Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Avropa ölkələri Penitensiar Xidmət rəhbərlərinin 17-ci konfransı keçirilmişdir

İtaliyanın paytaxtı Romada Avropa ölkələrinin Penitensiar Xidmət rəhbərlərinin növbəti 17-ci konfransı keçirilmişdir. 

Tədbirdə Azərbaycanı penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Avropa Şurasının Hüquqi İşlər Departamentinin təşəbbüsü, İtaliya Ədliyyə Nazirliyinin dəstəyi ilə təşkil olunmuş tədbirdə 47 ölkənin nümayəndəsi iştirak etmişdir. Konfransın əsas məqsədi Avropa ölkələrinin həbsxana və probasiya xidmətləri nümayəndələri ilə penitensiar xidmət üzrə mövcud problemlərin müzakirəsi, müsbət təcrübənin və iş metodlarının mübadiləsi, Avropa standartlarının tətbiqi, cəzadan azad olunma və cəmiyyətə inteqrasiyaya dair istiqamətlərin müəyyənləşdirilməsi olmuşdur.

"Əcnəbi məhkumlar" mövzusunda keçirilən konfransda əsas diqqət əcnəbi məhkumların islah edilməsi, onların azadlığa hazırlaşdırılması, azad cəmiyyətə inteqrasiyasında həbsxana və probasiya xidmətlərinin rolunun müzakirəsinə yönəldilmişdir.

Qeyd olunmuşdur ki, əcnəbi məhkumların dil, din, mədəniyyət və adət-ənənə müxtəlifliyindən, bu şəxslərin yaxınları ilə sosial əlaqələrinin olmamasından yaranan problemlər daim diqqət mərkəzində olmalı, onlarla rəftarda insan hüquq və azadlıqlarına dair Avropa Konvensiyası və digər beynəlxalq sənədlər rəhbər tutulmalıdır.

Tədbir çərçivəsində həbsxana idarələri və probasiya xidməti rəhbərlərinin Avropa hakimləri və prokurorları ilə görüşü keçirilmişdir. Görüşdə əsasən həbsxanalarda saxlanma həddindən artıq məhkumların olması probleminin həlli yolları müzakirə olmuşdur.

Bildirilmişdir ki, alternativ cəza növlərindən istifadə olunması, probasiya xidmətinin rolunun artırılması, eyni zamanda, vaxtından əvvəl azad olunma institutunun geniş tətbiqi məhkumların sayının azaldılması probleminin həllində mühüm rol oynaya bilər.

Səfər zamanı konfransın iştirakçıları Roma Papası XVI Benedikt ilə də görüşmüşlər. Görüşdə Mədət Quliyev Roma Papasına Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun adından xatirə hədiyyələri təqdim etmişdir.

iacca
help_az
iap
eplc