azerbaijani english








RƏSMİ XRONİKA

VYANADA AZƏRBAYCAN İLƏ BMT ARASINDA ƏMƏKDAŞLIĞIN DAHA DA GÜCLƏNDİRİLMƏSİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR



Oktyabrın 10-dan 21-dək BMT-nin Vyana şöbəsində keçirilən Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı (TMCQ) Konvensiyasını ratifikasiya etmiş İştirakçı Dövlətlərin Konfransının 2-ci sessiyasında Azərbaycan Respublikasının Avstriyadakı səfirliyinin, Ədliyyə, Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərinin və Baş Prokurorluğunun məsul əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak etmişdir. Konfransın əsas məqsədi sənədi ratifikasiya etmiş ölkələrdə konvensiyanın həyata keçirilməsi üçün mexanizmlərin işlənib hazırlanması, onun milli qanunvericilikdə implementasiyası ilə əlaqədar ölkələrin gördüyü işlərin qiymətləndirilməsi və bu sahədə qazanılmış müsbət təcrübəni mübadilə etmək idi.
Konfransın ilk günündə nümayəndə heyətinin başçısı Azərbaycan ədliyyə nazirinin müavini Toğrul Musayev iclasda məruzə ilə çıxış etmişdir. O, Azərbaycanda konvensiyanın həyata keçirilməsi ilə əlaqədar müvafiq hüquqi bazanın yaradılması, 1-ci sessiyadan keçən müddətdə mütəşəkkil cinayətkarlıqla, o cümlədən insan alveri ilə mübarizə sahəsində görülmüş işlər, konvensiyadan irəli gələn öhdəliklərə uyğun olaraq beynəlxalq hüquqi yardımın ölkəmiz tərəfindən səmərəli şəkildə göstərilməsi və cinayətkarlıqla mübərizədə müstəsna rolu olan məhkəmə sisteminin daha da təkmilləşdirilməsi barədə ətraflı və dolğun məlumat vermişdir. Həmçinin, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş nəzarətsiz əraziləri probleminə xüsusilə toxunulmuş, bunun transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin ümumi vəziyyətinə çox mənfi təsir göstərdiyi sessiya iştirakçılarının diqqətinə çatdırılmışdır.
Tədbirdə Azərbaycanın nümayəndə heyəti gündəliyin bir neçə bəndinə dair çıxışlar etmiş, həmçinin GUAM ölkələri adından olan bəyanata qoşulmuşdur.
Nazir müavini T.Musayev konfrans çərçivəsində BMT baş katibinin müavini, BMT-nin Vyana şöbəsinin baş direktoru, bu qurumun Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Antonio Maria Kosta, həmin idarənin icraçı direktorunun müavini xanım Sumru Noyan ilə görüşmüşdür. Görüşdə beynəlxalq cinaytkarlığa qarşı qlobal mübarizədə Azərbaycan ilə BMT arasında əməkdaşlığın daha da gücləndirilməsi yolları müzakirə edilmiş, BMT rəsmilərinin ölkəmizə rəsmi səfərləri çərçivəsində keçirilmiş faydalı danışıqlara toxunularaq Azərbaycanda mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində görülən işlər, həmçinin aparılan məhkəmə-hüquq islahatları, xüsusilə respublikamızın BMT TMCQ Konvensiyanın 3-cü Protokoluna və BMT Korrupsiyaya qarşı Konvensiyasına qoşulması alqışlanmışdır. Söhbət zamanı həmçinin bildirilmişdir ki, BMTCİ-nin Azərbaycanda regional və ya milli ofisinin açılması məsələsi ilə bağlı ölkəmizə yaxın zamanda qiymətləndirmə missiyası göndəriləcəkdir.
Tədbir çərçivəsində T.Musayev 2-ci sessiyanın sədri seçilmiş səfir İvo Boçev (Bolqarıstan) ilə görüşmüşdür. Görüşdə geniş fikir mübadiləsi aparılmış, konvensiyanın iştirakçısı olan dövlətlərin konfransının təsis edilməsinin vacibliyi vurğulanmışdır. İ.Boçev Azərbaycan nümayəndə heyətinin konfransın işində fəal iştirakını qeyd etmiş, ölkəmizin hökuməti tərəfindən konvensiyanın müddəalarının həyata keçirilməsi ilə əlaqədar atdığı addımları yüksək qiymətləndirmişdir.
Görüşlərdə Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov iştirak etmişdir.


26/10/2005
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003