|
|
ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Avstriyadan olan hakimi xanım Elizabet Stayner ilə görüşmüşdür.
Qonağı səmimi salamlayan nazir Azərbaycanda həyata keçirilən əsaslı demokratik islahatlar, o cümlədən insan hüquqlarının etibarlı qorunmasına yönələn tədbirlər, məhkəmə sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər barədə ətraflı məlumat vermişdir. Avropa Şurası ilə səmərəli əməkdaşlığı qeyd edən nazir, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Luzius Vildhaberin Azərbaycana səfərini və Ədliyyə Nazirliyində keçirilmiş görüşü məmnunluqla xatırlamışdır.
Görüşdə Azərbaycanla Avstriya arasında hüquqi sahədə əməkdaşlıq məsələlərinə toxunulmuş, yaranmış sıx əlaqələr, o cümlədən ötən illər Avstriya və Azərbaycan ədliyyə nazirlərinin qarşılıqlı səfərləri, ədliyyə və prokurorluq orqanları arasında əməkdaşlığa dair sənədlərin imzalanması, Avstriyanın baş prokuroru Valter Preslauerin ötən ilin sentyabrında ölkəmizə gəlməsi razılıqla vurğulanmışdır.
Səmimi qəbula görə minnətdarlığını bildirən qonaq Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarını və görülən tədbirləri yüksək qiymətləndirmiş, təmsil etdiyi qurumun, həmçinin Avstriyanın ədliyyə və məhkəmə orqanlarının əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını xüsusi vurğulamışdır.
Ədliyyə nazirini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün Strasburqa dəvət edən qonaq görüşdən sonra Azərbaycanın ədliyyə tarixi muzeyi ilə böyük maraqla tanış olmuşdur.
Tədbirdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi Xanlar Hacıyev iştirak etmişdir.
29/07/2005
|
|
|
|
 |
|
|
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003 |
|
|