Ədliyyə işçilərinin peşə bayramı geniş qeyd olunmuşdur

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən bəxş edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı artıq 12-ci ildir ki, yüksək fəxr hissi ilə geniş qeyd edilir.

Bayramla əlaqədar ədliyyə orqanlarında kütləvi tədbirlər təşkil olunmuş, o cümlədən Nazirlikdə gənc ədliyyə işçiləri ilə rəhbərliyin görüşü keçirilmiş, müsabiqə əsasında müvəffəqiyyət qazanmış 50-dən çox gənc mütəxəssis ilk dəfə olaraq ədliyyə orqanlarına və tibb xidmətinə işə qəbul edilmiş, Azərbaycan ədliyyəsinin tarixinə və müasir inkişafına dair xüsusi stend, habelə nazirliyin builki fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film hazırlanmışdır.

Noyabrın 22-də ədliyyə işçiləri və hakimlər Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək, dah i öndərimizin xatirəsinə əbədi ehtiramlarını bildirmiş, abidəsi önünə əklil qoymuşlar. Həmçinin akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzülmüş, Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş övladlarımızın əziz xatirələri anılmışdır.

Sonra tədbir Ədliyyə Nazirliyində davam etdirilmişdir. Rəsmi tədbirdən əvvəl əbədiyaşar liderimizin nazirliyin binasındakı büstü önünə tər çiçəklər qoyulmuşdur.

Təşkil olunmuş geniş yığıncaqda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxış edərək peşə bayramı münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik etmişdir.

Nazir ümummilli liderimiz tərəfindən təməli qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, yeni məhkəmələrin yaradılması, bu sahədə infrastrukturun müasirləşdirilməsi, hakimlərin Avropada ən şəffaf seçimi, habelə ədliyyə, o cümlədən penitensiar sistemin inkişafı üzrə görülən tədbirlər və əldə edilmiş uğurlar barədə məlumat vermişdir.

Yığıncaqda ədliyyənin fəaliyyətinə böyük diqqət və qayğıya, peşə bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən ədliyyə işçilərinə və hakimlərə yüksək dövlət təltiflərinin və ali xüsusi rütbələrin verilməsinə görə iştirakçılar adından dövlət başçısına dərin minnətdarlıq ifadə olunmuşdur. Ədliyyə işçiləri ölkəmizin hərtərəfli tərəqqisində ölkə Prezidentinə layiqli yardımçı olmaq üçün daha əzmkarlıqla və məsuliyyətlə çalışacaqlarını söyləmişlər.

Bayram münasibətilə fəaliyyətində fərqlənmiş bir qrup ədliyyə işçisi mükafatlandırılmış, nazirliyin internet saytında elektron xidmət bölməsi və məhkəmə sisteminin vahid internet portalı istifadəyə verilmişdir.

 

 

iacca
help_az
iap
eplc