IMAGE

Notariat sahəsində beynəlxalq əlaqələr genişlənir

Azərbaycan-Belarus dostluq və səmərəli əməkdaşlıq münasibətlərində hüquqi əlaqələr xüsusi yer tutur. Belə ki, iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair mühüm sazişlər imzalanaraq uğurla icra olunur, nümayəndə heyətlərinin mübadiləsi aparılır, birgə tədbirlər keçirilir.

Minsk şəhərində Belarusda notariat sahəsində islahatların 5 illiyi münasibətilə “XXI əsrin notariatı: Qlobal tendensiyalar və milli həllər" mövzusunda beynəlxalq konfrans keçirilib.

Belarus dövlət orqanları təmsilçilərinin, vəkillərin və ali təhsil müəssisələri nümayəndələrinin, eləcə də Rusiya Federasiyası, Almaniya, Fransa, Macarıstan, Litva, Avstriya, Estoniya, Gürcüstan, Serbiya, Bolqarıstan, Ukrayna, Türkiyə və Qazaxıstan notariat palataları rəhbərlərinin və ya üzvlərinin, həmçinin notariusların qatıldığı tədbirdə Azərbaycan Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin əməkdaşı Zaur Həsənov və Bakı şəhərinin xüsusi notariusu Süleyman Məmmədov iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Belarus Notariat Palatasının sədri Natalya Borisenko notariatın özünüidarəetmə prinsipi əsasında fəaliyyətinin son 5 illik nəticələri, əldə edilmiş nailiyyətlər və gələcək inkişafı perspektivləri barədə məlumat verib.

Belarus Respublikasının Prezidenti Administrasiyasının rəhbərinin müavini Valeriy Mitskeviç, ədliyyə naziri Oleq Slijevski, Ali Məhkəmənin sədr müavini Andrey Zabara və Milli Şuranın Nümayəndələr Palatası Qanunvericilik üzrə Daimi Komitəsinin sədri Natalya Quyvik notariat müasir fəaliyyətini müsbət qiymətləndirib, ötən dövrdə notariat xidmətinin keyfiyyətinin və əlçatanlığının artırıldığını qeyd ediblər.

Tədbirdə ictimai-iqtisadi yeniliklərin ənənəvi notariat sisteminin fəaliyyət və inkişafına təsiri, notariusların işində müasir informasiya texnologiyalarının və innovativ həllərin tətbiqinin genişləndirilməsi, notariat fəaliyyətində hüquqi yeniliklərə dair məsələlər müzakirə olunub. xarici dövlətlərin müsbət təcrübələri barədə məruzələr dinlənilib, səmərəli fikir mübadiləsi aparılıb.

Azərbaycanın nümayəndə heyəti tərəfindən çıxış edilərək son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafı çərçivəsində notariat sahəsində aparılan islahatlar, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi barədə geniş məlumat verilib. Tətbiq olunan yeniliklərə və əldə olunan nailiyyətlərə dair keçirilən təqdimatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Bu barədə Belarus notariat palatasının internet səhifəsində xəbərlərdə də xüsusilə vurğulanıb (http://belnotary.by/novosti/novosti-bnp/notariat-xxi-globalnye-tendentsii-i-natsionalnye-resheniya-news/).

Türkiyə, Qazaxıstan, Qırğızıstan, Moldova və Serbiya nümayəndələri Azərbaycanın müsbət təcrübəsinin öyrənilməsinə xüsusi maraq göstərib və bu məqsədlə tanışlıq səfərlərinin həyata keçirilməsi ilə bağlı niyyətlərini ifadə ediblər.

Səfər çərçivəsində əlamətdar hadisə münasibətilə təşkil olunmuş ziyafətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təbriki diqqətə çatdırılıb.

iacca
help_az
iap
eplc