Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilmişdir

Ədliyyə Nazirliyinin dekabrın 29-da keçirilmiş kollegiya iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğısı, ötən ay peşə bayramı ərəfəsində bir qrup ədliyyə işçilərinin ali xüsusi rütbələrə və yüksək dövlət təltiflərinə layiq bilinməsi vurğulanaraq, «Tərəqqi» və «Dövlət qulluğunda fərqlənməyə görə» medalları ilə təltif edilmiş ədliyyə işçilərinə nazir Fikrət Məmmədov tərəfindən bu yüksək dövlət mükafatları təqdim edilmişdir.

Dövlət təltifinə layiq bilinmiş əməkdaşlar çıxış edərək onların fəaliyyətinə verilmiş yüksək qiymətə görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə etmiş, ədliyyənin inkişafı üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.

Kollegiyada ümummilli lider Heydər Əliyevin dövlət inkişafı kursunu uğurla davam etdirən ölkə Prezidentinin rəhbərliyi ilə respublikamızda demokratiyanın və insan hüquqlarının təşviq olunmasına dair tədbirlər vurğulanmışdır. Dövlət başçısının dekabrın 27-də təsdiq etdiyi insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına dair Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələr müzakirə olunaraq, bu mühüm sənədin ədliyyə işçiləri tərəfindən mükəmməl öyrənilməsi və mütəşəkkil icrasının təmin olunmasına dair müvafiq tapşırıqlar verilmişdir.

İclasda humanizm ideyalarına daim sadiq qalan dövlət başçısı tərəfindən dekabrın 26-da imzalanmış və 92 nəfərə şamil olunmuş əfv Sərəncamının ombudsmanın, millət vəkillərinin, Əfv Komissiyası üzvlərinin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə təxirəsalınmadan icrası bildirilmişdir. Eyni zamanda, ölkəmizdə qəbul edilmiş 50 əfv aktının 5300-dən çox şəxsi əhatə etdiyi, bu növbəti humanist addımı əfv edilmiş şəxslərin və yaxın qohumlarının yüksək qiymətləndirərək dövlət başçısına dərin minnətdarlıqlarını ifadə etdikləri qeyd olunmuşdur.

Kollegiyada məlumat verilmişdir ki, respublika Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən son illər ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə islahatları, o cümlədən hakimliyə namizədlərin seçim prosesi nüfuzlu beynəlxalq təşkilatların da diqqətini cəlb etmişdir.

Belə ki, Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) ölkəmizdə hakimliyə namizədlərin seçilməsinə maraq göstərərək nüfuzlu ekspert qrupu yaratmış və qrup üzvləri Azərbaycana səfər etməklə ilk dəfə olaraq internetdə onlayn rejimində yayımlanmış bu seçimi bilavasitə izləmişlər. Bununla bağlı CEPEJ ekspertləri tərəfindən hazırlanmış əhatəli hesabatda bu sahədə Azərbaycanda formalaşmış institusional qurumların fəaliyyətinin və hakimlərin seçiminin mütərəqqi Avropa standartlarına cavab verdiyi göstərilmiş və proses xüsusi şəffaflığı, obyektivliyi, saflığı ilə fərqləndirilmişdir. Avropa Şurasının bütün üzv-dövlətlərinin iştirakı ilə Komissiyanın bu ayın əvvəlində keçirilmiş iclasında göstərilən hesabat geniş müzakirə olunmuş və bu sahədə Azərbaycanın müsbət təcrübəsi örnək kimi qiymətləndirilmişdir. Komissiyanın iclasında həmçinin, ölkəmizdə məhkəmə sisteminin inkişafı, müasirləşdirilməsi və yeni infrastrukturun yaradılması, habelə müasir informasiya və kommunikasiya şəbəkəsinin tətbiqi ilə bağlı görülən genişmiqyaslı işlər böyük marağa səbəb olmuş, bu sahədə qoyulan sərmayələrə və qabaqcıl təcrübələrin tətbiqinə görə Azərbaycanın öncül dövlət olduğu vurğulanmışdır. Eyni zamanda, bütün Avropa dövlətləri məhkəmə sistemlərinin fəaliyyətinə dair təhlilləri əks etdirən CEPEJ-in əhatəli hesabatlarının ana dilinə tərcümə edilərək nəşrini təmin edən ilk dövlət olduğumuz xüsusi təqdir edilmişdir.

Avropa İttifaqı və Avropa Şurası tərəfindən həyata keçirilən Şərq tərəfdaşlığı ölkələrində məhkəmə islahatlarının gücləndirilməsi layihəsi üzrə hesabatda da ölkəmizdə hakimliyə namizədlərin seçimi proseduru üzrə fəaliyyət metodu müsbət nümunə kimi qiymətləndirilmiş və digər üzv-dövlətlərə bu təcrübəyə əsaslanmaq tövsiyə edilmişdir.

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı Milli Məclisə təqdim olunmaq üçün hazırlanmış illik məruzə də müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, 2011-cı il ərzində 32 minə yaxın bələdiyyə aktı inzibati nəzarət qaydasında yoxlanılmış və onlardan 1600-dən çoxu nazirliyin təklifləri əsasında dəyişdirilmiş və ya ləğv edilmişdir. 690 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə təqdim olunmuş, bununla yanaşı 28 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilmiş və onlardan 15-i üzrə artıq cinayət işi başlanmışdır. Eyni zamanda, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 4.300 hektara yaxın torpaq sahəsinin geri qaytarılması təmin olunmuşdur.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin daha da gücləndirilməsi, onlara göstərilən metodiki yardımın səviyyəsinin yüksəldilməsi üzrə davamlı tədbirlərin görülməsi, bu işdə regional ədliyyə şöbələrinin imkanlarından daha geniş istifadə olunması üzrə müvafiq tapşırıqlar verilmişdir.

İclasda həmçinin, ədliyyə orqanlarının fəaliyyət istiqamətləri üzrə il ərzində görülmüş işlərin nəticələri müzakirə edilmiş, o cümlədən dövlət başçısının qəti siyasi iradəsi ilə korrupsiyaya qarşı aparılan sərt mübarizə sahəsində tədbirlər vurğulanmış, antikorrupsiya monitorinqləri həyata keçirən QHT-lər tərəfindən Ədliyyə Nazirliyinin fəaliyyətinin təqdir edilməsi qeyd olunmuş, habelə növbəti il üçün prioritetlər müəyyən edilərək qarşıda duran vəzifələrlə bağlı zəruri tapşırıqlar verilmişdir.

Bununla yanaşı, nazirliyin bəzi normativ-hüquqi aktlarının təkmilləşdirilməsi ilə bağlı məsələ müzakirə olunmuşdur.

İclasda bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınmışdır.

iacca
help_az
iap
eplc