azerbaijani english








RƏSMİ XRONİKA

BMT İLƏ AZƏRBAYCAN ARASINDA İNSAN HÜQUQLARI ÜZRƏ ƏMƏKDAŞLIQ UĞURLA DAVAM EDİR



Demokratik dəyərlərə daim sadiq olan Azərbaycan Respublikası insan hüquqlarının qorunmasına xüsusi diqqət yetirərək, bu sahədə ən yüksək beynəlxalq standartlara yiyələnir. Ölkəmiz 1998-ci ildən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə birgə insan hüquqlarının inkişafı və müdafiəsi potensialının gücləndirilməsinə dair layihə həyata keçirir. Ədliyyə Nazirliyinin tərəfdaş olduğu bu layihənin icrası sahəsində beynəlxalq ekspertlərin iştirakı ilə bir çox tədbirlər keçirilmiş, o cümlədən insan-hüquqları üzrə dərslik, metodiki vəsait, sənədlər toplusu və digər materiallar hazırlanaraq, ölkəmizin hüquq mühafizə orqanları əməkdaşlarının və müvafiq qurumların istifadəsinə verilmişdir.
Layihənin müddəti başa çatdığı üçün hazırlanmış yeni layihənin icrası ilə bağlı müzakirələr aparmaq məqsədi ilə BMT İnkişaf Proqramının Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Borsotti və ölkəmizə səfərə gəlmiş BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi xanım Silta Aiko Georgiadis ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ilə görüşmüşlər.
BMT ilə səmərəli əməkdaşlığın əhəmiyyətini qeyd edən ədliyyə naziri, hakimlər, prokurorlar və penitensiar sistemi əməkdaşları üçün tədris seminarlarının təşkili, beynəlxalq konvensiyaların icrası üzrə hesabatların hazırlanması və Ədliyyə Nazirliyinin Hüquq-Tədris Mərkəzinə texniki yardımın göstərilməsini nəzərdə tutan yeni layihənin ölkəmizdə həyata keçirilən əsaslı məhkəmə-hüquq islahatlarının mühüm mərhələsi ilə üst-üstə düşməsinin çox önəmli olduğunu bildirmişdir.
Hazırda vakant hakim vəzifələrinə namizədlərin ən demokratik qaydalar əsasında seçiminin aparıldığını diqqətə çatdıran nazir, ötən ay obyektivliyinə və şəffaflığına görə oxşarı olmayan test imtahanlarının keçirilməsini xatırlatmış, ölkəmizdə ilk dəfə olaraq hakimliyə namizədlər üçün tədris kurslarının təşkil ediləcəyini bildirmiş, layihə çərçivəsində beynəlxalq mütəxəssislərin namizədlərin tədrisində iştirakının əhəmiyyətini vurğulamışdır.
BMT-nin ölkəmizdəki nümayəndəsi M.Borsotti Azərbaycan rəhbərliyinin məhkəmə-hüquq islahatlarına böyük əhəmiyyət verməsini yüksək qiymətləndirərək, BMT nümayəndəsinin test imtahanını müşahidə etdiyini və onu çox müsbət dəyərləndirdiyini, təmsil etdiyi qurumun bu sahədə görülən tədbirlərə daim dəstək verməyə hazır olduğunu bildirmişdir. Qonaqlar Məhkəmə-Hüquq Şurasının sədri seçilmiş ədliyyə nazirinə məhkəmə islahatlarının uğurla başa çatdırılmasını arzulamışlar.
Görüşdə, həmçinin layihənin həyata keçirilməsi ilə bağlı konkret tədbirlər, o cümlədən milli əlaqələndiricinin təyin edilməsi və digər məsələlər barədə səmərəli fikir mübadiləsi aparılmışdır.
Tədbirdə ədliyyə nazirinin müavini Toğrul Musayev iştirak etmişdir.


07/10/2005
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003