Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Sankt-Peterburqda mötəbər beynəlxalq hüquq forumu keçirilmişdir

Mayın 16-19-da Rusiya Federasiyası Prezidentinin dəstəyi ilə Sankt-Peterburq şəhərində "İkinci Peterburq Beynəlxalq Hüquq Forumu" keçirilmişdir.

Rusiyanın ədliyyə naziri A.Konovalovun dəvəti ilə ölkəmizin ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov başçılıq etdiyi nümayəndə heyəti ilə tədbirdə iştirak etmişdir.

Dünyanın 50-dən çox dövlətindən 2000 nümayəndənin, o cümlədən ədliyyə, məhkəmə, prokurorluq və digər qurumların, habelə nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilmiş bu mötəbər forumu giriş nitqi ilə açan Rusiyanın Baş naziri Dmitri Medvedev onun əsas plenar sessiyasına sədrlik etmişdir.

Sonra tədbir dəyirmi masalarda öz işini davam etdirmişdir.

Səmimi və interaktiv dialoq şəraitində keçirilmiş müzakirələr zamanı məhkəmə sistemlərinin müasirləşdirilməsi və islahatı, məhkəmə qərarlarının icrası, notariat institutunun inkişafı, korrupsiyaya qarşı beynəlxalq-hüquqi mexanizmlər və s. bu kimi aktual məsələlər üzrə faydalı təcrübə mübadiləsi aparılmışdır.

Nümayəndə heyətinin üzvləri ədliyyə sahəsi üzrə müxtəlif dəyirmi masalara qatılaraq müzakirələrdə fəallıq nümayiş etdirmişlər.

Ədliyyə və məhkəmə sistemlərinin müasirləşdirilməsinə həsr olunan dəyirmi masada Azərbaycanın ədliyyə naziri iştirak etmişdir.

Forum çərçivəsində həmçinin, bir sıra dövlətlərin, o cümlədən Rusiya, Ukrayna, Böyük Britaniya, Slovakiya, Mərakeşin ədliyyə nazirləri, habelə nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirilmişdir.

Müzakirələr və görüşlər zamanı respublikamızda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi, o cümlədən məhkəmələrin müstəqilliyinin təmin olunması, vətəndaşların məhkəmələrə çatımlılığının asanlaşdırılması, bu sahədə infrastrukturun modernləşdirilməsi və ən qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə görülən genişmiqyaslı işlər qeyd olunmuş, əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Eyni zamanda, ölkəmizdə həyata keçirilmiş ədliyyə və məhkəmə islahatları, həmçinin Ermənistanın təcavüzü və onun acı nəticələri barədə ingilis və rus dillərində xüsusi hazırlanmış məruzə tədbir iştirakçıları arasında yayılmışdır.

iacca
help_az
iap
eplc