IMAGE

Çin Xalq Respublikasında keçirilən elektron hökumətin tətbiqinə dair seminarda iştirak edilmiş və Çinin notariat təcrübəsi öyrənilmişdir

Cari ilin 3-23 avqust tarixlərində Qeydiyyat və notariat baş idarəsinin əməkdaşı Zaur Həsənov Çin Xalq Respublikasında keçirilmiş “İnkişaf etməkdə olan ölkələr üçün elektron hökümət və informasiya texnologiyalarının tətbiqi” mövzusunda seminarda iştirak etmişdir.

Tədbirdə 23 inkişaf etməkdə olan ölkələrdən 68 nümayəndə, o cümlədən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları da iştirak etmişlər.

Seminarda Çin Xalq Respublikasında elektron hökümətin tətbiqi və onun nəticəsində əldə olunan nailiyyətlər, iqtisadiyyatın inkişafındakı rolu, hüquqi tənzimlənməsi, eləcə də yeni informasiya texnologiyalarının son nailiyyəti kimi bulud(cloud) yaddaş sistemlərinin üstünlükləri və onun elektron hökumətin inkişafında tətbiqi mövzularında çoxsaylı məruzələr dinlənilmişdir.

Müzakirələr zamanı ölkəmizdə son illərdə elektron hökumət və İKT sahəsində əldə edilmiş nailiyyətlər, “Elektron hökumət” portalı, o cümlədən göstərilən elektron xidmətlər və statistik göstəricilər barədə verilən məlumatlar tədbir iştirakçıların marağına səbəb olmuşdur.

Seminar çərçivəsində həmçinin Çinin informasiya texnologiyaları sahəsində məşhur olan “İnspur” şirkətinin Cinan şəhərindəki sənaye parkına səfər təşkil edilmiş, həmin şirkətin məhsulları olan böyükhəcmli server avadanlıqları, bulud(cloud) yaddaş sistemləri, izləmə qurğuları, özünəxidmət köşkləri və məlumatlandırma robotları nümayış etdirilərək onlar barədə geniş məlumat verilmişdir.

Eyni zamanda Çin Xalq Respublikasında notariat fəaliyyəti ilə tanış olmaq məqsədilə Harbin şəhərindəki notariat kontoruna səfər edilmişdir. 17 dövlət notariusunun fəaliyyət göstərdiyi notariat kontorunun 2 mərtəbəli geniş inzibati binasınin birinci mərtəbəsində gözləmə zalı, eləcə də texniki və köməkçi xidmətlər təşkil edilmişdir.

Harbin şəhərinin dövlət notariat kontoru

Notariat hərəkətinin aparılması üçün müraciət edən vətəndaşlar ilk növbədə məlumat masası arxasında oturan bələdçilərə yaxınlaşır və onlar tərəfindən aidiyyəti texniki işlərin görülməsi məqsədilə həmin mərtəbədə çalışan əməkdaşlara yönləndirilir. Zəruri texniki işlər həyata keçirildikdən sonra vətəndaşların qəbulu elektron növbə sistemi əsasında üst mərtəbədə otaqlarda deyil, xidməti pəncərələrdə notariuslar tərəfindən həyata keçirilir. Maraqlı haldır ki, notariat hərəkətinin aparılması prosesinin əvvəldən sonadək videoçəkilişi aparılır.

Notariuslardan ayrı-ayrı notariat hərəkətləri barədə, o cümlədən sənədlərə əsasən ailə və qohumluq münasibətləri faktlarının təsdiqi, eləcə də tutulan rüsumlar və daşınmaz əmlakın təqdim edilməsinə görə vergi məbləğinin hesablanması barədə ətraflı məlumat alınmışdır. Bildirilmişdir ki, 5 ildən az mülkiyyətdə olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı yerləşdiyi regiondan aslı olaraq əmlakın dəyərinin 3-5 faizi məbləğində vergi notariuslar tərəfindən tutularaq aidiyyəti üzrə ödənilir.

Əldə olunan məlumat əsasında müəyyən olunmuşdur ki, ölkəmizdən fərqli olaraq sənədlərdən surətlərin və çıxarışların düzgünlüyünün təsdiq edilməsi məqsədilə notariat kontorlarına nadir hallarda müraciət olunur. Belə ki, digər qurumlara təqdim edilən sənəd surətlərinin notariat qaydasında təsdiqi tələb olunmur.

Bundan başqa vətəndaşların qəbulu məqsədilə quraşdırılmış növbə və məlumat köşkünün imkanları, eləcə də notariat hərəkətlərinin aparılması zamanı şəxslərin barmaq izi vasitəsilə eyniləşdirilməsi prosesi barədə məlumat verilmişdir.

Qeyd olunmalıdır ki, Ölkə başçısının 30 avqust 2018-ci il tarixdə müvafiq Fərmanı ilə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi barədə Əsasnamə”yə edilmiş dəyişikliyə əsasən yeni nəsil şəxsiyyət vəsiqələri verilərkən əl-barmaq izlərinin götürülməsi gələcəkdə ölkəmizdə də notariat hərəkətlərinin aparılması zamanı vətəndaşların barmaq izləri vasitəsilə eyniləşdirilməsində əhəmiyyətli rol oynayacaqdır.

iacca
help_az
iap
eplc