Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyində müşavirə keçirilib

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində dövlət başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il 28 dekabr tarixdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və "Məhkəmələr və hakimlər haqqında" Qanunda əsaslı dəyişiklikləri nəzərdə tutan yeni qanunlar qəbul olunub.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində, işin səmərəliliyinin və keyfiyyətinin artırılmasında, iş yükünün azaldılmasında, "elektron məhkəmə" sisteminin tətbiqinin genişləndirilməsində müstəsna əhəmiyyət kəsb edən qanunvericiliyə edilmiş mütərəqqi dəyişikliklər, həmçinin məhkəmələrdə şəffaflığın və aşkarlığın artırılmasına, işlərə daha operativ baxılmasına, vətəndaşların hüquqlarının təmin olunmasına xidmət edəcəkdir.

Yeni qanunvericiliyin icrası ilə bağlı məsələlər təxirəsalınmadan ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş müşavirədə müzakirə olunub.

Müşavirədə qarşıda duran vəzifələrin, o cümlədən qanunvericiliyin yeni müddəalarının dürüst və vaxtında icrasının təmin olunması, onların mahiyyətinin dərindən öyrənilməsi və e-məhkəmənin imkanlarından səmərəli istifadə olunmaqla düzgün tətbiqi, bu məqsədlə Ədliyyə Akademiyası ilə birgə ali və apellyasiya məhkəmələrinin təlimçi hakimlərinin iştirakı ilə paytaxtda və respublikanın bütün bölgələrində silsilə təlimlərin və hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsi müəyyən olunub. Eyni zamanda, normativ-hüquqi aktların yeni qanunvericiliyə uyğunlaşdırılması, məhkəmə fəaliyyətini tənzimləyən sənədlərin təkmilləşdirilməsi ilə bağlı və digər konkret göstərişlər verilib.

Həmçinin məsələ ilə bağlı yaradılmış işçi qrupa qarşıda duran vəzifələrin icrası ilə bağlı xüsusi tədbirlərin planının hazırlanması tapşırılıb.

iacca
help_az
iap
eplc