Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

"Azərbaycanda ədliyyə sektorunun nailiyyətləri: keçmişə və gələcəyə baxış" mövzusunda forum keçirilib

İyunun 4-də Bakıda Dünya Bankının təşkilatçılığı ilə "Azərbaycanda ədliyyə sektorunun nailiyyətləri: keçmişə və gələcəyə baxış" mövzusunda forum keçirilib. AZƏRTAC xəbər verir ki, Forumda 120-dən çox nümayəndə, o cümlədən Nazirlər Kabinetinin məsul şəxsləri, Milli Məclisin deputatları, hökumət üzvləri, digər dövlət qurumlarının, məhkəmə hakimiyyətinin yüksək səviyyədə təmsilçiləri, elm və təhsil müəssisələrinin rəhbərliyi, diplomatik korpusun, biznes birliklərinin, vətəndaş cəmiyyətinin, Dünya Bankının nümayəndələri iştirak ediblər. Tədbir ədliyyə sektorunda islahatların icrası zamanı qazanılan uğurların geniş auditoriyaya çatdırılmasına, Dünya Bankının Azərbaycan ilə əməkdaşlığının müsbət nəticələrinin dayanıqlılığını təmin edəcək gələcək çağırışlara və növbəti addımlara dair fikir mübadiləsinin aparılmasına həsr olunub.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon forumda çıxış edərək Azərbaycan ilə Dünya Bankı arasında səmərəli əməkdaşlığı qeyd edib, ədliyyə sistemində birgə həyata keçirilən uğurlu layihələr barədə məlumat verib. O, Azərbaycanın ədliyyə sektorunun tərəqqisindən, nailiyyətlərindən və bu sektorun müasirləşdirilməsi planlarından danışıb. Qeyd edib ki, Azərbaycan ədliyyə sektorunun müasirləşdirilməsi ilə bağlı böyük uğurlar qazanıb. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan məhkəmələrin səmərəliliyi, şəffaflığı, əlçatanlığı baxımından böyük nailiyyətlərə imza atıb. Bir çox elektron ədliyyə xidmətləri artıq digər ölkələrdə tətbiq edilir. Elektron məhkəmə texnologiyalarının istifadəsi məhkəmə strukturlarının məhsuldarlığını üç dəfə artırıb, bu sahədə vəsaitin qənaət edilməsinə imkan verib. Bu uğurlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həmçinin ədliyyə sektorunda özünü dünyaya tanıtdırmağa imkan verir. Bir çox ölkələr ədliyyə sahəsində Azərbaycanın müsbət təcrübəsini bölüşməsi üçün Dünya Bankına müraciət edirlər.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı bir sıra fərmanlar imzalayıb. Bu sahədə aparılan uğurlu islahatlar məhkəmələrə əlçatanlığı təmin edib, süründürməçiliyin azaldılmasına müsbət təsir göstərib, xidmətlərin səmərəliliyini artırıb. Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanına əsasən bir sıra mühüm tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Dünya Bankı Azərbaycanın ədliyyə sahəsinin müasirləşdirilməsi istiqamətində gördüyü işləri və qazandığı uğurları təqdir edir. Bank mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu layihələri çərçivəsində müasirləşmə proseslərinə dəstək göstərməyə çalışır. Dövlət başçısı, müxtəlif qurumların rəhbərləri ədliyyə sektoru, ümumiyyətlə Azərbaycanın inkişafına qayğı ilə yanaşırlar. Bu müasirləşdirmə proseslərinin növbəti mərhələsi “Elektron məhkəmə” sisteminin bütün ölkə ərazisində tətbiqini, qadınlar və gənclər üçün ədliyyə xidmətlərinə çıxış imkanlarının təkmilləşdirilməsini, biznes üçün mübahisələrin alternativ həlli mexanizmlərinin təşviqi istiqamətində işlərin görülməsini nəzərdə tutur.

Sonra layihənin nəticələrinə dair videoçarx nümayiş etdirilib.

Tədbir Dünya Bankının ölkə üzrə meneceri Navid Həsən Naqvinin moderatorluğu ilə "Azərbaycanda ədliyyə sektorunda aparılan islahatlar çərçivəsində əldəolunan uğurlar, qarşılaşmış çətinliklər, eləcə də gələcək çağırışlar və növbəti addımlar" mövzusunda panel müzakirələrlə davam edib.

Müzakirələrdə Ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək Azərbaycanda ədliyyə sektorunda islahatların uğurlarına, problem və yeni çağırışlara həsr olunmuş müzakirələrin bu sahədə inkişafa əlavə təkan verəcəyinə əminliyini bildirib. Nazir qeyd edib ki, Azərbaycan üçün demokratik inkişaf yolunu seçmiş xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən ölkəmizin məhkəmə-hüquq sistemi beynəlxalq prinsiplərə uyğun olaraq tamamilə yenidən qurulub. Üçpilləli müstəqil məhkəmə sistemi yaradılıb, şəffaf prosedurlarla hakim seçimi aparılıb, məhkəmə nəzarəti institutu təsbit edilib, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti seçildiyi vaxtdan dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi, Avropa standartlarına tam uyğunlaşdırılması məqsədilə müasirləşdirilməsi işinə başlanılıb. Məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan müstəqil qurum – Məhkəmə-Hüquq Şurası yaradılıb, məhkəmə fəaliyyəti ilə bağlı bütün məsələlər məhz onun səlahiyyətinə aid edilib. Məhkəmələrə müraciət imkanlarının və əlçatanlığın asanlaşdırılması məqsədilə bir çox yeni məhkəmələr təsis edilib, o cümlədən bölgələrdə apellyasiya və iqtisad məhkəmələri yaradılıb. İnsan hüquqlarının müdafiəsində mühüm rol oynayan inzibati ədliyyə fəaliyyətə başlayıb, hakimlərin və məhkəmə aparatı işçilərinin sayı iki dəfə artırılıb. Məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla qanunvericiliyə mütərəqqi əlavə və dəyişikliklər edilib, Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri mütəmadi genişləndirilib.

Nazir uğurlardan danışarkən Dünya Bankı ilə birgə həyata keçirilən layihələr nəticəsində əldə edilmiş nailiyyətləri xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, bu layihə çərçivəsində inşa olunmuş yeni, müasir binalar dövlətimizin başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamına uyğun olaraq "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi üzrə bütün zəruri infrastrukturla təchiz olunub. Hazırda 111 məhkəmənin 60 faizi bu sistemə qoşulub. “Elektron məhkəmə”nin bir çox komponentləri hazırda uğurla tətbiq olunur.

Qeyd edilib ki, Dünya Bankı ilə layihələr çərçivəsində mübahisələrin alternativ həlli sisteminin yaradılması, vəkillik institutunun, ədliyyə və məhkəmə qurumlarının institusional və idarəetmə potensialının gücləndirilməsi, pulsuz hüquqi yardımın göstərilməsi və sair üzrə tədbirlər görülüb, ədliyyə islahatlarına dəstək göstərilərək müxtəlif sahələr üzrə beynəlxalq təcrübəyə əsaslanan tövsiyələr hazırlanıb. Həmçinin əməkdaşlıq nəticəsində ərsəyə gəlmiş və səkkizinci ildir ki, fəaliyyət göstərən məhkəmə sisteminin Vahid Elektron Portalı mühüm əhəmiyyətə malikdir. Məhkəmə fəaliyyətində şəffaflığın təmin olunmasına xidmət edən və funksionallığı ilə fərqlənən bu portal vasitəsilə vətəndaşlar məhkəmələr və hakimlər haqqında dolğun məlumatlar ala, məhkəmələrə elektron müraciət edə, məhkəmə sənədlərinin nümunələri ilə tanış ola və onun digər imkanlarından istifadə edə bilərlər.

Təsadüfi deyil ki, Dünya Bankı həyata keçirilən birgə layihəni ən uğurlu layihələrindən biri kimi qiymətləndirib, o cümlədən "Vətəndaşlara daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə innovativ üsulların yaradılması və tətbiqi" nominasiyasının qalibi elan edib. Bütün bunlar layihə çərçivəsində görülən işlərin uğurlu nəticəsinin real təzahürüdür. Nazir bu uğurların əldəedilməsində böyük zəhməti olan Dünya Bankının nümayəndələrinə minnətdarlığını bildirib.

Bu gün ədliyyənin digər sahələrində də elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirildiyini deyən Fikrət Məmmədov bəzi yenilikləri diqqətə çatdırıb. Bildirib ki, səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar xüsusi "Elektron notariat çantası" hazırlanıb. Elektron notariat informasiya sisteminə birbaşa çıxışı olan bu çanta vasitəsilə istənilən yerdə hər hansı notariat hərəkətini aparmaq və sənədləri çap edib, təqdim etmək mümkündür. Digər yenilik elektron ədliyyə köşküdür. Yalnız Azərbaycanda mövcud olan bu köşk vasitəsilə təxirə salınmayan hallarda məsafədən notariat hərəkətləri aparmaq mümkün olacaq. Bu köşklərin sərhəddə, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılması nəzərdə tutulur. Bu qurğular video-əlaqə vasitəsilə 24 saat ərzində notariat xidmətlərinin göstərilməsinə və müvafiq sənədlərin əldə edilməsinə imkan verir. Belə köşk artıq hava limanında quraşdırılaraq ikinci aydır ki, istifadəyə verilib. Növbəti yenilik isə Azərbaycanın məhsulu olan mobil notariat qovluğudur. Müvafiq proqramı telefona yükləməklə vətəndaşın elektron notariat kabineti yaradılır və notariat fəaliyyəti ilə bağlı bütün məlumatların yüklənməsi təmin edilir. Həmçinin dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsi barədə 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəli təşkili məqsədilə probasiya xidməti yaradılıb. Azadlığın məhdudlaşdırılması kimi yeni cəza növü müəyyənləşdirilib və elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb. Qısa müddətdə bu cihazların ölkədə istehsalı təşkil olunub və bir il ərzində 1500 məhkuma elektron qolbaqlar tətbiq olunub. Bu yeniliklər qısa müddətdə tətbiq edilməsinə baxmayaraq, artıq beynəlxalq marağa səbəb olub.

Fikrət Məmmədov deyib ki, ölkəmizdə həyata keçirilən islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur. Ədliyyə Nazirliyinin müsbət təcrübəsi yayılır və Azərbaycan müxtəlif mükafatlara layiq görülür. Hakimliyə namizədlərin seçimi qaydası Avropa Şurası və Avropa İttifaqı tərəfindən tam şəffaflığına görə müsbət nümunə kimi digər dövlətlərə tövsiyə olunub. Ölkəmiz Avropa Şurası tərəfindən həyata keçirilən müsabiqədə “Məhkəmənin nəbzi: idarəetmədə inqilab” adlı layihə ilə iştirak edərək “Ədliyyənin Kristal Tərəzisi” mükafatına layiq görülüb.

Nazir diqqətə çatdırıb ki, bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində əhəmiyyətli nailiyyətlərə imza atılır, mühüm transmilli və regional layihələr uğurla həyata keçirilir. Dünya Bankının “Doing Business 2019” hesabatında ölkəmiz 32 pillə irəliləyərək 25-ci yerə yüksəlib və ən islahatçı 10 dövlət sırasına daxil olub. Bu gün ölkəmiz yeni inkişaf dövrünü yaşayır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə vətəndaşların rifahının yaxşılaşmasına xidmət edən çoxsaylı sosialyönümlü mühüm tədbirlər həyata keçirilir.

Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı məhz ölkəmizdə həyata keçirilən hərtərəfli islahatların mühüm tərkib hissəsidir. Ədliyyə sisteminin inkişafının strateji prioritetlərini müəyyən etməklə bu sahədə ən aktual məsələlərin və problemlərin həllini nəzərdə tutan Fərman müstəsna əhəmiyyətəmalik proqram xarakterli “yol xəritəsi”dir. Fərman iqtisadi artımda mühüm əhəmiyyət daşıyan sahibkarlığın inkişafı, məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmə fəaliyyətinə müdaxilələrin qarşısının alınması, icraatın səmərəliliyinin artırılması və süründürməçilik hallarının aradan qaldırılması, hakimlərin iş yükünün azaldılması və sair problemlərin həllində qarşıya mühüm vəzifələr qoyub.

"Xüsusilə bu vəzifələr sırasında Dünya Bankı ilə birgə işlədiyimiz “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin tam tətbiqi, ədliyyə və məhkəmə infrastrukturunun təkmilləşdirilməsi barədə aidiyyəti dövlət orqanları qarşısında konkret vəzifələr qoyulub. Fərmanla verilmiş tapşırıqların icrası çərçivəsində mühüm qanun layihələri paketi hazırlanaraq dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim edilib və artıq müzakirə olunub. Fərmanla qarşıda qoyulan məsələlərin aktuallığı və ictimai əhəmiyyəti nəzərə alınaraq onun icrasından irəli gələn məsələlər üzrə vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirələr keçirilir. Bugünkü forum da bu işə əlavə təkan verəcək. Əminəm ki, qarşımızda qoyulmuş vəzifələrin müasir çağırışlara uyğun həyata keçirilməsində etibarlı tərəfdaşımız olan Dünya Bankının dəstəyi xüsusi əhəmiyyət kəsb edəcək və Azərbaycan ədliyyəsinin inkişafına mühüm töhfə olacaq", - deyə Ədliyyə naziri Fikrət Məmmədov vurğulayıb.

Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanın davamlı tərəqqisi və inkişafı üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə reallaşdırılan islahatların məhkəmə-hüquq sahəsini də əhatə etdiyini bildirib. Qeyd edib ki, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsinə dair Fərman məhkəmələrin inkişafında yeni mərhələnin başlanğıcı olub. Bu Fərmanın məqsədi cəmiyyətdə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, vətəndaşların məhkəmə fəaliyyətinə inamının gücləndirilməsidir. Eyni zamanda, Ali Məhkəmə vahid məhkəmə təcrübəsinin təkmilləşdirilməsi üzərində iş aparır. Məhkəmə fəaliyyətinə müdaxilənin qarşısını almaq üçün mexanizmlərin təkmilləşdirilməsi planlaşdırılır, hakimlərin sayının artırılması nəzərdə tutulur. Aparılan bu islahatlar Azərbaycanda ədalət mühakiməsinin inkişafına xidmət edəcək, vətəndaşların hüquqlarının məhkəmələr tərəfindən mükəmməl şəkildə qorunacağına mühüm töhfə verəcək.

Panel müzakirələrdə İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, son illərdə Azərbaycanda iqtisadiyyatın inkişafı istiqamətində köklü islahatlar həyata keçirilir. Ölkəmizdə məhkəmələrin əlçatanlığı sahibkarlıq fəaliyyətini daha səmərəli edir. Bu, hər bir sahibkar üçün vacibdir. Çünki digər peşə mənsubları kimi sahibkarlar da məhkəmələrə müraciət edirlər. Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib ki, Ədliyyə Nazirliyi Azərbaycanda informasiya texnologiyalarının tətbiqi sahəsində ən qabaqcıl qurumlardan biridir. Ədliyyə sistemində tətbiq olunan müasir informasiya texnologiyaları hər bir qurum üçün vacibdir. Bu gün Azərbaycan ədliyyəsində ən müasir texnologiyalar tətbiq edilir. Azərbaycan ədliyyəsində ən müasir informasiya texnologiyalarının tətbiqi digər ölkələrin də diqqətindədir və müsbət qarşılanır.

Tədbirdə, həmçinin Ədliyyə nazirinin müavini, layihə rəhbəri Azər Cəfərov "Ədliyyə sahəsində Dünya Bankı ilə səmərəli əməkdaşlıq" mövzusunda çıxış edib. Layihənin əlaqələndiricisi, Avropa Şurasının Ədalət MühakiməsininSəmərəliliyi üzrə Avropa Komissiyasının Prezidenti Ramin Qurbanov, Dünya Bankının “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsinin informasiya texnologiyaları üzrə baş məsləhətçisi Qoran Edström ədliyyə sektorunda vətəndaşlara xidmətlərin göstərilməsində birgə nailiyyətlər barədə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda "Elektron məhkəmə" informasiya sisteminin ayrı-ayrı komponentləri əyani nümayiş etdirilib. Məlumat verilib ki, bu sistem elektron sənəd dövriyyəsini, o cümlədən iddia ərizələrinin elektron qaydada verilməsini təmin edir, məhkəmə xərclərini onlayn ödəmək, baxılan işlər və çıxarılan qərarlar barədə məlumat əldə etmək imkanı verir, məhkəmə proseslərinin audio-video yazılışını aparır, video-konfrans vasitəsilə proses iştirakçılarının uzaqdan dindirilməsini təmin edir, həmçinin məhkəmə idarəçiliyi işini əhəmiyyətli dərəcədə asanlaşdırır.

iacca
help_az
iap
eplc