Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Seçici siyahıları mühüm seçki sənədidir

Fuad Cavadov,
Ədliyyə Nazirliyi Məhkəmə
Ekspertizası Mərkəzinin rəisi,
Mərkəzi Seçki Komissiyasının üzvü

 

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən respublika vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var. Bu hüququn təmin edilməsi üçün ölkədə seçkilərin müasir standartlara cavab verən hüquqi bazası yaradılmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəaları seçkilərin və referendumun keçirilməsi sahəsində lazımi üsul və vasitələri nəzərdə tutur. Seçki Məcəlləsinin tələblərinin dürüst həyata keçirilməsi, ölkə rəhbərliyinin böyük qayğısı və siyasi iradəsi sayəsində ölkədə seçki praktikası getdikcə təkmilləşir. Lakin bu sahədə məlum tərəqqiyə rəğmən, seçki komissiyalarının fəaliyyətində və seçkilərin hazırlanıb keçirilməsi ilə əlaqədar digər qurumların işində bəzi nöqsanlar hələ də tam aradan qaldırılmamışdır. Bunlar, ilk növbədə, seçici siyahılarının tərtibi və dəqiqləşdirilməsində özünü büruzə verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" 11 may və "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 25 oktyabr 2005-ci il tarixli sərəncamlarda Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və aşağı seçki komissiyalarına hər bir seçiciyə seçici vəsiqəsinin çatdırılmasının təmin olunması, seçici siyahılarının dəqiq və dürüst tərtib edilməsi üçün Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq lazımi tədbirlərin görülməsi tövsiyə edilmiş, yerli icra hakimiyyəti orqanlarına Seçki Məcəlləsinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində seçki siyahılarının dəqiq tərtib edilməsinin və məntəqə seçki komissiyalarında seçicilərin ünvanlarının tam göstərildiyi seçici siyahıları ilə bütün maraqlı şəxslərin tanış olmaları üçün müvafiq şərait yaradılmasının təmin olunması tapşırılmışdır.

Seçici siyahıları daimi və müvəqqəti siyahılardan ibarət olur. Daimi seçici siyahılarına müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, həmçinin hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan (18 yaşından yuxarı) seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil olunur. Müvəqqəti seçici siyahılarına isə diplomatik nümayəndəliklərin və konsul idarələri rəhbərlərinin, eləcə də seçicilərin müvəqqəti olduqları müəssisələrin (xəstəxanalar, sanatoriyalar, istirahət evləri) rəhbərlərinin aktiv seçki hüququna malik vətəndaşlar haqqında təqdim etdikləri məlumatlar salınır. Müvəqqəti seçici siyahıları daimi seçici siyahılarına əlavə edilir.

Respublikanın ucqar və yolu çətin keçilən yerlərində yaradılan seçki məntəqələri üzrə seçici siyahıları məntəqə seçki komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu başçılarının seçicilər haqqında verdikləri məlumatlar əsasında, səsvermə gününə azı 25 gün qalmış, müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra dəqiqləşdirilir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 46.14-cü maddəsinə əsasən məntəqə seçki komissiyaları seçici siyahılarını dəqiqləşdirdikdən sonra vətəndaşların şəxsi müraciətləri əsasında edilən və ya edilməli dəyişiklikləri yoxlayıb nəzərə alır, habelə vəzifəli şəxslərin, bələdiyyə qurumlarının, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların, vətəndaşların yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanların təqdim etdikləri müvafiq sənədlər əsasında araşdırır.

Hərbi hissələrin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissədə yerləşdirilən hərbi qulluqçuların, hərbi hissənin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin və digər seçicilərin) siyahıları hərbi hissə komandirlərinin seçicilər haqqında məlumatı əsasında, səsvermə gününə azı 25 gün qalmış məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilir.

Seçicilərin müvəqqəti olduqları yerdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində), səsvermə günü üzən gəmilərdə yaradılmış seçki məntəqələri üzrə seçici siyahıları seçicinin müvəqqəti olduğu müəssisənin rəhbərinin, gəmi kapitanının seçicilər haqqında təqdim etdiyi və məntəqə seçki komissiyası tərəfindən yoxlanılmış məlumatlar əsasında məntəqə seçki komissiyası tərəfindən səsvermə gününə azı 5 gün qalmış təsdiq edilir.

Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış seçki məntəqələri üzrə seçici siyahıları Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyinin və ya konsul idarəsinin rəhbərlərinin seçicilər haqqında verdiyi məlumatlar əsasında, səsvermə gününə azı 25 gün qalmış müvafiq məntəqə seçki komissiyası tərəfindən təsdiq olunur.

Seçki məntəqəsi hərbi hissədə yaradılmadığı təqdirdə hərbi hissənin komandiri, eləcə də istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin rəhbərləri Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi qaydada seçicilər haqqında məlumatları toplayıb dəqiqləşdirir və Seçki Məcəlləsində başqa qayda nəzərdə tutulmayıbsa, səsvermə gününə azı 35 gün qalmış müvafiq məntəqə seçki komissiyasına təqdim edirlər.

Hərbi qulluqçular ümumi seçki məntəqələrində səs verirlər.

Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yalnız o halda yol verilir ki, hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün 1 saatdan çox vaxt lazım olsun və hərbi qulluqçuların ümumi sayı 50-dən artıq olsun.

Seçki Məcəlləsində nəzərdə tutulmuş müstəsna hallarda isə seçki məntəqələri müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq hərbi hissələrin komandirləri tərəfindən səsvermə gününə azı 5 gün qalmış yaradılır. Sərhəd qoşunlarının hərbi qulluqçuları, hərbi mühafizə zonasında yerləşdirilən hərbi qulluqçular onların hərbi hissələrində yaradılan seçki məntəqələrində səs verirlər.

Səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi və səslərin hesablanması üçün seçki məntəqələri seçicilərin olduğu ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsul idarələrinin rəhbərləri tərəfindən, konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olduqda səsvermə gününə 30 gün qalmış yaradılan seçki məntəqələrində siyahıya alınırlar. Bu seçki məntəqələri yalnız referendum və prezident seçkilərinin keçirilməsi üçün yaradılır.

Seçici siyahıları 2 nüsxədən ibarət tərtib olunur və adları siyahıya daxil edilmiş seçicilər haqqında məlumatlar əlifba qaydasında və ya digər qaydada (yaşayış məntəqələri, küçələr, evlər və mənzillər üzrə) yerləşdirilir. Seçici siyahılarının mühüm məsələlərindən biri də onların tərtibatında istifadə olunan rekvizitlərdir. Ümumiyyətlə, seçici siyahılarının rekvizitləri hər ölkədə müxtəlifdir. Məsələn, Kanadanın seçkilər haqqında qanununa görə seçici siyahılarında seçicinin soyadı, adı, cinsi mənsubiyyəti, doğum tarixi, poçt ünvanı və digər məlumatlar göstərilir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə isə, seçici siyahılarında seçicinin soyadı, adı, atasının adı, doğulduğu il (18 yaşı tamam olmuşlar üçün - əlavə olaraq doğulduğu ay və gün), daimi yaşadığı yerin ünvanı (küçə, binanın, mənzilin, evin nömrəsi, yaşayış yeri müvəqqəti məskunlaşma yeridirsə - xəstəxananın, sanatoriyanın, istirahət evinin və ya digər yerin ünvanı) və seçki məntəqəsinin nömrəsi göstərilir. Seçki Məcəlləsinin 35.5-35.6-cı maddələrinə uyğun olaraq yaradılmış seçki məntəqəsi üzrə seçicilər siyahısı məntəqə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanaraq, komissiyanın möhürü ilə təsdiqlənir.

Seçki Məcəlləsinə uyğun olaraq seçki məntəqəsi üzrə tərtib olunmuş ilkin seçici siyahılarının birinci nüsxəsi akt tərtib edilməklə məntəqə seçki komissiyasında saxlanılır, siyahının ikinci nüsxəsi hər il fevral ayının 5-dən gec olmayaraq, lakin səsvermə gününə azı 25 gün qalmış dairə seçki komissiyasına verilir.

Seçki dairəsi üzrə ilkin seçici siyahıları hər il martın 5-dən gec olmayaraq iki nüsxədə tərtib edilməklə, dairə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır, komissiyanın möhürü ilə təsdiq olunur və aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Mərkəzi Seçki Komissiyası tərəfindən siyahılarda uyğunsuzluqlar aşkar edilərsə, bunlar düzəldilərək və sonradan may ayının 25-dək məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiqlənir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 46.1-ci maddəsinə əsasən seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada səsvermə gününə azı 25 gün qalmış dəqiqləşdirilməlidir. Ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar referendumun martın 18-də keçirilməsi nəzərə alınaraq seçici siyahıları mayın 30-dək deyil, qanunamüvafiq qaydada dəqiqləşdiriləcəkdir.

Seçici siyahılarının tərtibi işində müxtəlif praktikalar mövcuddur. Məsələn, dünyanın 50-dən artıq ölkəsində (Avstraliya, Avstriya, Belçika, İngiltərə, Danimarka, Kanada, İspaniya və s.) seçicilərin siyahıları fasiləsiz olaraq yenilənir. Rumıniyada, Fransada və dünyanın iyirmiyə yaxın ölkəsində seçicilərin siyahıları hər il, İngiltərədə isə ildə iki dəfə təzələnir.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, seçici siyahıları tərtib edilərkən dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə edilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 47.2-ci maddəsinə görə, vətəndaşın seçki məntəqəsi üzrə seçicilər siyahısına daxil edilməsi üçün onun yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin elan olunması günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür.

Hərbi hissədən kənarda yaşayan hərbi qulluqçular yaşayış yeri üzrə seçici siyahılarına ümumi əsaslarla daxil edilir. Hərbi hissədə yerləşən hərbi qulluqçuların, onların ailə üzvlərinin və hərbi hissənin hüdudlarında yaşayan digər seçicilərin siyahısına daxil edilməsi üçün onların yaşayış yeri və ya doğulduğu yer üzrə qeydiyyatını aparan orqanların, ya da hərbi hissələrin, yaxud hərbi xidmətdə və ya hərbi çağırış üzrə qulluqda olan vətəndaşların hərbi hissənin ştat cədvəlinə daxil edilməsi barədə hərbi hissə komandirinin əmri ilə təsdiqlənən daimi və ya daha çox yaşamaları faktı əsasdır.

Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahılarına daxil edilməsi üçün onların Azərbaycan Respublikasının hüdudlarından kənarda daim yaşaması faktı, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsul idarələrinin müəyyənləşdirdiyi uzunmüddətli xarici ezamiyyətlərdə olması faktı əsas götürülür. Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşları xarici dövlətdə olarkən seçki məntəqəsinə gəldikdə xarici pasport və ya onu əvəz edən sənəd əsasında seçici siyahılarına daxil edilirlər.

Səsvermə günü xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində olan seçicilər orada yaradılan seçki məntəqələrində şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd (seçici vəsiqəsi də daxil olmaqla) əsasında seçicilər siyahısına daxil edilirlər. Göstərilən yerlərdə Seçki Məcəlləsinin 35.4-cü maddəsinə uyğun olaraq səsvermə günü seçki məntəqəsi yaradılmayıbsa, bu cür seçicilər həmin müəssisələrin rəhbərinin məntəqə seçki komissiyasına təqdim etdiyi məlumat əsasında seçici siyahısına daxil edilirlər. Bu məlumatda seçicilərin şəxsiyyət vəsiqələrinin və ya onları əvəz edən sənədlərin tam göstəriciləri əks etdirilməlidir.

Barələrində həbs qətimkan tədbiri seçilmiş, lakin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmayan şəxslər istintaq təcridxanasının rəhbərliyinin məntəqə seçki komissiyasına təqdim etdiyi məlumat əsasında, bu şəxslərin şəxsiyyət vəsiqələrinin və ya onları əvəz edən sənədlərin tam göstəriciləri əks olunmaqla, seçici siyahılarına daxil edilirlər.

Hərəkət edə bilməyən Azərbaycan Respublikasının vətəndaşları yaxın qohumlarının və ya onlarla əlaqəsi olan digər şəxslərin məlumatları əsasında seçici siyahılarına daxil edilə bilərlər. Bu halda, həmin vətəndaşın şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edilməlidir.

Seçki Məcəlləsinin 47.9-cu maddəsinin tələbinə görə, seçici vəsiqələri paylandıqdan və seçici siyahıları ümumi tanışlıq üçün təqdim ediləndən sonra seçki məntəqəsinin ərazisində məskunlaşan və hər hansı səbəbdən siyahılara daxil edilməyən seçicilər şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd, zərurət olduqda isə həmçinin seçicinin həmin seçki məntəqəsi ərazisində daha çox yaşamasını təsdiqləyən sənədlər əsasında məntəqə seçki komissiyası tərəfindən seçicilər siyahısına əlavə edilirlər.

Seçki qanunvericiliyinə görə, seçici yalnız bir seçki məntəqəsi üzrə seçicilər siyahısına daxil edilə bilər. Seçki komissiyası seçicinin birdən çox məntəqədə seçici siyahısına daxil edilməsini aşkar etdikdə, bunun səbəblərini araşdırmalı və seçicinin yalnız bir siyahıda saxlanılmasını təmin etməlidir. Seçici bilərəkdən birdən artıq seçici siyahısına daxil edilibsə, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb oluna bilər.

Seçici siyahıları təsdiq edildikdən sonra vətəndaş seçicilər siyahısından rəsmi sənədlər, habelə Seçki Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq seçiciyə verilmiş səsvermə vəsiqəsi əsasında çıxarılır və bu barədə seçiciyə məktubla məlumat verilir. Belə halda seçici siyahısında vətəndaşın siyahıdan çıxarılmasının tarixi və səbəbi göstərilməlidir. Bu fakt məntəqə seçki komissiyası sədrinin və katiblərinin imzası ilə təsdiq edilir. Səsvermə üçün qeydiyyatdançıxma vəsiqəsi verildikdə, vəsiqə onu vermiş seçki komissiyası üzvlərinin imzası ilə təsdiq olunur.

Seçici siyahıları dəqiqləşdirilib təsdiq edildikdən sonra məntəqə seçki komissiyaları seçicilərin tanış olmasından və əlavə dəqiqləşdirmələr aparılmasından ötrü seçici siyahılarını, seçicilərə bu barədə məlumat verməklə, səsvermə gününə azı 35 gün qalmış təqdim edir və bunun üçün müvafiq şərait yaradır. Seçici siyahıları səsvermə otağından kənarda, seçicilər tərəfindən yaxşı görülə biləcəyi və gediş-gəliş üçün asan olan yerlərdə məlumat lövhələrində yerləşdirilməlidir.

Hər seçici seçici siyahısında öz soyadının olub-olmamasını yoxlaya bilər və lazım gəldikdə seçki komissiyasına soyadının daxil edilməsi və ya dəqiqləşdirilməsi barədə tələb ilə müraciət edə bilər. Bu zaman seçici siyahısına daxil edilmək üçün əsas kimi müvafiq seçki məntəqəsinin ərazisində yaşayış yeri üzrə qeydiyyatda olma götürülür.

Azərbaycan Respublikasının seçki hüququ olan vətəndaşı seçici siyahısına daxil edilməməsi, seçici siyahısında onun özü və ya digərlərinin barəsində göstərilməli olan məlumatlarda aşkar etdiyi səhvlər və yanlışlıqlar barədə məlumat verə bilər. Məntəqə seçki komissiyası seçicinin müraciətlərinin daxilolma günündən başlayaraq bir gün müddətində, səsvermə günü isə dərhal, lakin səsvermə qurtarmamış ərizəni və təqdim edilmiş sənədləri yoxlamalı, səhvin və ya yanlışlığın səbəblərini araşdıraraq, bunları aradan qaldırmalı, yaxud müraciət etmiş seçiciyə ərizəsinin nəzərə alınmaması səbəbini göstərməklə yazılı cavab verməlidir.

Ölkədə vahid seçicilər siyahısı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən aparılır. Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada seçici siyahıları MSK-nın internet saytında yerləşdirməklə ictimailəşdirilir. Mərkəzi Seçki Komissiyasının nəzdində "Seçkilər" informasiya mərkəzinin məlumat bazasında seçicilərin və referendumda səsverənlərin fəallığı barədə statistik məlumatlar toplanılır və bunlarla seçki subyektlərinin tanış olması sərbəstdir.

Mühüm seçki sənədi olan seçici siyahılarının seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq dəqiqləşdirilməsi prosesində seçicilərin özlərinin iştirakı da faydalıdır. Onların bu məsələ ilə bağlı seçki komissiyalarına ünvanladığı məlumat və təkliflərin ümumi işimizə şəksiz köməyi olar. Bu məqsədlə Mərkəzi Seçki Komissiyasında "115" qaynar telefon xətti yaradılmışdır.

Respublikada qarşıdakı referendumun yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün seçici siyahılarının dürüstlüyü və tamlığı əsas şərtlərdəndir və bu ilin əvvəlindən seçki komissiyalarında həmin istiqamətdə məqsədyönlü iş gedir.














Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar
(təkmilləşdirilmişdir)



Email ünvanı:
@justice.gov.az
Şifrə:  
Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2014
designed by: M.O.J.
|