TÜRKİYƏ BƏLƏDİYYƏLƏRİ VƏ MİLLƏT VƏKİLLƏRİNİN NÜMAYƏNDƏ HEYƏTİ ƏDLİYYƏ NAZİRLİYİNİN BƏLƏDİYYƏLƏRLƏ İŞ MƏRKƏZİNDƏ OLMUŞDUR
Qonaqlar əvvəlcə mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendə baxmışlar. Ədliyyə Nazirliyi bələdiyyələrlə iş və bələdiyyələrə metodoloji yardım Mərkəzinin rəisi Mehdi Səlimzadə Azərbaycan-Türkiyə əlaqələrinin yeni müstəvidə inkişaf etdiyini bildirərək, bələdiyyələrlə sıx əməkdaşlıq yaradılmasının zəruriliyini vurğulamışdır. Türkiyəli qonaqlara Bələdiyyələrlə İş Mərkəzinin fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, mərkəz bələdiyyələrə hüquqi və metodiki yardım etməklə yanaşı, həm də özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarəti həyata keçirir.
Türkiyəli qonaqlar ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini, bələdiyyələr arasında da belə münasibətlər yaradılmasının vacibliyini vurğulamışlar. Bildirilmişdir ki, bu sahədə mövcud boşluğu aradan qaldırmaq üçün konkret addımlar atmağın vaxtı çatmışdır.
Görüşdə 162 bələdiyyənin Türk Dünyası Bələdiyyələr Birliyinə qatılması Türkiyə- Azərbaycan əlaqələrinin inkişafına yeni töhfə oldu. Görüşdən yadigar olaraq qonaqlara hədiyyələr verildi, xatirə şəkli çəkdirildi.
16/07/2005
|