Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlıq səmərə verir

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi hüquqi islahatlar çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir.

Belə ki, nazirlik 40-dan çox ikitərəfli müqavilələrin, o cümlədən cinayət və mülki işlər üzrə hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi üzrə öhdəliklərin icrasını həyata keçirir, 32 ölkənin Ədliyyə nazirlikləri ilə ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq edir, 16 çoxtərəfli konvensiya üzrə isə mərkəzi və ya əlaqələndirici orqan qismində çıxış edir. Bunun nəticəsində beynəlxalq hüquqi yardımla bağlı nazirliyə daxil olan sorğuların sayı dəfələrlə artaraq bu il 19.000-ə çatmaqdadır.

Hüquqi əməkdaşlıq çərçivəsində beynəlxalq cinayət hüququnun qədim institutlarından olan ekstradisiya sahəsində işin dairəsi də genişlənir. Belə ki, bir sıra dövlətlərlə, o cümlədən Çin, İran, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Hindistan, həmçinin bu il Əlcəzair ilə bu sahədə müqavilələr bağlanılıb, habelə MDB çərçivəsində müvafiq konvensiyalar üzrə əməkdaşlıq edilir.

Eyni zamanda, dövlətimiz "Ekstradisiya haqqında" 1957-ci il tarixli Avropa Konvensiyasının iştirakçısı olmaqla Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətli qurum kimi qitə dövlətləri ilə səmərəli əlaqələr həyata keçirilir. Həmin sənədlər cinayətkarlığın yayılmasının qarşısının alınması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması və bununla da ədalət mühakiməsinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, Azərbaycan dövləti universal və regional konvensiyalardan irəli gələn vəzifələri vicdanla yerinə yetirməklə kifayətlənməyərək, xoş niyyət nümayiş etdirməklə ekstradisiya haqqında xüsusi qanun qəbul edib ki, bu da xarici tərəfdaşlarımızla bu sahədə müqavilə olmadan belə əməkdaşlıq etməyə imkan verir. Bütün bunlar cinayətkarların özünü təhlükəsizlikdə hiss etmələrinin qarşısını alan çox mühüm təsirli mexanizm olmaqla cəzanın labüdlüyü prinsipini təmin edir. Təsadüfi deyil ki, qeyd olunan sənədlərin icrası çərçivəsində İspaniya və Əlcəzair kimi uzaq dövlətlərdən cinayətkar şəxslərin ölkəmizə ekstradisiyası həyata keçirilib.

Son dövrlər ekstradisiya zamanı təslim edilən şəxslərin hüquqlarının qorunmasına, onların penitensiar müəssisələrdə saxlanma şəraitinin Avropa standartlarına uyğun təminatına və tibbi vəziyyətinə daim nəzarət olunmasına xüsusi diqqət yetirilir. Hətta bəzi dövlətlərdə şəxsin ekstradisiyası barədə qərarın onu qəbul edən dövlətdə saxlanma şəraiti ilə yerində tanış olunduqdan sonra verilməsi təcrübəsi mövcuddur.

Ötən dövrdə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə penitensiar sistemin və infrastrukturunun müasirləşdirilməsi, məhkumların saxlanma şəraitinin, tibb və digər təminatlarının yaxşılaşdırılması, səmərəli ictimai nəzarətin tətbiqi sahəsində məqsədyönlü tədbirlər görülür. Bu sahədə aparılan islahatların müsbət nəticəsidir ki, Almaniya tərəfi qeyd edilən praktikadan istifadə edərək Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Azərbaycan vətəndaşının ekstradisiyası ilə bağlı müsbət qərar qəbul edib və o, bu günlərdə Ədliyyə Nazirliyi tərəfindən Almaniyadan ölkəmizə gətirilib.

Ümumiyyətlə isə, ötən 5 il ərzində 160-dək cinayətkar şəxslərin Azərbaycana ekstradisiya edilməsinə nail olunub.

Bu sahədə lazımi tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

iacca
help_az
iap
eplc