Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr dünyada modeldir

Dünya Bankının təşkilatçılığı ilə Bakıda keçirilən "Azərbaycanda Ədliyyə Sektorunun Nailiyyətləri: Keçmişə və Gələcəyə Baxış" mövzusunda forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyəti ilə iyunun 4-də Ədliyyə naziri Fikrət Məmmədovun görüşü keçirilib.

Azərbaycan və Dünya Bankı arasında səmərəli əməkdaşlığın vurğulandığı görüşdə forumun ədliyyə sahəsində birgə həyata keçirilən layihələr nəticəsində əldə olunan nailiyyətlərin geniş auditoriyaya, o cümlədən beynəlxalq aləmə təqdim olunmasında mühüm əhəmiyyəti qeyd olunub.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə aparılan islahatlarda Dünya Bankının dəstəyini vurğulayıb, dövlət başçısının ədliyyə və məhkəmə sisteminin inkişafında mühüm "yol xəritəsi" olan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 2019-cu il 3 aprel tarixli Fərmanın icrasının əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açdığını və qarşıda duran vəzifələrin yerinə yetirilməsində, xüsusilə "Elektron məhkəmə" informasiya sisteminin tam tətbiqində Dünya Bankının iştirakının əhəmiyyətini qeyd edib.

Dünya Bankının Azərbaycanla əlaqələrinin çox uğurlu olduğunu söyləyən xanım M.Tembon ölkəmizin nümunəvi tərəqqisini qeyd edib, məhkəmə-hüquq islahatlarının davam etdirilməsində Azərbaycan Prezidentinin siyasi iradəsini vurğulayaraq birgə həyata keçirilən layihələr nəticəsində əldə olunan nailiyyətləri, o cümlədən ədalət mühakiməsinin səmərəliliyinin xeyli artmasını, elektron məhkəmənin tətbiqini alqışlayıb.

Qeyd edib ki, Bankın ədliyyə sahəsindəki layihələri dünyada model layihə kimi qiymətləndirilərək digər dövlətlər üçün nümunəyə çevrilib. Həmin layihələr aprel ayında Vaşinqtonda keçirilən təqdimat zamanı çox böyük təəssüratla qarşılanaraq Azərbaycan nailiyyətlərinin təqdirəlayiq olduğu vurğulanıb və ölkəmizin müsbət təcrübəsindən yararlanmaq üçün digər dövlətlər tərəfindən Dünya Bankına müraciətlər edilir.

Xanım M.Tembon Azərbaycanda fəaliyyət müddətinin başa çatdığını bildirərək Bankın yeni regional direktoru Sebastian Molenösü təqdim edib. Nazir M.Tembona səmərəli əməkdaşlığa görə minnətdarlığını ifadə edib, S.Molenösə uğurlu fəaliyyət arzulayıb.

S.Molenös birgə layihələrin uğurlu nəticələrinin şahidi olduğunu bildirərək Dünya Bankının məhkəmə-hüquq islahatlarına dəstək göstərməyə hazır olduğunu və səmərəli əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.


iacca
help_az
iap
eplc