ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Hüquqi Məsələlər və İnsan Hüquqları üzrə Komitəsi sədrinin müavini Eduard Lintnerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Azərbaycanda həyata keçirilən demokratik islahatlar, cəmiyyətin bütün sahələrini əhatə edən mütərəqqi dəyişikliklər, insan haqlarının, o cümlədən vətəndaşların seçki hüquqlarının təmin edilməsinə yönəlmiş tədbirlər barədə məlumat verən nazir, bu sahədə ölkəmizin Avropa Şurası ilə səmərəli əməkdaşlığını qeyd etmişdir.
Azərbaycanda tam obyektiv və ədalətli parlament seçkilərinin keçirilməsi üçün mövcud əlverşli şəraitdən, namizədlərə bərabər imkanlar yaradılmasından məmnun qaldığını bildirən E.Lintner, ölkəmizdə həyata keçirilən islahatları, xüsusilə insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə Avropa Şurası ilə birgə görülən mühüm tədbirləri yüksək qiymətləndirmişdir.
Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində görülən işlərə maraq göstərən AŞPA nümayəndələri son zamanlar korrupsiya və digər qanunsuz əməllərə yol verən şəxslərə, xüsusilə yüksək vəzifəli məmurlara qarşı görülən qəti tədbirləri müsbət qarşılamış, təmsil etdikləri qurumun ölkəmizdə gedən demokratik prosesləri dəstəkləyərək, bu sahədə yardım göstərməyə daim hazır olduğunu bildirmişlər.
Görüşdə, həmçinin qonaqları maraqlandıran suallar ətraflı cavablandırılaraq, səmərəli fikir mübadiləsi aparılmışdır.
31/10/2005
|