IMAGE

Azərbaycan ədliyyə tarixini ehtiva edən dəyərli tədqiqat

Azərbaycan Respublikası demokratik, hüquqi,
dünyəvi dövlət quruculuğu yolu ilə əzmlə irəliləyir!

Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri.


Əminəm ki, ədliyyə və məhkəmə orqanları
hüquqi dövlət quruculuğu istiqamətində səylərini
bundan sonra da davam etdirəcək və qarşıda
duran vəzifələri layiqincə yerinə yetirəcəkdir!

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Bu gün müstəqil və müasir Azərbaycanın hər bir vətəndaşı, bütün varlığı ilə, sidq ürəkdən bu yurda, bu məmləkətə bağlı olan hər bir vətən övladı ölkəmizin qazandığı parlaq qələbə və tarixi nailiyyətlərlə haqlı fəxr edir, qürur hissi keçirir. Məhz bu günlərdə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi həm siyasi, həm də hərbi arenada Azərbaycanın şanlı qələbəsi ilə yekunlaşdı.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla icra edərək böyük qələbəyə imza atmaqla xalqımızın zəfər salnaməsini yazdı. 44 gün davam edən zəfər yürüşündə dövlət başçısının qəti iradəsi və müdrik xarici siyasəti, müzəffər ordumuzun şücaəti, əzmi və qəhrəmanlığı, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı, Böyük Qələbə qazanılaraq tarixi ədalət bərpa olundu, xalqın inamı özünə qaytarıldı.

Ədliyyə İşçilərinin Peşə Bayramı Günü də bu il xalqımızın şanlı Qələbəsi ilə xüsusilə əlamətdar oldu. Hazırda Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri, Cənubi Qafqazın lider dövləti, cəmiyyətin, insan həyatının bütün sahələrində irəlidə gedən ölkəsi, həm də dünyəvi, demokratik, hüquqi dövlət kimi dünya birliyində ön sıralardadır. Xalqımız özünün dahi oğlu Heydər Əliyevin zəkası gücünə tarixən çox qısa bir zaman kəsiyində sarsılmaz ədalət bünövrəsi üzərində ucalan və insan haqlarını uca tutan yeni Azərbaycan dövləti yaratmışdır.

Bu gün ulu öndərin yüksək dövlətçilik amalları və siyasi kursu tam ümumxalq məhəbbəti qazanmış, müasir, qətiyyətli və yaradıcı dövlət xadimi kimi dünyanın ən sayılıb-seçilən siyasi xadimlərindən olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilərək bütün sahələrdə misilsiz uğurlar qazanılır.

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların real təzahürü olaraq, hər şeydən öncə, xalqımızın tarixi ənənələrinə söykənən uğurlu məhkəmə-hüquq islahatları nəticəsində ədliyyə və məhkəmə sistemi də inkişaf edir, mühüm nailiyyətlər əldə olunur. İndi Azərbaycanın paytaxtı dünyamiqyaslı ədliyyə forumlarının, beynəlxalq məhkəmə-hüquq tədbirlərinin keçirildiyi məkana çevrilib.

Ümummilli lider Heydər Əliyevin “tariximizin hər səhifəsi bizim üçün əzizdir” fikrinə istinadən deyə bilərik ki, Azərbaycan ədliyyəsinin tarixini indiki və gələcək nəsillərə çatdırmaq, ədliyyə fəaliyyətinin ictimaiyyət arasında təbliğini genişləndirmək məqsədilə məhkəmə-hüquq tariximizin bütöv, mükəmməl və sistemli halda araşdırılmasını ehtiva edən, tarixi sənədlər və zəngin fotomateriallar əsasında hazırlanmış oxunaqlı, nəfis, sanballı bir kitaba ciddi ehtiyac vardı.

Bu yaxınlarda Azərbaycan ədliyyəsinin 100 illik tarixindən bəhs edən “Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda” kitabının işıq üzü görməsi bu yöndə ən sanballı mənbədir. Belə ki, bu kitab Azərbaycan ədliyyəsinin keçmişinə, qət edilmiş yola nəzər salmaq üçün dəyərli vəsait, həmçinin ölkə ədliyyəsinin tarixi və müasir dövrdəki fəaliyyəti barədə zəngin və dəqiq məlumatların alınması baxımından da faydalıdır.

Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, birinci dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun müəllifliyi və rəhbərliyi ilə redaksiya qrupu tərəfindən Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə hazırlanan kitabda Azərbaycanın ədliyyə tarixi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə və sovet hakimiyyəti illərində ədliyyə orqanlarının təşkili və fəaliyyəti, ümummilli lider Heydər Əliyevin ədliyyə sisteminə daim diqqət və qayğısı, ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları və Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin davamlı inkişafı barədə ətraflı məlumatlar öz əksini tapmışdır.

Ədliyyə tariximizə çox qiymətli töhfə olan sanballı araşdırmada, düzgün olaraq, xalqımızın ədliyyə tarixi ən qədim zamanlardan başlayaraq yaşadığımız günlərədək bütöv halda, bir-birini tamamlayan və zamanın tələblərinə uyğun olaraq inkişaf edən, təkmilləşən, yeniləşən vahid bir sistem halında təqdim olunub.

Kitab araşdırma stilində hazırlandığı üçün bəzi tarixi məqamlara işıq salmaq naminə geniş şəkildə şərh edirik.

“Keçmişini unudanın gələcəyi olmaz” müdrik kəlamına istinad olunan kitabın “Azərbaycan ədliyyəsinin tarixi” adlanan birinci hissəsinin üç fəsildən ibarət olması xalqımızın qədim dövlətçilik ənənələrinə və tarixinə malik olduğunu təsdiq edən təqdirəlayiq haldır. “Azərbaycan ədliyyəsi - qədim dövrlərdən ilk demokratik respublikanın yaranmasınadək” adlanan birinci fəsildə e.ə. birinci minilliyin əvvəllərində Azərbaycan ərazisində yaranmış ilk dövlətlərdən olan Mannada ali məhkəmə hakimiyyətinin mövcudluğundan danışılır. Daha sonra Midiya, Atropatena və Albaniyada müasir məhkəmə hakimiyyətinə xas olan hakimlərin yüksək statusa malik olması, məhkəmə proseslərində iddiaçıların, cavabdehlərin, şahidlərin və müdafiəçilərin iştirakı, proseslərin açıq çəkişmə prinsipi əsasında həyata keçirilməsinin mövcudluğu qeyd olunur. Eramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşmış Qafqaz Albaniyasında mütləq hakimiyyətə malik olan hökmdar məhkəməyə də rəhbərlik edirdi, qayda-qanunların şərtləri isə mülki əyanlar və ruhanilər tərəfindən işlənib hazırlanırdı. VII əsrin sonu, VIII əsrin əvvəllərində Qafqaz Albaniyasında islam dini yayıldıqdan sonra müsəlman hüququnun əsas mənbələri olan Quran və Sünnədə dini-əxlaqi, sosial-etik normalarla yanaşı, müxtəlif məsələlər üzrə çoxsaylı hüquq normaları yer almışdı. Müsəlman hakimləri olan qazılar xəlifə tərəfindən təyin olunur və onun adından çıxış edirdilər.

Zaman keçdikcə ədalətli cəmiyyət barədə yeni-yeni ideyalar meydana gəlmiş; görkəmli mütəfəkkirlər öz əsərlərində ədaləti, əxlaqi, hüquq qaydalarına riayət etməyi, insanların şərəf və ləyaqətini müdafiə etməyi tərənnüm etmişlər.

Siyasi hüquq tariximizin və dünya mədəniyyətinin çox nadir incilərindən olan XI əsrin mühüm abidəsi - “Kitabi-Dədə Qorqud” eposunda xeyir və şər, cinayət və cəza, inandırma və məcburiyyət, ədalət məhkəməsi, hüquq və azadlıqların hər şeydən üstün tutulması ilə bağlı fikirlər, hüquqi düşüncələr öz əksini tapmışdır. Daha sonra kitabda xronoloji ardıcıllıqla Azərbaycanda mövcud olan müxtəlif dövlətlərin hökmranlığı dövründə ölkədə dövlət idarəetməsinin, qanunvericilik və mühakimə sisteminin təkmilləşməsindən, onların forma və fəaliyyətindən geniş bəhs edilir.

XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırlamaqla ədliyyə sahəsində də böyük dəyişikliklərə səbəb oldu. XX əsrin əvvəllərində regionda yaranmış mürəkkəb geosiyasi vəziyyətdə müsəlman Şərqində ilk demokratik respublikanın yaranması xalqımızın milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirərək onu müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadir olduğunu sübut etdi.

Oxuculara həmin dövr haqqında geniş məlumat təqdim olunan ikinci fəsildə 1918-ci il may ayının 28-də Tiflis şəhərində Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsinin fransızca mətninin fotosurəti və tərcüməsi də verilmişdir. Dövlət quruculuğu sahəsində ciddi tədbirlərin həyata keçirilməsi və Azərbaycan ədliyyəsinin şanlı tarixi də məhz Xalq Cümhuriyyətinin yaranması ilə başladı. Hüquq sisteminin fəaliyyətinə böyük əhəmiyyət verildiyindən Ədliyyə Nazirliyi ölkənin yaradılması ilə bir gündə təsis edildi. Anarxiyanın və daxili çəkişmələrin hökm sürdüyü dövrdə fəaliyyətə başlayan Ədliyyə Nazirliyi ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpasına başladı. Vəsaitdə həmçinin Ədliyyə Nazirliyinin ilk binasının fotosu ilə yanaşı qeyd olunur ki, Ədliyyə Nazirliyi 1918-ci il sentyabrın 26-da Bakıda, məşhur milyonçu azərbaycanlı Murtuza Muxtarovun XX əsrin əvvəllərində tikdirdiyi, öz arxitekturası ilə şəhərə gözəllik verən bugünkü Səadət Sarayının binasında fəaliyyətə başlamışdır.

1918 -ci il noyabr ayının 22-də Ədliyyə Nazirliyi Əsasnaməsinin təsdiq olunması ədliyyə sisteminin mühüm dövlət orqanı kimi formalaşmasında əsaslı rol oynadı. Məhz bu səbəbdən də xalqımızın ümummilli lideri Heydər Əliyevin 1 noyabr 2000-ci il tarixli sərəncamı ilə həmin gün Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi müəyyən olundu və hər il təntənəli şəkildə qeyd edilir.

Azərbaycan Xalq Cümhuriyyətinin mühüm xidmətlərindən biri də dövlət dili olan Azərbaycan dilinin məhkəmələrdə tətbiqinin əhəmiyyətini nəzərə alaraq məhkəmə idarələrində iclasların yalnız Azərbaycan dilində aparılmasına başlanılması və işə Azərbaycan dilini bilən şəxslərin cəlb edilməsi üçün tədbirlərin görülməsi ilə bağlı idi.

Sovet dövrünün ilk illərində Azərbaycan ədliyyəsinin fəaliyyətinə həsr olunan 3-cü fəsil də məlumatlılıq baxımından çox zəngindir. Qeyd olunur ki, ədliyyə sistemində sovetlər birliyinin mahiyyətinə uyğun olan kütləvi dəyişikliklər edilməklə nazirliyin adı da dəyişdirilərək Xalq Ədliyyə Komissarlığı adlandırıldı.

1920-1930-cu illərdə qəbul olunmuş yeni əsasnamələrdə Komissarlığın səlahiyyətləri genişləndirildi, xalq iclaslarının ədalət mühakiməsinin həyata keçirilməsində iştirakının mühüm əhəmiyyəti nəzərə alınaraq onların sovet qanunvericiliyinin mənimsənilməsi, tərkibinin yaxşılaşdırılması və sairlə bağlı tədbirlər həyata keçirildi. 1930-cu ildə isə sovet aparatının sadələşdirilməsi və saxlanması xərclərinin azaldılması məqsədilə Xalq Ədliyyə Komissarlığı (XƏK) ləğv edilərək onun funksiyaları Ali Məhkəməyə, prokurorluğa və digər orqanlara verildi. Bu sahədə boşluğa səbəb olmaqla idarəçilikdə ciddi problemlər yarandığından 1933-cü ildə XƏK yenidən təşkil olundu. 1946-cı ildə Xalq Komissarlıqları nazirliklərə çevrildiyindən XƏK də Ədliyyə Nazirliyi adlandırılsa da, 1959-cu ildə yenidən ləğv olundu. Azərbaycan ədliyyəsinin fəaliyyətinin hamar olmaması, bu orqanların ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə ciddi zərbə vurmuşdu.

Ciddi tədqiqat araşdırması olan kitabın “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” adlanan ikinci hissəsi “Azərbaycan ədliyyəsi XX əsrin 70-80-ci illərində” və “Azərbaycan ədliyyəsi müstəqillik illərində və müasir hüquq sisteminin formalaşması” kimi iki fəsildən ibarətdir. I fəsildə qeyd olunur ki, bugünkü dövlət müstəqilliyinin möhkəm təməlinin qoyulduğu 1970-1980-ci illərdə sosial-iqtisadi, ictimai-mədəni və digər sahələrdə olduğu kimi, ədliyyə-hüquq sahəsində də əsaslı dönüş yarandı. Doğma xalqının böyük təəssübkeşi olan, özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən Heydər Əliyev “ədaləti ədalətsizliklə bərpa etmək olmaz” - deyərək qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi, cinayətkarlığa, rüşvətxorluğa qarşı barışmaz münasibət nümayiş etdirdi. Məhz həmin dövrdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1970-ci il 27 oktyabr tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi yenidən təsis olundu.

Ölkədə ədliyyə işinin səmərəli təşkili, məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı çox mühüm qanun və qərarlar qəbul olundu. Həmin sənədlərin təhlili ilə yanaşı fotosurətlərinin orijinalda təqdim olunması kitabın əsas məziyyətlərindən biridir.

Qəbul olunmuş yeni Qanunlara və qərarlara uyğun olaraq Ədliyyə Nazirliyi məhkəmələrin təşkili və strukturunun müəyyənləşdirilməsi, hakimlər və xalq iclasçılarının sayı və seçkilərin keçirilməsi məsələlərinə dair təkliflər hazırlayır, məhkəmələrin işlərini yoxlayır, məhkəmə təcrübəsini öyrənərək ümumiləşdirirdi. Bir sözlə, ötən əsrin 70-80-ci illərində Azərbaycan ədliyyəsinin işlək bir təsisat kimi formalaşaraq inkişaf etməsinin, ədliyyə işinin təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəruri olan zəmin yaranmışdı.

Xalqımızın dövlət müstəqilliyini yenidən bərpa etməsinin ilk illərinə həsr olunan ikinci fəsildə öncə ölkədəki ümumi vəziyyət qısa təsvir olunur. Xalqın sonsuz rəğbətlə sevdiyi görkəmli dövlət xadimi, dünyamiqyaslı siyasətçi Heydər Əliyevin Bakıya qayıdaraq, Azərbaycana rəhbərliyi, əslində isə xilaskarlıq missiyasını öz üzərinə götürməsi sayəsində Azərbaycanı onu gözləyən dəhşətli bəlalardan qurtardı. Müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi və qətiyyəti ilə ulu öndər milli dövlətçiliyi qorudu, gənc müstəqil respublikanı dünyada tanıtmaqla onun sonrakı onilliklər üçün inkişaf kursunu da müəyyən etdi.

Respublikada demokratik hüquqi dövlət quruculuğu prosesinə başlayan dahi lider hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Əsas Qanunun qəbulu ölkədə bütün sahələrdə, o cümlədən hüquqi islahatların hərtərəfli və kompleks həyata keçirilməsinə rəvac verdi.

Məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, habelə hazırlıqlı və peşəkar hakim korpusunun formalaşdırılması məqsədilə 1 dekabr 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradıldı və onun təşkilatı təminatının həyata keçirilməsi Ədliyyə Nazirliyinə tapşırıldı. Bütün dünyaya ölkəmizin demokratik hüquqi dövlət quruculuğu yolunu seçdiyini və bu yoldan dönməyəcəyini bəyan edən Heydər Əliyev tərəfindən təsdiq olunan Əsasnamələrə və müvafiq qanunverciliyə uyğun olaraq məhkəmələr üzərində hər cür nəzarət ləğv olundu. Ədliyyə Nazirliyinə insan haqlarının qorunması ilə bağlı müstəsna səlahiyyətlərin verilməsi məhkəmə hakimiyyətinin cəmiyyətdə nüfuzunu tam yeni səviyyəyə qaldırdı. İnsanlarda məhkəmələrin keçmiş sovetlər birliyindəki kimi “cəza orqanı” deyil, hüquq müdafiə vasitəsi olması düşüncəsi formalaşmağa başladı.

Qeyd edək ki, 1999-cu ildə ilk dəfə yerli özünüidarə orqanları - bələdiyyələrin formalaşması və onlara inzibati nəzarətin həyata keçirilməsinin də Ədliyyə Nazirliyinə tapşırılması ulu öndərin həmin Nazirliyə verdiyi xüsusi önəmlə bağlı idi.

Əsərdə Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələrinə də geniş yer verilib. Qeyd olunur ki, həmin dövrdə beynəlxalq hüquqi yardımın müxtəlif sahələri üzrə ikitərəfli və çoxtərəfli formatda, habelə mötəbər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin həyata keçirilməsinin, sanballı müqavilə-hüquq bazasının formalaşdırılmasının əsası qoyuldu. Ulu öndərin özünün də iştirakı ilə müxtəlif ölkələrin Ədliyyə nazirlikləri, BMT-nin müvafiq təşkilatları ilə ikitərəfli Əməkdaşlıq haqqında saziş və protokolların imzalanması mərasimindən fotoların təqdimi oxucuda daha dolğun təəssürat yaradır. Xüsusilə vurğulanır ki, beynəlxalq hüquq əməkdaşlığı sahəsində həyata keçirilən ardıcıl tədbirlər, səmərəli təcrübə mübadiləsi ədliyyə fəaliyyətinin təkmilləşdirilməsində mühüm rol oynadı.

Bu fəsilin sonunda tam əminliklə və haqlı olaraq qeyd olunur ki, müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyev həm də müasir hüquq və ədliyyə sisteminin banisidir.

Tədqiqatın “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin inkişafı” adlanan sonuncu - üçüncü hissəsində cənab İlham Əliyevin ölkə Prezidenti vəzifəsində fəaliyyətə başladığı ilk günlərindən ədliyyə və məhkəmə sisteminin inkişafına, fəaliyyətinin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xüsusi diqqətindən, bu sahədə həyata keçirilən tədbirlərdən geniş şəkildə danışılır. Üçüncü hissənin “Məhkəmə sisteminin müasirləşdirilməsi” adlanan birinci fəslində qeyd olunur ki, qısa müddət ərzində sahəyə aid bir sıra Qanunlara əsaslı dəyişikliklər və əlavələrlə yanaşı tam yeni Qanun layihələri hazırlanmış və Avropa Şurasında ekspertizadan keçirildikdən sonra qəbul olunmuşdur. Yeni qanunverciliyə uyğun olaraq ilk dəfə hakimlərin müddətsiz təyinatı təsbit edilmiş, korrupsiya hallarının qarşısının alınması məqsədilə hakimlər tərəfindən vətəndaşların qəbulu qadağan edilmişdir.

Məhkəmə islahatlarının əsas məziyyətlərindən biri - məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan və hakimiyyətin bütün qollarının təmsil olunduğu Məhkəmə-Hüquq Şurasının formalaşdırılmasıdır.

Azərbaycan Respublikası Prezidentinin xüsusi əhəmiyyət kəsb edən Fərman, Sərəncamları və Əsasnamələrin surətinin kitabda verilməsi əyanilik baxımından mühüm özəllik yaratmaqla mötəbər mənbə funksiyasını təmin edir. Həmin sənədlərdən biri də dövlət başçısının məhkəmə sisteminin müasirləşdirilməsi barədə 19 yanvar 2006-cı il tarixli Fərmanıdır. Sənədə əsasən insanların məhkəmlərə əlçatanlığının yaxşılaşdırılması məqsədilə respublika apelyasiya və iqtisad məhkəmlərinin əvəzinə 6 regional apelyasiya, habelə əlavə 3 yerli iqtisad məhkəməsi təşkil edildi.

Ölkəmizin iqtisadi cəhətdən sürətlə inkişafı, mülki dövriyyənin genişlənməsi məhkəmələrdə baxılan mülki işlərin sayının bir neçə dəfə artmasına səbəb olmuşdur. Bu səbəbdən də dövlət başçısının Fərmanı ilə ancaq Bakı şəhərində fəaliyyət göstərən ağır cinayətlər məhkəməsinin əvəzində bölgələrdə yeni regional ağır cinayət məhkəmələri yaradılaraq onların sayı 5-ə çatdırıldı.

Məhkəmə sisteminin təkmilləşdirilməsində yeni nəsil hakim korpusunun formalaşdırılması müstəsna əhəmiyyət kəsb etdiyindən ölkəmizdə hakimliyə namizədlərin seçki prosesinin təkmilləşdirilməsinə daha dəqiq desək “Hakimlərin Seçki Komitəsi haqqında” Əsasnamənin təsdiqinə ciddi ehtiyac vardı. Məhz bu sənədin qəbulundan sonra şəffaflığın, obyektivliyin təmin olunması üçün hakimliyə namizədlərin seçim prosesi test imtahanı ilə keçirilir və bütün proses onlayn rejimdə canlı yayımlanır.

Kitabda qeyd olunur ki, ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm bünövrə üzərində inkişaf edən məhkəmə islahatlarının müsbət nəticələri, yeni infrastrukturun yaradılması və s. nüfuzlu beynəlxalq təşkilatların da marağına səbəb olmuşdur. Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyanın (CEPEJ) ekspertləri Azərbaycanda formalaşmış institusional qurumların fəaliyyətinin və hakimlərin seçiminin mütərəqqi Avropa standarlarına cavab verdiyini vurğulamışdır. CEPEJ-in rəhbərliyi ölkəmizdə demokratik hüquqi dövlət quruculuğunu və məhkəmə islahatlarını təqdir etdiyindən 2014-cü ildə təşkilatın plenar iclasını ilk dəfə olaraq Strasburqdan kənarda, məhz Bakıda keçirmişdir.

“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2014-cü il tarixli Sərəncamı bu sahədə inqilabi təkamülün əsasını qoydu. Yeni sistem şəffaflıq və operativliyi təmin etməklə insanlara məhkəməyə gəlmədən, elektron formada müraciət etmək, məhkəmə proseslərini audio-video və digər texniki vasitələrlə qeydə almaq, proses iştirakçıları üçün məhkəmənin gedişi, qərarlar və onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron “şəxsi kabinetə” malik olmaq, proses barədə məlumatları elektron daşıyıcıda dərhal almaq imkanı yaratmışdır.

Bəllidir ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin əhəmiyyəti böyükdür. Bu səbəbdən də bütün məhkəmələrdə əsaslı təmir və yenidənqurma işləri aparılmış, iş şəraiti müasir tələblərə uyğunlaşdırılmış, çoxsaylı yeni məhkəmə binaları istifadəyə verilmişdir. Kitabda açılışında ölkə Prezidentinin də iştirak etdiyi yeni məhkəmə bina və komplekslərinin şəkillərinin təqdim olunması deyilən fikirləri təsdiq edərək oxucuya dolğun bilik verməklə göz yaddaşı ilə də əxz olunan məlumatı möhkəmləndirir.

Üçüncü hissənin birinci fəsli təhlil olunan dövrdə görülən işlərin yekunu olaraq belə bir fikirlə yekunlaşır: Möhkəm dövlətçilik təməli üzərində formalaşmış Azərbaycanın məhkəmə və hüquq sistemində dövlət başçısının güclü siyasi iradəsi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində tam müasirləşərək təkmil bir struktura çevrilmişdir.

“Ədliyyə sistemi davamlı inkişaf yolunda” adlı ikinci fəsil ədliyyə sahəsində dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsinə, strukturun daha optimal şəkildə təşkil edilməsinə zəmin yaradan və bu sahənin fəaliyyətini tənzimləyən “yol xəritəsi”nin mühüm əhəmiyyətinə həsr edilmişdir. Dövlət başçısının Ədliyyə orqanlarının inkişafı haqqında, “Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Fərmanları və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ədliyyə fəaliyyətinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsini, bu sahədə müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, yeni nəsil hüquqşünasların formalaşdırılmasını şərtləndirir. Ədliyyə Nazirliyinin ölkədə həyata keçirdiyi layihələr və icra etdiyi işlər, xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin bağlanmasını və onların icrasını təmin etməsi kimi funksiyalar sadalanmaqla münasib fotolarda təqdim olunur.

Həmçinin, Ədliyyə Nazirliyinin müvafiq alt qurumlarında aparılan məqsədyönlü işlərdən, yeni müasir laboratoriyalardan tibbi xidmətdən, bu sahədə Azərbaycanın müsbət təcrübəsinin öyrənilməsinə dair xarici dövlətlərin nümayəndələri üçün beynəlxalq seminarlardan, əfv və amnistiya qərarlarının uğurlu iclasından və s. əyani söhbət açılır.

Ədliyyə Nazirliyi tərəfindən hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, beynəlxalq hüquqi yardımın yaxşılaşdırılması da xüsusi diqqət mərkəzində saxlanılmış, bu məqsədlə nazirlik tərəfindən dünyanın bir çox dövlətlərinin ədliyyə qurumları ilə imzalanmış əməkdaşlıq haqqında saziş və anlaşma memorandumların sayı 32-yə çatdırılmışdır. İmzalanma mərasimlərinin tarix göstərilməklə uyğun şəkillərlə verilməsi də kitabın özəlliklərindən biridir.

Ölkəmizin yeni qlobal çağırışlara uyğun mədəni inkişafının təmin olunmasında, humanizm, tolerantlıq ideya və prinsiplərinin uğurla inkişaf etdirilməsində, dünyamiqyaslı mühüm ictimai-mədəni tədbirlərə, mötəbər beynəlxalq forumlara ev sahibliyi etməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və əzmkar fəaliyyəti kitabda xüsusilə qeyd olunur.

İkinci fəslin sonunda Ədliyyə nazirinin 2018-ci ilin fevralında Cocuq Mərcanlı kəndində sakinlərlə görüşündən, kəndin azad olunmasından yazılır və qeyd olunur - “Azərbaycan Ordusunun bu zəfərləri, uğurlu əks-hücum əməliyyatları ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşən bütün xalqımızda böyük ruh yüksəkliyi doğurmaqla torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə qəti əminlik yaradır” - Bu arzu və inam balaca uşaqların da, yaşlı insanların da, gənc nəslin nümayəndələrinin də, hamımızın yaşam tərzinə çevrilmişdi. Bu gün bizim arzularımız çin olub. Bu, hər birimiz üçün böyük xoşbəxtlikdir.

İndi bizim ölkəmiz üçün yeni dövr başlayır. Biz tam əminik ki, 100 illiyini böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq olaraq ölkəmizin daha da qüdrətlənməsi və demokratik hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimiz İlham Əliyevə yardımçı olmağı bu dövrdə də özlərinin vəzifə və vətəndaşlıq borcu sayacaqlar.

Kitaba iki bölmə də - “Azərbaycan ədliyyəsi: 100 ilin əlamətdar anları” və “Azərbaycan ədliyyə nazirləri” əlavə olunmuşdur. Birinci bölmədə əlamətdar yubileyin təntənəli və geniş qeyd edilməsi məqsədilə həyata keçirilən silsilə tədbirlərdən söhbət açılır.

İkinci bölmədə isə ötən dövr ərzində ədliyyə naziri işləyənlərin tərcümeyi-halları şəkilləri ilə verilmişdir. Bu, kitabın ədliyyə tarixi ilə maraqlananlar, tələbələr və tədqiqatçılar üçün mötəbər mənbə olduğunu təsdiq edir.

Kitabın tərtibat və dizayn baxımından zövqlə ərsəyə gəlməsində redaksiya qrupunun üzvləri Elçin Qasımovun və Cavid Hüseynovun əməyi də xüsusi təqdirəlayiqdir.

Azərbaycan ədliyyəsinin keçmişini, qət edilmiş yolu öyrənmək üçün faydalı və dəyərli vəsait olan bu kitabda ədliyyə tariximiz mükəmməl və müfəssəl halda araşdırıldığından məhkəmə-hüquq sisteminə sanballı töhfədir. Zəngin illüstrasiya materialları ilə oxunaqlı olan bu kitab ali məktəblərin uyğun ixtisas tələbələri, magistrantlar üçün dəyərli dərs vəsaiti, eyni zamanda bu sahədə tədqiqat işləri aparan gənc mütəxəssislərə, araşdırmaçılara da əvəzsiz və faydalı mənbədir.

H.MUSAYEV,
“Respublika”.

edliyye2020az
iacca
help_az
iap
eplc