IMAGE

Ədliyyə Nazirliyində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimi keçirilib

Xalqımızın müstəqillik uğrunda mübarizliyinin və şücaətinin təcəssümü olaraq milli qürur mənbəyinə çevrilmiş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il ötür. Bununla əlaqədar ölkə Prezidenti İlham Əliyev tərəfindən xüsusi Sərəncam imzalanıb və qəbul olunmuş müvafiq Tədbirlər Planına uyğun olaraq respublikamızda və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir.

Faciənin ildönümü ilə bağlı ədliyyə orqanlarında anım tədbirləri təşkil olunur, ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilir, Ədliyyə Akademiyasında və Penitensiar xidmətin Təlim Mərkəzində xüsusi mühazirələr oxunur, həmçinin Qanlı Yanvar qırğınından bəhs edən sənədli filmlər, eləcə də foto-slaydlar nümayiş etdirilir.

Davam edən tədbirlər çərçivəsində Ədliyyə Nazirliyində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.

Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, nazir müavinləri və nazirliyin kollektivi, həmçinin gənc ədliyyə işçiləri və könüllülər, vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

Anma mərasimində mərkəzi hakimiyyətin beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla o müdhiş gecədə sovet qoşununun iştirakı ilə həyata keçirdiyi hərbi təcavüz nəticəsində dinc əhaliyə divan tutulduğu, yüzlərlə insanın qətlə yetirildiyi bildirilib, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vurğulanıb ki, qətliamın ertəsi günü ümummilli lider Heydər Əliyev ölkəmizin Moskvadakı nümayəndəliyinə İlham Əliyevlə gələrək bu kütləvi qırğınla bağlı kəskin bəyanatla çıxış edib və yalnız bir neçə il sonra Ulu Öndərin təşəbbüsü ilə faciəyə ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu tarixi gün barədə əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə geniş çatdırılması, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin və əlillərin sosial müdafiəsinin gücləndirilməsi üzrə məqsədyönlü addımlar atılır. Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva və rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən bu sahədə mühüm işlər həyata keçirilir.

Mərasimdə Qanlı Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilib, həmin hadisələr üzrə respublika istintaq qrupunun üzvü olmuş nazirliyin İstintaq idarəsinin rəisi Nazim Abbasov və qanlı hadisələrin şahidləri, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri, vətəndaş cəmiyyəti təmsilçiləri Səadət Bənənyarlı, Əliməmməd Nuriyev və Əhməd Abbasbəyli faciə ilə bağlı xatirələrini ədliyyə işçiləri ilə bölüşüblər.

Çıxışlarda qırğın zamanı xalqımızın haqq-ədalətinin bərqərar edilməsi uğrunda küçələrə çıxmış neçə-neçə insanların yaralanması və qəddarcasına qətlə yetirilməsi barədə konkret faktlar səsləndirilib, bu qanlı aksiya zamanı insan hüquqlarına dair çoxsaylı beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan hüquqları Bəyannaməsinin tələblərinin kobud şəkildə pozulduğu, hadisələrlə bağlı sonralar başlanmış cinayət işinin istintaqı aparılarkən qaranlıq qalan bir çox məqamlara aydınlıq gətirildiyi, dinc əhaliyə qarşı əli silahlı ordudan istifadə etməklə hərbi cinayət törədilməsinin tam sübuta yetirildiyi diqqətə çatdırılıb.

Tədbirdə ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış həmvətənlərimizin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağı bildirilərək qeyd olunub ki, hər il olduğu kimi, 20 yanvar - ümumxalq hüzn günündə ədliyyə işçiləri xalqımız üçün müqəddəs and yerinə çevrilmiş qəhrəman Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edəcəklər.

iacca
help_az
iap
eplc