Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilmişdir

Dekabrın 30-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş Kollegiya iclasında Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktına dair məsələlər müzakirə olunmuş və qeyd edilmişdir ki, son illər aparılan sürətli siyasi, iqtisadi islahatlar, demokratik proseslər, ölkəmizin Avropaya sıx inteqrasiyası Konstitusiyaya mütərəqqi dəyişikliklərin edilməsini şərtləndirmişdir.

Dövlətimizin konstitusion əsaslarının daha da möhkəmlənməsi, demokratiyanın genişləndirilməsi, insan hüquqlarının daha etibarlı qorunması baxımından olduqca vacib olan bu əlavə və dəyişikliklərin həmçinin, ədliyyə, məhkəmə və bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsinə yönəldiyi vurğulanmışdır. Bununla əlaqədar, ədliyyə orqanları qarşısında duran vəzifələr, o cümlədən referendum aktının mahiyyətinin ictimaiyyət arasında izahının aparılması, hüquqi maarifləndirmə işinin gücləndirilməsinə dair tədbirlər müəyyən olunmuşdur.

Eyni zamanda, Nazirlik tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı görülmüş işlər, buna dair Milli Məclisə təqdim olunan illik məruzə müzakirə edilmiş, bu işin səmərəliliyinin artırılması üzrə göstərişlər verilmişdir.

İclasda penitensiar sistemdə aparılan köklü islahatlar çərçivəsində beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla təqsirləndirilən şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması üzrə görülən əsaslı tədbirlər müzakirə olunmuşdur.

Kollegiyada həmçinin, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınmışdır.

iacca
help_az
iap
eplc