|
HÜQUQ İSLAHATLARI İNSAN HÜQUQLARININ QORUNMASI HAQQINDA AVROPA KONVENSİYASININ TƏLƏBLƏRİNƏ UYĞUN HƏYATA KEÇİRİLİR
Azərbaycanın Avropa Məhkəməsində hakimi Xanlar Hacıyev AzərTAc-ın müxbirinə bildirmişdir ki, son on ildə Azərbaycanda məhkəmə-hüquq islahatları sahəsində çox işlər görülmüşdür. Bunun nəticəsində yeni hüquq sistemi yaradılmışdır. Məhkəmə, prokurorluq, ədliyyə sistemində köklü islahatlar həyata keçirilmişdir. Bu gün Azərbaycanın hüquq sistemi daha çox İnsan Hüquqları üzrə Avropa Konvensiyasına və bu sənəddəki dəyərlərə cavab verir.
Hakimlərin məsuliyyətini artırmaq, qanuna hörmət etmək mənasında onların öz vəzifə borclarını daha səmərəli həyata keçirmələri gündəlikdə duran məsələdir.
Digər tərəfdən, bütün bunlar sanki "İkitərəfli hərəkətdir", yəni cəmiyyətin də məhkəməyə inamı olmalıdır. İnamı itirdikdən sonra hansı islahatıın aparılmasından asılı olmayaraq, onu bərpa etmək çox çətindir. İnamı tam bərpa etmək üçün hələ çox işlər görülməlidir.
Avropa Məhkəməsinin əsas məqsədi İnsan Hüquqları Konvensiyasını müdafiə etməkdir. Konvensiyadakı dəyərlərin müdafiəsi, ilk növbədə, milli məhkəmələrin üzərinə düşür və onların səmərəli fəaliyyətindən asılıdır. Avropa məhkəməsi öz fəaliyyətini eyni məsuliyyət üzərində qurur.
25/07/2005
|