azerbaijani english








RƏSMİ XRONİKA

TAİLANDIN BAŞ PROKURORU AZƏRBAYCANIN ƏDLİYYƏ NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR



Ölkəmizdə səfərdə olan Tailandın Baş prokuroru cənab Kampri Kaoçarern ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.
Ədliyyə naziri Azərbaycanla Tailand arasında hüquqi sahədə qarşılıqlı əlaqələrin inkişafına hər iki tərəfin maraq göstərdiyini, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyini qeyd etmişdir. O, Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin 2002-ci ildə Azərbaycanda, 2004-cü ildə isə Tailandda keçirilmiş islaslarını əlamətdar hahadisə kimi məmnunluqla xatırlatmışdır. Bu ilin aprelində Tailandın paytaxtı Banqkokda keçirilmiş BMT-nin cinayətkarlığın qarşısının alınması və cinayət mühakiməsi üzrə 11-ci Konqresinin fövqəladə əhəmiyyətini qeyd edərək, bu mötəbər tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu, böyük qonaqpərvərliklə qarşılanan Azərbaycan nümayəndə heyətinin Tailandın hüquq-mühafizə orqanlarının və penitensiar sisteminin işi ilə tanış olduğunu, səmərəli görüşlər keçirdiyini və hazırkı səfər barədə razılığın elə o zaman əldə edildiyini vurğulamışdır. Qonağa, həmçinin həyata keçirilən hüquqi islahatlar barədə məlumat verilmişdir.
Səmimi qəbula görə təşəkkür edən cənab Kaoçerern onun və Fikrət Məmmədovun Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin uzvləri kimi sıx münasibətlərə malik olmasını, eləcə də BMT-nin Banqkokda keçirilmiş cinayətkarlıqla mübarəzə sahəsində ən ali forumu - 11-ci Konqresində Tailandın ədliyyə nazirinin prezident, Azərbaycan ədliyyə nazirinin isə birinci vitse-prezident seçilərək, tədbirin idarə olunmasında fəal iştirakını ölkələrimiz arasında dostluq əlaqələrinin rəmzi kimi xarakterizə edərək, cinayətkarlığa qarşı mübarizədə səmərəli beynəlxalq əməkdaşlıq üçün daha geniş imkanlar yaratdığını bildirmişdir.
Görüşdə Azərbaycanla Tailand arasında hüquqi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə konkret əməkdaşlıq məsələləri ətraflı müzakirə olunmuş, həmçinin, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.
Sonra qonaq böyük maraqla Nazirlikdə yaradılmış Heydər Əliyev muzeyi və Azərbaycan-Tailand münasibətlərini əks etdirən ekspozisiya ilə tanış olmuşdur.


21/07/2005
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003