmişdir.
Ədliyyə Nazirliyi və Ali Məhkəmə rəhbərliyinin, hakimlərin, ədliyyə işçilərinin, digər hüquq-mühafizə orqanlarının, icra hakimiyyəti və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən təntənəli açılış mərasimində çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində aparılan məhkəmə-hüquq islahatı, dövlət başçısının tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hakimliyə namizədlərin demokratik və şəffaf üsullarla seçimi, eləcə də məhkəmələrdə əmək və icra intizamının möhkəmləndirilməsi üzrə görülən işlər barədə məlumat vermişdir. O, ölkə başçısı tərəfindən şəhərin görkəmli yerində Ali Məhkəmə üçün yeni binanın təməlinin qoyulması kimi mühüm hadisəni xatırladaraq, ən yüksək standartlara cavab verən yeni məhkəmə binalarının inşasını dövlətimizin məhkəmə hakimiyyətinə qayğısının, eyni zamanda insan hüquqlarının qorunmasına xüsusi diqqətin növbəti əyani təzahürü kimi qiymətləndirmişdir.
Mərasimdə Ali Məhkəmənin sədri Ramiz Rzayev iştirak etmişdir.
Çıxış edənlər bu sahədə görülən işlərin məhkəmələrdə fəaliyyətin daha da təkmilləşdirilərək, müasir tələblər səviyyəsində qurulmasına və bütövlükdə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etdiyini vurğulamış, dövlət başçısına bu cür qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.
12/01/2007
|
|
|
|
 |
|
|
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003 |
|
|