Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Miras necə qəbul olunur və ondan necə imtina edilir

90-cı illərinin əvvəllərindən ölkəmizdə dünyəvi dövlət quruculuğuna başlanılıb. Həmin illərdə müasir dövrün tələblərinə uyğun olaraq ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın bütün sahələrini tənzimləyə biləcək yeni qanunların qəbul edilməsinə ehtiyac var idi. Hal-hazırda qanunvericiliklə bağlı islahatlar həyata keçirilir. Bunun nəticəsi olaraq ölkəmizdə sahibkarlıq fəaliyyətinin bərqərar olması və inkişaf etməsi üçün də hüquqi baza yaranıb. Artıq vətəndaşlarımız öz əmlaklarından istifadə etməklə müstəqil surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı əldə ediblər.
Ölkə vətəndaşları müxtəlif dövlət aktları, özgənikiləşdirmə və ya vərəsəlik hüququ əsasında əmlak sahibi olurlar. Vəfat etmiş şəxsdən miras qalmış əmlakın onun vərəsələrinin adına rəsmiləşdirilməsi vərəsəlik hüquq normaları ilə nizamlanır. Bu baxımdan vərəsəlik hüququ önəmli bir institutdur.
1964-cü ildə qəbul olunmuş Azərbaycan SSR Mülki Məcəlləsinin cəmi 41 maddəsi vərəsəlik hüquq münasibətlərinin tənzimlənməsinə həsr olunduğu halda 2000-ci ildə qəbul olunmuş yeni Mülki Məcəllənin 192 maddəsi məhz bu münasibətlərin nizama salınması ilə bağlıdır. Bu da ölkəmizdə vətəndaşlarımızın əmlak hüquqlarının qorunmasına yönəlmiş addımlardan biri kimi qiymətləndirilməlidir.
Vətandaşa çatası miras əmlakın qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə onun adına rəsmidləşdirilməsinin əhəmiyyəti böyükdür. Nəzərə alınmalıdır ki, indi ölkə əhalisinin böyük bir hissəsi ya fərdi qaydada, ya da xüsusi müəssisələr vasitəsi ilə sahibkarlıq fəaliyyətilə məşğul olurlar. Notariuslar vərəsəlik hüququnu rəsmiləşdirilərkən, miras əmlakın mühafizəsini təşkil etmək və vərəsələrin dairəsini dəqiq müəyyənləşdirməklə insanların əmlak hüqüqlarının qorunması yolu ilə sahibkarlığın inkişafına da kömək edirlər. Təminatı mülkiyyət hüququnun qorunması olan sahibkarlığın inkişaf etdiyi bir dövrdə insanların vərəsəlik, mirasın qəbul olunması ondan imtina edilməsi haqqında bilgilərə malik olmaları vacibdir.
Qanunvericiliyə nəzər saldıqda görürük ki, vərəsələr vərəsəlik hüquqlarını təmin etmək üçün qanunla müəyyən olunmuş zəruri hüquqi hərəkətləri etməyə borcludurlar.
Misalçün, həmin hərəkətlərdən biri miras açıldıqdan sonra mirasın qəbulu və şəhadətnamənin istənilməsi barədə ərizə ilə notariusa müraciət etmələridir. Bu hal vərəsələrə həm qanun, həm də vəsiyyət üzrə heç bir fərq qoyulmadan eyni dərəcədə aiddir.
Mirası qəbul edib-etməməsi vərəsələrin öz iradəsinə bağlıdır. Qanunvericilikdə onların arzularına zidd heç bir məcburi qayda nəzərdə tutulmayıb. Lakin bəzən elə hallar olur ki, miras qoyanın vərəsələrinin mirasın qəbulu ilə əlaqədar hüquqi hərəkətləri vaxtında yerinə yetirməmələri onun qəbulu ilə bağlı müddətin buraxılması ilə nəticələnir. Bu halda mirasın qəbuluna, buraxılmış müddət məhkəmə qaydasında bərpa edildikdən sonra yol verilir ki, bu da əlavə vaxt itkisi deməkdir. Ona görə də mirasın qəbul olunması müddətini və qaydasını bilmək çox önəmlidir.
Qüvvədə olan qanunvericilik mirasın qəbul olunmasının müddətini və qaydalarını müəyyənləşdirib. Həmin qaydalar vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna onu qəbul etdiyi barədə ərizə verməsi, əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktiki başlanmasından ibarətdir.
Eyni zamanda vərəsənin mirasın bir hissəsinə sahiblik etməyə və ya onu faktiki idarə etməyə başlaması da mirasın qəbulu kimi qiymətləndirilir.
Təcrübə göstərir ki, birgə nigah dövründə ər-arvadın ümumi birgə mülkiyyətində olmuş əmlak üzrə mirasın qəbulu zamanı bəzən vərəsələr arasında anlaşılmazlıqlar meydana çıxır. Bir çox vərəsələr elə hesab edirlər ki, miras qoyanın adına rəsmi qeyd edilən əmlak birgə nigah dövründə əldə olunub-olunmamasından asılı olmayaraq bütövlükdə vərəsəliyin obyektidir. Əslində isə sağ qalan ər və ya arvadın birgə nigah dövründə əldə etdikləri ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə almaq hüququ vardır. Qeyd edilməlidir ki, bu halda şəhadətnamə ümumi əmlakın yarısına verilir. Vərəsəlik işi açılarkən miras əmlakdan həmin hissə çıxıldıqdan sonra yerdə qalan hissə miras əmlak hesab olunmalıdır.
Mirasın notariat kontoruna ərizə verilməklə qəbul olunması üçün əsas şərt həmin ərizənin yazılı olması və onun ancaq mirasın açıldığı yer üzrə notariat kontoruna verilməsidir. Notariusa bu barədə ərizə vermiş şəxs mirası harada yerləşməsindən və nədə ifadə olunmasından asılı olmayaraq qəbul etmiş sayılır.
Mirasın hansısa şərtlə və ya hansısa müddətə qismən qəbul edilməsinə yol verilmir. Əgər bu cür hal baş versə, vərəsə miras əmlakı bütövlükdə qəbul etmiş sayılır.
Mirasın qəbulundan imtina vərəsələrin tam sərbəstliyi şəraitində həyata keçirilir. Ümumiyyətlə, mirasın qəbulundan imtina vərəsələrin mirasın açıldığı yer üzrə notariat kontoruna rəsmi ərizə təqdim etməsilə reallaşdırılmalıdır. İstər mirasın qəbulu, istərsə də ondan imtina ilə əlaqədar ərizədəki imzaların həqiqiliyi başqa notariat kontorunda və ya qanunla nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq olunmaqla da mirasın açıldığı yer üzrə notariat kontoruna göndərilə bilər. Bu ərizənin müvafiq notariat kontoruna daxil olduğu vaxtdan asılı olmayaraq, ərizədəki imzanın həqiqiliyinin təsdiq olunduğu gün miras əmlakın qəbulu və ya onun qəbulundan imtina vaxtı hesab edilməlidir. Vərəsələr mirasın qəbulundan qanun və ya vəsiyyət üzrə vərəsələr dairəsinə daxil olan şəxslərin, həmçinin dövlətin xeyrinə imtina edə bilərlər. Vərəsələr dairəsinə daxil olmayan kənar şəxslərin, məhkəmə qərarı ilə ləyaqətsiz vərəsə sayılan və ya vəsiyyətnamə ilə birbaşa vərəsəlik hüququndan məhrum edilən şəxslərin xeyrinə mirasdan imtinaya yol verilmir.
Mülki Məcəllədə mirasdan imtina etmək üçün üç aylıq müddət müəyyənləşdirilib. Mirasa sahibliyə və ya onu idarə etməyə faktiki başlamış vərəsələr isə mirasın qəbulu üçün müəyyən edilmiş vaxt ərzində ondan imtina edə bilərlər. Deməli, belə hallarda vərəsələrin miras əmlakın qəbul olunmasından 6 ay müddətində də imtina etməsi mümkündür. Vərəsə iradəsini sərbəst ifadə etməklə ərizəsində mirasın qəbulundan vərəsələrdən kimin xeyrinə imtina etdiyini göstərə bilər. Mirasın qəbulundan imtina ərizəsində vərəsənin miras əmlakdan kimin xeyrinə imtina etməsi göstərilmədikdə onun payı qanun üzrə vərəsəliyə çağrılmış vərəsələr, bütün əmlaka vəsiyyətnamə əsasında şəhadətnamə verildiyi halda isə vəsiyyət üzrə vərəsələr arasında bərabər bölüşdürülməlidir.
Eyni zamanda dövlətin ona çatası mirasdan imtina edə bilməməsi, yeganə vərəsənin mirasdan imtina etməsi zamanı mirasın sonrakı növə vərəsələrə keçməsi və nəvənin xeyrinə mirasın qəbulundan imtina olunması qaydaları qanunvericiliklə müəyyənləşdirilib.
Bundan əlavə, qanunvericilik vərəsələrin kənd təsərrüfatı təyinatlı torpaq, avadanlıq, əmək alətləri və mal-qara üzrə mirasın qəbulundan imtina etmələrinin müstəsna qaydasını müəyyən edib. Aqrar islahatların uğurla həyata keçirildiyi bir vaxtda qanununvericilikdə kənd təsərrüfatı ilə məşğul olmayan vərəsələrin kənd təsərrüfatı təyinatlı torpağı, avadanlıqları, əmək alətlərini və mal-qaranı qəbul edib-etməmək hüququnun xüsusi qaydaları nəzərdə tutulub. Bu heç də o demək deyil ki, qanunvericilikdə həmin normaların müəyyən olunması bütün mirasın hansısa şərtlə və ya hansısa müddətə qismən qəbul olunmasına və ya ondan imtina edilməsinə şərait yaradır.
Diqqətlə fikir verdikdə görürük ki, burada vərəsələrin tam sərbəstlik prinsiplərinə riayət olunmaqla kənd təsərrüfatı ilə məşğul olmayan vərəsələrlə kənd təsərrüfatı ilə məşğul olan vərəsələr arasında müəyyən fərqlər qoyulub. Deməli, kənd təsərrüfatı ilə məşğul olan vərəsələr miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq, avadanlıq, əmək alətiləri və mal-qaranı bir miras əmlak kimi qəbul edə və ya ondan imtina edə bilər. Ancaq kənd təsərrüfatı ilə məşğul olmayan vərəsələr qanunun onlara verdiyi müstəsna hüquqlardan istifadə edərək göstərilən əmlakları qəbul etməyə bilərlər, lakin bu, mirasın qəbulundan imtina kimi qiymətləndirilə bilməz.
Qanun vərəsələrə mirasın qəbul edilməsi və onun qəbulundan imtina olunması ilə bağlı notariat kontoruna verdikləri ərizələri geri götürməyi qadağan edib.
Onu qeyd etmək lazımdır ki, mirasın qəbulu və onun qəbulundan imtina edilməsi qaydalarının düzgün tətbiq olunması vətəndaşların əmlak hüquqlarının qorunmasına təminat verir.













Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar
(təkmilləşdirilmişdir)

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir



Email ünvanı:
 @justice.gov.az
Şifrə:  
Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2014
designed by: M.O.J.
|