ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Ədliyyə naziri Fikrət Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda parlament seçkilərini müşahidə missiyasının rəhbəri Girt Arens ilə görüşmüşdür.
Ölkəmizdə mütərəqqi islahatlar və demokratik dəyişikliklər barədə məlumat verən nazir, qarşıdan gələn parlament seçkilərinin tam şəffaf və ən yüksək demokratik standartlara uyğun keçirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsini, ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən xüsusi Sərəncam imzalanmasını, vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsi məqsədi ilə müvafiq qurumlara zəruri tapşırıqlar verilməsini və görülən digər tədbirləri diqqətə çatdırmışdır.
Azərbaycanda parlament seçkilərinin beynəlxalq standartlara uyğun təşkili üçün əlverişli zəmin yaradıldığını bildirən, G.Arens dövlətimizin başçısının imzaladığı Sərəncamı bu baxımdan yüksək qiymətləndirmiş, rəhbərlik etdiyi missiyanın müşahidələrini bölüşmüş, seçici siyahıları ilə bağlı problemlərlə maraqlanmışdır.
Görüşdə, həmçinin hüquqi şəxslərin dövlət qeydiyyatı məsələsinə toxunulmuş, bu sahədə yeni qanunvericiliyin tətbiqi və görülmüş tədbirlər nəticəsində müşahidə olunan ciddi irəliləyiş, xüsusilə son dövrdə qeydiyyata alınan QHT-lərin sayının dəfələrlə artması razılıqla qarşılanmış və digər məsələlər barədə faydalı fikir mübadiləsi aparılaraq, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılmış, qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə olunmuşdur.
25/10/2005
|