Azərbaycanda fəaliyyət müddəti başa çatan BMT-nin Rezident Koordinatoru Marko Borsotti yanvarın 16-da ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür. video
Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi, ədliyyə orqanlarının inkişafı və insan hüquqlarının təşviqi üzrə genişmiqyaslı tədbirlərin həyata keçirilməsində BMT ilə səmərəli əməkdaşlığı vurğulayan nazir mühüm layihələrin uğurla reallaşmasında cənab Borsottinin xidmətlərini qeyd edərək təşəkkürünü bildirmişdir.
Ölkəmizdə fəaliyyətdən məmnunluq ifadə edən cənab Borsotti Azərbaycanda son beş il ərzində sürətli çoxşaxəli inkişafın, misli görünməyən dəyişikliklərin, ardıcıl həyata keçirilən hərtərəfli demokratik islahatların şahidi olduğunu bildirmişdir. Qonaq həmçinin Ədliyyə Nazirliyi ilə qarşılıqlı tərəfdaşlığı və işçilərin peşəkarlığını, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə qurulmuş sıx əlaqələri yüksək dəyərləndirmiş, xüsusilə Azərbaycanda insan hüquqlarının inkişafı və potensialının gücləndirilməsi sahəsində görülən tədbirlərin səmərəsini qeyd etmişdir. O, Azərbaycandan təəssüflə ayrıldığını bildirərək, bundan sonra da ölkəmizdə baş verən yenilikləri, qazanılan uğurları böyük maraqla izləyəcəyini vurğulamışdır.
Görüşdə ədliyyə naziri Azərbaycanda məhkəmə və hüquq islahatlarına göstərdiyi dəstəyə və insan hüquqlarının təşviqinə görə Marko Borsottiyə Ədliyyə Nazirliyinin Rəmzi Medalını təqdim etmiş, gələcək fəaliyyətində uğurlar arzulamışdır.
16/01/2007
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003