Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Beynəlxalq əlaqələr
Son illər Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələri genişlənərək bir sıra dövlətlərlə, hüquqi əməkdaşlığın dərinlənməsi istiqamətində səmərəli addımlar atılmış, mötəbər beynəlxalq təşkilatlarla bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Ədliyyə fəaliyyətinin səmərəlliyinin artırılmasında inkişaf etmiş dövlətlərin müsbət təcrübəsindən istifadənin əhəmiyyətini nəzərə alaraq Notariat və VVA idarəsi tərəfindən bu sahədə bir çox tədbirlər görülmüşdür.
Artıq idarənin əməkdaşları digər ölkələrdə keçirilən tədbirlərdə iştirak edir, onların müsbət təcrübəsindən gündəlik fəaliyyətlərində istifadə edirlər.
2002-ci ildə İdarənin rəisi İ.K.Məmmədov və bir qrup dövlət notariusları 16-17 may tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində Şərqi Avropada, Rusiya Federasiyasında və Müstəqil Dövlətlər Birliyində notariatın sosial rolu mövzusunda keçirilən simpoziumda iştirak etmişlər.
Bundan əlavə Beynəlxalq Latın Notariat İttifaqının fəal üzvü Mişel Merlotti və Beynəlxalq Ali Notariat Araşdırmaları İnstitutunun direktoru Roland Niklausla əlaqələr yaradılmış, Azərbaycan Respublikasının notariat orqanlarında islahatların aparılmasında köməklik göstərilməsi barədə konkret təkliflər irəli sürülmüş və onlar Azərbaycana dəvət olunmuşlar.
Dəvət əsasında Bakıda olarkən M.Merlotti və R.Niklaus İdarənin rəhbərliyi, əməkdaşları və bir qrup dövlət notariusları ilə görüşlər keçirmiş, onları Latın Notariat İttifaqının üzvü olan ölkələrin, o cümlədən İsveçrənin notariat sistemi haqqında məlumatlandırmış, müxtəlif suallara cavab və müvafiq tövsiyələr vermiş, gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə ilkin razılaşmaya gəlmişlər.
Həmin ildə İdarənin rəisi İsveçrədə xidməti ezamiyyətdə olmuş, orada daşınmaz əmlakın özgəninkiləşdirilməsi müqavilələrinin notariuslar tərəfindən təsdiq edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qaydaları ilə tanış olmuşdur.
2003-cü ildə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə yaradılmış əməkdaşlıq əlaqələri sayəsində notariusların tədrisi və ixtisasının artırılması istiqamətində yeni addımlar atılmışdır.
Əldə olunmuş razılığa əsasən, USAID-in maliyyə dəstəyi və ABŞ-ın World Learning təşkilatının vasitəçiliyi ilə fevral ayının 24-dən martın 7-dək Bakı şəhərində müxtəlif bölgələrin dövlət notariuslarından və idarənin işçilərindən ibarət 40 nəfərlik qrup üçün Notarial İslahatlara dair Xüsusi Hüquqi Treninq keçirilmişdir. Bu təlim sessiyasının keçirilməsi üçün 160 illik tarixə malik, özündə 3000-dən artıq notariusu birləşdirən, Beynəlxalq Latın Notariatı İttifaqının əsas təsisçilərindən biri olan Kanadanın Kvebek Notariuslar Palatasının təcrübəli mütəxəssisləri dəvət olunmuşlar.
Təlim sessiyasında notariat fəaliyyətinin təşkili, xüsusi notariat sisteminə keçid, bu fəaliyyətə nəzarət, əmlakla bağlı müqavilələrin və sahibkarlığın inkişafına yönəlmiş digər əqdlərin rəsmiləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı qaydaları, notariat rüsumları və digər mövzular üzrə mühazirələr oxunmuşdur. Məşğələlərin yekununda iştirakçılara əldə etdikləri biliklərə dair müvafiq sertifikatlar verilmişdir.
Həmin ilin aprel ayında isə idarənin əməkdaşlarından və notariuslardan ibarət qrup Kvebek əyalətinin notariat təcrübəsinin öyrənilməsi üçün Kanadaya ezam olunmuşdur.
Bundan başqa xüsusi notariatın tətbiqi ilə bağlı Avropa Şurası ilə birgə 11-12 iyun 2003-cü il tarixlərdə İsveçrənin, Macarıstanın, İtaliyanın təcrübəli mütəxəssislərinin və respublikanın bütün bölgələrindən olan notariusların iştirakı ilə Xüsusi qaydada notariat fəaliyyəti mövzusunda tədris seminarı keçirilmiş, belə fəaliyyətin təşkili məsələləri təhlil edilmişdir.
Avropa Şurası ilə birgə həyata keçirilən layihə çərçivəsində Fransa notariat orqanlarının fəaliyyətinin öyrənilməsi məqsədilə Notariat və VVA idarəsinin əməkdaşlarından və dövlət notariuslarından ibarət nümayəndə heyəti 12-16 yanvar 2004-cü il tarixlərdə həmin ölkədə xidməti ezamiyyətdə olmuşdur.
Səfər zamanı nümayəndə heyəti Fransa Notariatı Ali Şurasının prezidenti cənab Arman Rot başda olmaqla Şuranın rəhbərliyi ilə görüş keçirmişdir. Görüş zamanı iki ölkənin notariat orqanları arasında ikitərəfli əməkdaşlıq barədə ilkin razışlama əldə edilmiş, Fransa Notariatı Ali Şurası tərəfindən Azərbaycanda notariat islahatlarının həyata keçirilməsinə yardım göstərilməsi barədə təklif verilmişdir.
Bununla yanaşı Avropa Şurasının Hüquqi İşlər Departamentinin nümayəndəsi cənab Jan Klaus və Beynəlxalq Latın Notariatı İttifaqının bu qurumda təmsilçisi cənab Edmond Qresserlə Azərbaycan Respublikası ilə Avropa Şurası arasında notariat sahəsində əməkdaşlıq barədə danışıqlar aparılmışdır.
Bundan başqa nümayəndə heyəti ölkəmiz üçün mühüm əhəmiyyəti olan məsələnin öyrənilməsi məqsədilə İpotekaların Saxlanması idarəsində daşınmaz əmlakın qeydə alınması qaydaları ilə, Parisin Ədalət Məhkəməsində Kassasiya Məhkəməsinin və Paris Məhkəməsi nəzdində Ticarət Apellyasiya Məhkəməsinin fəaliyyəti ilə tanış olmuşdur. Səfərin proqramı çərçivəsində nümayəndə heyəti üçün Fransa notariatının təcrübəli mütəxəssisləri və Parisin Peşəkar Notarius Təlim Mərkəzinin müəllim heyəti tərəfindən notariat fəaliyyətinə dair müxtəlif mövzularda seminarlar keçirilmişdir.
Nümayəndə heyəti eyni zamanda Lö Mən şəhərinə səfər edərək, orada Sart departamentinin notariuslar Palatasının prezidenti cənab C.L.Qerino ilə görüşmüş, Ticarət və Sənaye Palatasının prezidenti cənab B.Varən tərəfindən qəbul edilmiş, şəhərin notariat kontorlarında olaraq, Fransa notariatının təcrübəsi ilə bilavasitə tanış olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Muxtar Respublikaya qayğının artırılması, bütün məsələlər üzrə lazımi köməkliyin göstərilməsi barədə tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikası ədliyyə nazirinin tapşırığına əsasən notariat fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində qurmaq üçün beynəlxalq təşkilatlarla birgə tədbirlər görülür. Bu məqsədlə, Avropa dövlətlərinin notariat orqanlarının fəaliyətinin öyrənilməsi üzrə həmin ilin may ayında Naxçıvan şəhərində müasir dövrdə notariat fəaliyyətinə dair Avropa Şurasının tədris seminarı keçirilmişdir.
Seminarda Avropa Şurasının hüquqi işlər idarəsinin təmsilçisi Jan Klaus, Avropa Şurasının ekspertləri - Beynəlxalq Latın Notariatı İttifaqının keçmiş prezidenti Helmut Fessler (Almaniya), İttifaqın Avropa Komissiyasının prezidenti Emanuel Ferrari (İtaliya) və həmin qurumun Avropa Şurasında nümayəndəsi Edmond Qresserin (Fransa) Avropa ölkələrində xüsusi qaydada fəaliyyət göstərən notariatların iş təcrübəsi barədə məruzələri dinlənilmişdir.
Eyni zamanda Azərbaycan Respublikasının vətəndaşlarının Dövlət Registrinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2004-cü il tarixli Fərmanının imzalanması və 30 mart 2004-cü il tarixində Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında Konvensiyaya qoşulmaq barəsində qanunun qəbul edilməsi ilə əlaqədar 2004-cü ilin iyul ayının 3-dən 7-dək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik və Hüquqi Təbliğat İdarəsinin rəisi D.Q.Rəhimova, Notariat və VVA İdarəsinin rəisi İ.K.Məmmədov və Notariat və VVA İdarəsinin məsləhətçisi A.A.Səməd-zadə Avstriya Respublikasına səfər etmişlər.
Səfər zamanı nümayəndə heyyətini Avstriya Respublikasının Federal Daxili İşlər Nazirinin müavini doktor Helmut Pruqqer qəbul etmişdir. Avstriyanın Dövlət Registrinin fəaliyyəti ilə tanış olmaq və gündəlik iş prosesini müşahidə etmək üçün nazirlik tərəfindən təşkil edilmiş tədbirlər planı üzrə Vyana şəhərinin hava limanında quraşdırılmış elektron qeydiyyat şəbəkəsinə, Dövlət Registr Xidmətinin mərkəzi ofisinə və əhaliyə pasportların verilməsini həyata keçirən bir sıra yerlərdəki qurumlara ölkəmizin nümayəndələrini xidmətin mütəxəssisləri cənab Andreas Asşauer və cənab Hartmut Kosma müşaiət etmişdirlər.
Bununla yanaşı Avstriya Respublikasının Ədliyyə Nazirliyində ölkələrarası övladlığa götürmə üzrə idarənin rəisi cənab Verner Şults və Vyana şəhərinin hökumətində həmin məsələ üzrə məsul əməkdaşlarla bir sıra görüşlər keçirilmiş, mövcud təcrübə əsasında ətraflı müzakirələr aparılmışdır.
5-9 aprel 2005-ci il tarixlərdə Fransanın Ali Notariat Şurasının Fəxri Prezidenti, Beynəlxalq Notariat Əməkdaşlığı Komissiyasının Prezidenti, Marsel şəhərinin notariusu cənab Jan-Pol Dekorps Bakıda səfərdə olmuşdur.
Səfərin proqramı çərçivəsində cənab J.Dekorps Azərbaycan Respubllikasının ədliyyə nazirinin müavini T.Musayev, Notariat və VVA idarəsinin rəisi İ.Məmmədov tərəfindən qəbul edilmiş, respublikanın notariat orqanlarında aparılan islahatlar barədə məlumatlandırılmışdır. Görüşlər nəticəsində Fransa notariatının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə əməkdaşlıq etməsi barədə razılıq əldə edilmişdir.
Bundan başqa nazirliyin məsul əməkdaşları İsveçrədə və Qırğızıstan Respublikasında ezamiyyətdə olmuş, əhalinin registrinin aparılması məsələsinə həsr olunmuş konfranslarda iştirak etmiş və bu sahədə beynəlxalq təcrübə ilə tanış olmuşlar.
2005-ci ilin 17 - 23 sentyabr tarixlərində Niderland Krallığının Haaqa şəhərində Övladlığa götürmə üzrə ölkələrarası əməkdaşlıq və uşaqların müdafiəsinə dair 29 may 1993-cü il tarixli Konvensiyasının praktiki tədbiqi məsələlərinə həsr olunmuş Xüsusi Komissiyanın iclası keçirilmiş, iclasda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVA idarəsinin rəisi və baş məsləhətçisi iştirak etmişdirlər.
İclas zamanı Konvensiyanın praktiki tətbiqi ilə əlaqədar meydana çıxan bir çox məsələlər, o cümlədən ölkələrarası övladlığa götürmənin hüquqi tənzimlənməsi, övladlığa verilməsi ilə bağlı müvafiq ailə üzrə araşdırmaların aparılması, övladlığa verildikdən sonra uşaq barədə məlumatların daimi olaraq əldə edilməsi, eləcədə akkreditə edilmiş orqanlar və onların mərkəzi orqanla aralarındakı münasibətlər müzakirə olunmuş, bu məsələyə dair təlimat layihəsi üzrə ətraflı fikir mübadiləsi aparılmışdır.
Tədbirin təşkilatçısı olan Xüsusi Beynəlxalq Hüquq üzrə Haaqa Konfransının baş katibi canab Hans Van Lunla aparılan danışıqlar zamanı Övladlığa götürmə üzrə ölkələrarası əməkdaşlıq və uşaqların müdafiəsinə dair 29 may 1993-cü il və Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 5 oktyabr 1961-ci il tarixli Konvensiyalarının icrası istiqamətində əməkdaşlığın qurulması məsələləri müzakirə edilmişdir.
2006-cı ilin noyabr ayının 5-10-da nazir müavini T.S.Musayevin başçılıq etdiyi nümayəndə heyəti 75 dövlətin notariatının üzv olduğu Beynəlxalq Notariat İttifaqı Üzvlərinin Assambleyasının və onun İcraiyyə Komitəsinin Uruqvayın Punta del Este şəhərində keçirilən iclaslarında iştirak etmişdir.
Assambleyanın iclasında İttifaqın üzv ölkələrinin notariat orqanlarının fəaliyyəti barədə təqdim etdikləri hesabatlar, habelə ölkəmiz üçün aktual olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ipoteka müqavilələrinin rəsmiləşdirilməsi kimi məsələlər müzakirə olunmuş, tədbirdə ilk dəfə təmsil olunan ölkəmizin iştirakı xüsusi vurğulanmışdır.
İttifaqın İcraiyyə Komitəsinin Beynəlxalq Əlaqələr üzrə Komissiyasında T.Musayev çıxış edərək, Azərbaycanda uğurla həyata keçirilən hüquq islahatları çərçivəsində notariat fəaliyyətinin təşkili və bu sahədə işin daha da təkmilləşdirilməsi, mövcud qanunvericilik və xüsusi notariat institutunun tətbiqi barədə geniş məlumat vermiş, iştirakçıların çoxsaylı suallarını ətraflı cavablandırmışdır. Ölkəmizdə ədliyyənin inkişafı üzrə görülən tədbirlər rəğbətlə qarşılanmışdır.
Tədbirdə iştirak edən bir sıra xarici ölkələrin nümayəndə heyətlərinə ölkəmiz barədə və Ədliyyə Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat xarakterli materiallar təqdim olunmuşdur.
Beynəlxalq Notariat İttifaqının prezidenti cənab Ciankarlo Laurini ilə keçirilmiş görüş zamanı ölkəmizin bu quruma üzv qəbul olunmasına dair təklif irəli sürülmüş, ikitərəfli münasibətlərin genişləndirilməsi məqsədilə əlaqələndirici şəxs təyin olunmuş və İttifaq rəsmilərinin Azərbaycan Respublikasına işgüzar səfəri planlaşdırılmışdır.
Səfər çərçivəsində bir sıra ölkələrin notariat qurumlarının, o cümlədən Uruqvay Notariuslar Assosiasiyasının, habelə Rusiya Federasiyası, İspaniya, Argentina, Rumıniya, Meksika, Seneqal, Macarıstan və Kanadanın Kvebek əyalətinin notariat qurumlarının rəhbərləri və nümayəndələri ilə görüşlər keçirilmiş, əməkdaşlığa dair məsələlər müzakirə olunmuşdur.
Qeydiyyat və notariat baş idarəsinin nümayəndə heyəti 2007-ci ilin oktyabr ayının 3-6-da İspaniyanın Madrid şəhərində keçirilən XXV Beynəlxalq Notariat İttifaqının Konqresinin işinə qatılmışdır.
Hər üç ildən bir keçirilən bu konqresdə dünyanın səksənə yaxın ölkəsindən notariat orqanlarının rəhbərləri və fəaliyyət göstərən notariuslar iştirak etmişlər.
Rəsmi mərasimi açan İspan şahzadəsi cənab Filip Burbon nüfuzlu beynəlxalq tədbirdə iştirak etmək üçün bir çox ölkədən gələn qonaqları salamlayaraq, müasir dünya iqtisadiyyatının inkişafında notariatın rolunu qeyd etmiş, bu institutun əhəmiyyətinin gündən-günə artmasını və bundan duyduğu məmnunluğunu xüsusi vurğulamışdır.
Səfər zamanı nümayəndə heyəti həmçinin Beynəlxalq Notariat İttifaqının idarə etmə orqanı olan Daimi Şuranın sessiyasında və Üzv Notariat Palatalarının Böyük iclasında iştirak etmişdir. Böyük iclasda ittifaqın prezidentinin təşəbbüsü ilə Azərbaycanda notariat fəaliyyətinin təşkili və görülən tədbirlər barədə məlumat dinlənilmişdir.
Eyni zamanda Beynəlxalq Notariat İttifaqının hazırki prezidenti Ciankarlo Laurini ilə ayrılıqda görüş keçirilmiş, tərəfindən ölkəmizin ittifaqa üzv qəbul olunması prosesinin sürətləndirilməsinin vacibliyi qeyd olunmuşdur.
Bununla yanaşı, ölkəmizin nümayəndə heyəti Beynəlxalq Notariat İttifaqının yeni seçilmiş və 1 yanvar 2008-ci il tarixdən etibarən vəzifəsinin icrasına başlayacaq prezident Eduardo Qalliano tərəfindən də qəbul olunmuşdur.
Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov və həmin baş idarənin informasiya təminatı şöbəsinin rəisi Ağa Kərim Səməd-zadə mart ayının 13-14-də Fransanın Strasburq şəhərində keçirilən Vətəndaşlıq Vəziyyəti üzrə Beynəlxalq Komissiyanın fəaliyyətinin 60 illiyinə həsr edilmiş konfransda və "XXI əsrdə Vətəndaşlıq Vəziyyəti - tənəzzül ya intibah?" mövzusu ətrafında aparılan müzakirələrdə iştirak etmişdir.
Vətəndaşlıq Vəziyyəti Üzrə Beynəlxalq Komissiyanın hazırkı prezidenti, Fransanın Ali Məhkəməsinin üzvü cənab Jan Mazars Komissiyanın fəaliyyət göstərdiyi 60 il ərzində görülən işlər və əldə edilən nailiyyətlər barədə iştirakçılara geniş məlumat vermişdir. Müxtəlif ölkələrdən səfər edən təcrübəli mütəxəssislər tərəfindən "Vətəndaşlıq vəziyyəti - kimlik və eyniləşdirmə", "Vətəndaşlıq vəziyyəti və əhalinin qeydiyyatı", "Vətəndaşlıq vəziyyətinin elektron qeydiyyatı", "Vətəndaşlıq vəziyyəti müxtəlif hüquq sistemlərində", "Vətəndaşlıq vəziyyəti qeydiyyatının əhəmiyyəti", "Vətəndaşlıq vəziyyəti qeydiyyatçının statusu" və bir sıra digər maraq doğuran mövzular üzrə məruzələr oxunmuş, fikir mübadiləsi aparılmışdır.
Konfransda nümayəndə heyətinin rəsmi təqdim olunması zamanı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi məhkəmə-hüquq sistemində də həyata keçirilən əsaslı islahatlar və onların nəticələri haqqında məlumat verilmiş, ölkəmiz barədə və Ədliyyə Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat xarakterli materiallar təqdim olunmuş, görkəmli rəssam Ə.Əzimzadənin milli nikah mərasimini əks etdirən müvafiq rəsm əsərinin fotoreproduksiyası Komissiyanın muzeyinə hədiyyə edilmişdir.
Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən İsveçrənin Cenevrə şəhərində bütün qabaqcıl ölkələrin qatıldığı dünya nüfuzlu "İTU Telecom World 2009" beynəlxalq sərgisində ölkəmizi müasir texnologiyaların tətbiqi sahəsində ən uğurlu layihələri və nailiyyətləri ilə seçilən qurum və təşkilatların, o cümlədən Ədliyyə Nazirliyinin məsul şəxslərinin iştirak etdiyi nümayəndə heyəti təmsil etmişdir.
BMT-nin Baş katibinin, dövlət və hökumət rəsmilərinin, eləcə də 40 ölkədən 700 şirkət və qurumun, 140 ölkədən 35-45 min qonağın iştirak etdiyi sərgidə ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə edilmiş nailiyyətləri əks etdirən eksponatlar nümayiş etdirilmişdir.
Bu məqsədlə təşkil olunmuş Azərbaycan Milli pavilyonunda respublikamızda müxtəlif sahələri əks etdirən qabaqcıl texnoloji yeniliklər, o cümlədən Ədliyyə Nazirliyi tərəfindən son dövr ərzində əhaliyə göstərilən hüquqi xidmətin keyfiyyətinin artırılması və ədliyyə orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsinə xidmət edən bir sıra müasir elektron informasiya sistemləri barədə stendlər yaradılmışdır.
Stendlərin biri ölkə əhalisi barədə ən dolğun dövlət informasiya ehtiyatı olan Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə həsr olunmuşdur. Burada quraşdırılmış monitorda dövlət reyestri barədə ən müasir üsullarla hazırlanmış 3D formatlı ətraflı prezentasiya nümayış etdirilmişdir. Digər stenddə isə "www.justice.gov.az" - Ədliyyə Nazirliyinin internet səhifəsi, "www.e-qanun.az" - milli qanunvericilik portalı, "Vətəndaşlıq vəziyyəti aktları", "Notariat sənədlərinin elektron məlumat bankı", "Elektron cinayət işi", "Kadrların avtomatlaşdırılmış uçotu", "Qüvvədən düşmüş sənədlərin Dövlət Reyestri", "Hakim korpusunun uçotu", "Elektron kargüzarlıq və sənəd dövriyyəsi" elektron informasiya sistemləri, eləcə də Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətində istifadə olunan müasir informasiya və kommunikasiya texnologiyaları barədə məlumatlar öz əksini tapmışdır. Bununla yanaşı, sərgidə təqdim olunan bütün məlumatlar barədə xüsusi hazırlanmış 200-ə yaxın broşür müxtəlif ölkələrdən maraqlanan iştirakçılar arasında paylanmışdır. Sərgi zamanı müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın milli pavilyonu ilə tanış olunmuş, milli pavilyonumuzda nümayiş etdirilən Ədliyyə Nazirliyinə həsr olunmuş stend tədbir iştirakçılarının yüksək marağını cəlb etmişdir.
Ədliyyə Nazirliyinin bir qrup əməkdaşı 23-29 noyabr 2009-cu il tarixində İtaliya və İspaniya dövlətlərində işgüzar səfərdə olmuşlar.
Nümayəndə heyəti 23-26 noyabr 2009-cu il tarixində İtaliyada Beynəlxalq Notariat İttifaqının katibliyi, Milli Notariat Palatası və Roma Notariat Palatasında olmuş, Beynəlxalq Notariat İttifaqının üzvü Cüzebbe Romandelli, Milli Notariat Palatısının beynəlxalq araşdırmalar şöbəsinin müdiri Emanuele Kalo və digər üzvləri, həmçinin 26-29 noyabr 2009-cu il tarixində İspaniyada Baş Notariat Şurasının vitse prezidenti Qyurrero Ariasın rəhbərlik etdiyi heyətlə görüşlər keçirmiş, qeyd olunan ölkələrdə notariat kontorlarında iş prosesini müşahidə etmişlər.
Görüşlərdə struktur qurumlar, informasiya texnologiyaları, notariat kontorlarında aparılan əməliyyatlara qanunvericiliyin tətbiqi mexanizmi, notariat sənədlərinin tərtibatı, kargüzarlığın aparılması qaydası, arxiv sənədlərinin saxlanılması və vətəndaşların qəbulu proseduru yaxından öyrənilmiş, təcrübə mübadiləsi aparılmışdır.
Səfər zamanı əcnəbi nümayəndələr tərəfindən Azərbaycan Respublikasında Ədliyyə Nazirliyinin apardığı islahatlar nəticəsində notariat sahəsində müvafiq irəliləyişlərin əldə olunduğu, ölkə notariatının qabaqcıl dövlətlərin notariat sisteminə uğurlu inteqrasiyası xüsusi qeyd edilmiş və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
 8-11 dekabr 2009-cu il tarixində Ədliyyə Nazirliyinin bir qrup əməkdaşının Estoniya Respublikasının Tallin şəhərinə səfəri təşkil olunmuşdur.
Səfər zamanı nümayəndə heyətimiz Estoniya Respublikasının Ədliyyə Nazirliyi, Notariat Palatası, və Ədliyyə Nazirliyin yanında Reyestrlər və informasiya sistemləri Mərkəzində görüşlər keçirmiş, Estoniya notariusları üçün təşkil olunan tədris seminarında iştirak etmiş, mərkəzi notariat arxivinin və Tallin şəhərinin notariat kontorlarının gündəlik fəaliyyəti ilə tanış olmuşlar.
Ədliyyə Nazirliyinin kansleri cənab Marqus Sarapuu ilə görüş zamanı nümayəndə heyətimizə son illərdə Estoniyanın hüquq sistemində baş vermiş dəyişikliklər, yeni notariat institutunun formalaşdırılması, nazirliyin bütün fəaliyyət istiqamətlərində informasiya texnologiyaların tətbiqi barədə məlumatlandırılmışdır.
Görüşdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi məhkəmə-hüquq sistemində də həyata keçirilən əsaslı islahatlar və onların nəticələri barədə məlumat verilmişdir. Həmin islahatlar çərçivəsində notariat fəaliyyətinin təşkili və bu sahədə işin daha da təkmilləşdirilməsi, mövcud qanunvericilik və xüsusi notariat institutunun tətbiqi barədə söhbətlər edilmişdir.
Estoniyanın Notariat Palatasında və Ədliyyə Nazirliyin yanında Reyestrlər və informasiya sistemləri Mərkəzində keçirilən görüşlərdə tərəflər arasında təcrübə mübadiləsi aparılmış, ədliyyə sistemində, xüsusilə də notariat fəaliyyətində müasir informasiya texnologiyaların tətbiqi barədə məruzələr dinlənilmişdir. Mərkəzin mütəxəssisləri tərəfindən nümayəndə heyətimiz üçün xüsusi maraq doğuran "Elektron notariat" sisteminin nümayişi təşkil edilmiş, onun formalaşdırılması və tətbiqi barədə ətraflı məlumat verilmişdir.
Tallin şəhərin notariat kontorlarına səfər zamanı da bu məsələyə xüsusi diqqət ayrılmış, sistemin təcrübədə istifadəsi müşahidə olunmuşdur. Eyni zamanda notariat kontorunun işinin təşkili və idarəolunması barədə Azərbaycan notariuslarının çoxsaylı sualları cavablandırılmışdır.
31 may-4 iyun 2010-cu il tarixində "Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu" və Almaniya Notariuslar Palatası tərəfindən Almaniya Federativ Respublikasına işgüzar səfər təşkil olunmuşdur.
Nümayəndə heyətinin üzvləri Almaniya Notariuslar Palatasında həmin Palatanın baş direktoru Dr.Cens Bormann, icraçı direktoru Dr.David Köniq, notarius-assessor (notarius yanında təcrübə keçən) Dr.Tomas Dien, Almaniya Federal Ədliyyə Nazirliyində nazirliyin aparat rəhbəri Dr.Şmitt-Velbrok, Beynəlxalq əlaqələr, hüquqi dövlət məsələləri üzrə dialoq şöbəsinin müdiri xanım Dr.Annette Böringer, Vəkillik və notariat qanunvericiliyi şöbəsinin müdiri Oliver Sabel, Almaniya Notariuslar Birliyində həmin Birliyin icraçı direktoru Dr.Yan Aykelberqlə görüşlər keçirmiş, həmçinin Brandenburq notariat kontorlarının birində və Vünsdorf kadastr idarəsində olmuş, iş prosesini müşahidə etmişlər.
Görüşlərdə Almaniyanın hüquq sistemində notariat institutunun yeri, notariatın təşkili, formaları, həmçinin, notariusun statusu, hüquqları, vəzifələri, notariat fəaliyyəti üzərində nəzarət, informasiya texnologiyalarının tətbiqi, rüsumlar və notariusun maliyyə təminatına dair ətraflı məlumat verilmişdir.
Səfər iştirakçıları Brandenburq notariat kontorunda olarkən vətəndaşların qəbulu prosedurunu, notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tətbiqini, notariat sənədlərinin tərtibatını, kargüzarlığın təşkilini, notariat hərəkətlərinin statistik təhlilini, arxiv sənədlərinin saxlanılması təcrübəsini öyrənmiş, Vünsdorf kadastr idarəsində olarkən informasiya texnologiyalarından istifadə, daşınmaz əmlakın reyestrinin aparılması, o cümlədən notariusların və digər şəxslərin həmin reyestrdən elektron məlumat əldə etməsi qaydaları ilə yaxından tanış olmuşlar.
Görüş iştirakçılarına Azərbaycanda ədliyyə sahəsində aparılan islahatlar, bu sahənin hərtərəfli inkişafı, notariat sisteminin təkmilləşdirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər və peşəkarcasına notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə keçirilən imtahanlar barədə ətraflı məlumat verilmişdir.























Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar
(təkmilləşdirilmişdir)


Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |