Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzə” (2020-ci il üzrə)

Ədliyyə nazirinin müavini Vilayət Zahirovun

Azərbaycan Respublikasının Milli Məclisində çıxışı


Hörmətli xanım sədr!

Hörmətli deputatlar!

İlk növbədə qeyd etmək istərdim ki, 2020-ci il ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası üçün xüsusilə yaddaqalan olmuş, Vətən müharibəsində qazandığımız şanlı Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə əbədi həkk olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və qəti iradəsi, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın həmrəyliyi sayəsində işğalçı Ermənistan döyüş meydanında və siyasi müstəvidə ağır məğlubiyyətə uğrayaraq əzəli torpaqlarımız işğaldan azad edildi.

Bu şərəfli dönəmdə ölkə Prezidentinin xalqa müraciətlərində, dünyanın aparıcı medialarına müsahibələrində diplomatik məharəti və prinsipial mövqeyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın vətənpərvər çağırışları sayəsində beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar siyasəti və törətdiyi müharibə cinayətləri barədə hərtərəfli və dolğun məlumatlandırıldı, düşmənin yalan təbliğatı tam iflasa uğradı.

Vətən müharibəsi dövründə Ədliyyə Nazirliyi tərəfindən də müvafiq işlər aparılmış, ordumuza, döyüşdə yaralananlara, şəhid ailələrinə maddi, mənəvi və tibbi dəstək göstərilmiş, ədliyyə və məhkəmə işçiləri, həmçinin bələdiyyə nümayəndələri döyüşlərdə fədakarlıqla iştirak etmişlər. Ermənistanın işğalçılığı, müharibə və insanlıq əleyhinə cinayətləri barədə real həqiqətlərlə bağlı xarici dövlətlərin ədliyyə nazirlərinə, dünya prokurorlarına və bir sıra nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinə, ümumilikdə 400-ə qədər müraciət ünvanlanmışdır. Konqresin rəhbər vəzifəli şəxslərinə, eləcə də nümayəndə heyətlərinin rəhbərlərinə göndərilmiş müraciətlərdə Ermənistanın beynəlxalq humanitar hüquq normalarını kobud surətdə pozması, cəbhə xəttindən uzaqda yaşayış məntəqələrini və dinc əhalini məqsədli şəkildə atəşə tutması nəticəsində çoxsaylı ölən və xəsarət alanlar sırasında bələdiyyə sədrlərinin də olduğu, bələdiyyə binalarına, bələdiyyələrin 30-dan çox üzv və qulluqçusunun əmlakına zərər vurulduğu da qeyd edilmişdir.

Ölkəmizin ədalətli mövqeyinin təbliği məqsədilə nazirlik tərəfindən Azərbaycan, ingilis və rus dillərində "Qarabağ Azərbaycandır!" elektron məlumat platforması yaradılmışdır. Daim yenilənən və interaktiv rejimdə fəaliyyət göstərən həmin platformada Vətən Müharibəsi dövründə dövlət başçısının və Birinci vitse-prezidentin fədakar xidmətləri, Zəfər yürüşümüzə dair xəbərlər, foto və video-materiallar, 3 dildə tarixi sənədlər (o cümlədən Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələri), hüquqi maarifləndirməyə dair nazirliyin hazırladığı materiallar öz əksini tapmışdır.

Ölkə həqiqətlərini dünyaya geniş yaymaqda və erməni təbliğatını ifşa etməkdə öz imkanlarını səfərbər etməsi üçün bələdiyyələrlə də lazımi iş aparılmışdır.

Hörmətli deputatlar!

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə”nin layihəsi Ədliyyə Nazirliyi Kollegiyasının 15.01.2021-ci il tarixli iclasında geniş müzakirə edilmiş, verilmiş təklif və tövsiyələr nəzərə alınmaqla təkmilləşdirilmişdir. Eyni zamanda bildirirəm ki, məruzənin Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəsi zamanı millət vəkilləri tərəfindən söylənilmiş fikirlər, təkliflər öyrənilərək, nəzərə alınması istiqamətində tədbirlər görülür.

Pandemiya ilə bağlı karantin tədbirlərinə baxmayaraq 2020-ci ildə də bələdiyyələrin fəaliyyətində səmərəliliyinin artırılması, yol verilmiş pozuntuların aradan qaldırılması və qarşısının alınması qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilmişdir.

“Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş 2020-ci il 19 iyun tarixli dəyişikliyə əsasən operativliyi təmin etmək üçün bələdiyyə qərarlarının inzibati nəzarəti həyata keçirən orqana göndərilməsinin 15 günlük müddəti qısaldılaraq 5 iş günündən gec olmayaraq müəyyən edilmişdir. Bununla bağlı digər qanunlara da dəyişikliklər olunmuşdur.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununa 2020-ci il 29 iyun tarixdə edilmiş dəyişikliklər nəticəsində bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarını yaradan səbəb və şəraitin aradan qaldırılması da inzibati nəzarətin məqsədlərindən biri kimi müəyyən olunmuş, habelə inzibati nəzarətin təkmilləşdirilməsi üzrə yeni normalar daxil edilmişdir. Nazirliyin Kollegiyasının 2020-ci il 15 dekabr tarixli Qərarı ilə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat" bu Qanuna uyğunlaşdırılmış və təkmilləşdirilmişdir.

Bələdiyyələrin fəaliyyətinin qanunauyğun təşkilinə kömək və onlara metodoloji yardım göstərilməsi sahəsində fəaliyyətin dəqiq tənzimlənməsi məqsədilə “Bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım haqqında” müvafiq Təlimat hazırlanmış və Ədliyyə Nazirliyi Kollegiyasının 2020-ci il 21 noyabr tarixli Qərarı ilə təsdiq edilmişdir. Təlimatda bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və metodoloji yardım göstərilməsinin qaydaları, əsasları və istiqamətləri təsbit olunmuş, bələdiyyə fəaliyyətinin ayrı-ayrı sahələri üzrə müsbət təcrübənin formalaşdırılması məqsədilə pilot bələdiyyələrin müəyyənləşdirilməsi, onlarla müvafiq işin aparılması, belə təcrübələrin digər bələdiyyələrdə təşviqi nəzərdə tutulmuşdur.

Həmçinin yerli özünüidarəetmə sahəsində bir sıra aidiyyəti qanunvericilik aktları təhlil edilərək, onlara dəyişikliklər edilməsi ilə bağlı 15 qanun və fərman layihələri hazırlanaraq Nazirlər Kabinetinə göndərilmiş, hazırda aidiyyəti dövlət orqanlarının rəy və təklifləri nəzərə alınmaqla layihələr üzərində iş davam etdirilir. Milli Məclisin Regional məsələlər komitəsinin iclasında səslənmiş sualları nəzərə alaraq qeyd etmək istəyirəm ki, bu təkliflər paketində bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi, bələdiyyə torpaqlarından səmərəli istifadə olunması, torpaq ayırma qaydalarının sadələşdirilməsi, bələdiyyə torpaqlarının hərrac və ya müsabiqəyə çıxarılması hallarının dəqiqləşdirilməsi, yerli vergi və ödənişlərin toplanmasında mövcud problemlərin aradan qaldırılması, həmçinin bələdiyyələrin fəaliyyətinə həyata keçirilən inzibati nəzarətin səmərəliliyinin artırılması ilə bağlı və digər dəyişikliklər nəzərdə tutulmuşdur.

Hörmətli deputatlar!

Qanunvericiliyin tələbinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət iki istiqamət üzrə həyata keçirilir: inzibati nəzarət orqanına mütləq təqdim olunan bələdiyyə aktları əsasında, həmçinin hüquqlarına, qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının müraciəti üzrə.

Ötən il Ədliyyə Nazirliyində 79.858, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 2.670 bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılmış və hüquqi ekspertizadan keçirilmişdir. Nəticədə 76.433 (95,7%) akt qanunvericiliyə uyğun hesab edilmiş, normativ hüquqi aktların tələblərinə zidd olan 2.939 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilmişdir (2019-cu illə müqayisədə 6,3% çox). Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1.416 akt ləğv edilmiş, 1.316 akt dəyişdirilmişdir. Bələdiyyələr tərəfindən təmin olunmayan 13 təklif üzrə məhkəmələrdə qaldırılmış iddialardan 2-si təmin edilmişdir.

İl ərzində bələdiyyələrin fəaliyyəti ilə bağlı 3.206 müraciətə baxılmış və bu müraciətlərin 164-ü təmin və ya qismən təmin edilmişdir (2019-cu illə müqayisədə 17% çox).

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən bələdiyyələrin 172 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilmiş və həmin protokollar üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilmişdir.

İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilmişdir. Həmin materiallardan 10-u üzrə artıq cinayət işi başlanmışdır.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması, həmçinin onların fəaliyyətində daha çox pozuntuya yol verilən sahələrin, bu pozuntuları doğuran səbəb və şəraitin müəyyənləşdirilməsi məqsədilə 2019-cu ilin yekunları üzrə inzibati nəzarətin nəticələri təhlil edilərək ümumiləşdirilmişdir.

Təhlil göstərmişdir ki, torpaq və maliyyə qanunvericiliyinin tələblərinə əməl edilməsi, kollegial idarəetmə, şəffaflıq və hesabatlılığın təmin olunması sahələrində bir sıra pozuntulara, o cümlədən cinayət əlamətləri olan xarakterik pozuntulara ( təkbaşına qərarlar qəbul edilməsi, büdcə vəsaitlərinin qanunsuz istifadəsi, gəlirlərin büdcəyə mədaxil edilməməsi, torpaq sahələrinin saxta sənədlər əsasında satılması və ikili protokollaşdırma aparılması) yol verilir.

Bələdiyyə torpaqlarının idarə edilməsi sahəsində əsas etibarilə torpaqların icarəyə və ya mülkiyyətə ayrılması zamanı qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalara əməl edilməməsi, torpaqların təyinatına uyğun istifadəsinə nəzarətin həyata keçirilməməsi, eləcə də kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatından kənar məqsədlər üçün ayrılması, torpaq sahələrinin real bazar qiymətindən xeyli aşağı qiymətə icarəyə verilməsi, zəbt hallarının qarşısının alınması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməməsi kimi pozuntulara rast gəlinir.

İl ərzində torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən verilmiş təklif (bələdiyyələrə) və ya iddiaların (məhkəmələrə) təmini nəticəsində bütövlükdə 8.217 ha (2019-cu illə müqayisədə 17% çox) torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilmişdir. Həmçinin 2261 ha torpaq sahəsi ilə bağlı mübahisələr isə məhkəmələrin icraatındadır.

Qeyd olunur ki, ümumi istifadə üçün nəzərdə tutulmuş örüş sahələrinin qanunsuz icarəyə və ya mülkiyyətə ayrılması vətəndaşların çoxsaylı şikayətlərinə səbəb olur. Bu pozuntuların aradan qaldırılması məqsədilə zəruri tədbirlər görülmüş, nəticədə nazirliyin təklifləri əsasında ümumi istifadə üçün nəzərdə tutulan qanunsuz ayrılmış 3.417 ha örüş sahəsi bələdiyyələrin sahibliyinə qaytarılmış, bu sahədə tədbirlər davam etdirilir.

Bələdiyyə torpaqlarının idarə edilməsi sahəsində pozuntuların qarşısının alınması, eləcə də qanunvericiliyin tələblərinin izah edilməsi, vəzifə və səlahiyyətlərin diqqətə çatdırılması məqsədilə il ərzində bələdiyyələrlə metodiki iş aparılmış, o cümlədən müvafiq tövsiyələr hazırlanaraq bələdiyyələrə göndərilmişdir.

Təhlillər göstərir ki, bələdiyyələrin maliyyə resurslarının idarə edilməsi sahəsində əsas pozuntular yerli büdcənin icrasına ciddi nəzarətin həyata keçirilməməsi, büdcə vəsaitlərinin bələdiyyə iclasının qərarı olmadan xərclənməsi, bələdiyyə aktlarında yerli büdcədən ayrılan vəsaitin təyinatı və dəqiq miqdarının göstərilməməsi, yerli büdcənin vəsaiti hesabına görülmüş işlərin mühasibat uçotu qaydalarına uyğun sənədləşdirilməməsi, büdcədə nəzərdə tutulmayan xərclərə yol verilməsi ilə bağlıdır. Bu cür pozuntular bələdiyyələrin maliyyə vəziyyətinə mənfi təsir göstərməklə yanaşı, debitor və kreditor borcların (əsasən əmək haqqı və sosial sığorta borcları) yaranmasına səbəb olur.

Nazirlik tərəfindən bütün bələdiyyələrə “Bələdiyyələrin debitor və kreditor borclarının həlli barədə” tövsiyə göndərilmiş, büdcə sistemi haqqında qanunvericiliyin tələbləri izah olunmuş, həmçinin yerli vergi və ödənişlərin ödənilməsindən yayınma halları barədə məlumatların ictimailəşdirilməsi yolu ilə, ictimai qınaq kimi təsirli vasitədən istifadə edilməsi zərurəti diqqətə çatdırılmışdır.

Yerli özünüidarəetmə orqanlarının dayanıqlı gəlir mənbələri əldə etməsi, sahibkarlığın inkişafı, həmçinin əhalinin məşğulluğunun təmin olunmasında bələdiyyələrin iştirakının genişləndirilməsi məqsədilə onlarla aparılan metodiki işlər davam etdirilmişdir. İl ərzində 7 yeni bələdiyyə müəssisəsi yaradılmışdır ki, onların əsas fəaliyyət istiqamətlərini kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, təmir-tikinti işlərinin aparılması və s. məsələlər əhatə edir.

Yerli özünüidarəetmə orqanlarına dövlət dəstəyi kimi hər il dövlət büdcəsindən dotasiyaların, eləcə də 2019-cu ildən etibarən subvensiyaların ayrılması bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşmasına müsbət təsirini göstərir. Qeyd olunur ki, yerli büdcə kəsirinin ödənilməsi üçün ayrılan dotasiyanın qanunamüvafiq xərclənməsinin təmin olunması məqsədilə bələdiyyələrlə metodiki iş aparılmışdır.

Bələdiyyələrdə şəffaflıq və hesabatlılığın təmin edilməsi, o cümlədən ölkə başçısının 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində bir sıra tədbirlər görülmüşdür.

Bələdiyyələrdə büdcə intizamının gücləndirilməsi, büdcənin icrası barədə hesabatların qanunvericiliyin tələblərinə uyğun, daha dəqiq, anlaşılan və vahid formada hazırlanmasına metodiki kömək məqsədilə “Yerli büdcənin icrası haqqında (yarımillik və illik) hesabat”ın nümunəvi forması (Maliyyə Nazirliyi ilə razılaşdırılmışdır) tərtib edilərək bələdiyyələrə göndərilmişdir.

Yerli özünüidarəetmə orqanlarının işinin yeni tələblərə uyğunlaşdırılması, müasir texnologiyalar və internetdən istifadənin genişləndirilməsi üzrə həyata keçirilmiş tədbirlər nəticəsində hazırda kompüter avadanlığı ilə təmin olunmuş və internetə çıxışı olan bələdiyyələrin sayı onların 2/3 hissəsini əhatə edir. Qeyd olunan prosesin bütün bələdiyyələri əhatə etməsi istiqamətində tədbirlər görülür.

2020-ci ilin avqust ayında “Bələdiyyələrlə iş portalı”nın ilkin versiyası istifadəyə verilmişdir. Ədliyyə Nazirliyi tərəfindən yeni yaradılmış elektron resursda fərdi kabinet vasitəsilə bələdiyyə aktlarının yayımlanması, onların axtarışı, avtomatlaşdırılmış rejimdə statistik hesabatların tərtib edilməsi kimi funksional imkanlar yaradılmış, nazirliyin aidiyyəti qurumları və bələdiyyələr arasında elektron sənəd mübadiləsi təşkil olunmuşdur. Portalın funksionallığının artırılması, imkanlarının genişləndirilməsi və bütün bələdiyyələrin bu sistemə qoşulması üçün tədbirlər davam etdirilir.

Eyni zamanda ölkə bələdiyyələri barədə məlumatın əldə edilməsinə dair elektron xidmətin təşkili üzrə işlər yekunlaşdırılmışdır. Bu elektron xidmətin tətbiqi ilə vətəndaşların bütün bələdiyyələr və 15 mindən artıq bələdiyyə üzvü barədə məlumat əldə etmək imkanı təmin olunacaqdır.

Dövlət başçısının qanunun tələblərinə dönmədən əməl olunması, insanlara layiqli xidmət göstərilməsi, şəffaflığın artırılması və korrupsiyanın yolverilməzliyi barədə göstərişləri, eləcə də ölkə Prezidentinin çıxışlarında yerli özünüidarəetmə orqanlarının fəaliyyəti ilə bağlı qeyd etdiyi pozuntuların aradan qaldırılması üzrə tədbirlər görülməsi diqqətdə saxlanılmışdır.

Qabaqlayıcı tədbirlər çərçivəsində yerli özünüidarəetmə orqanlarında antikorrupsiya mədəniyyətinin gücləndirilməsi məqsədilə “Korrupsiyaya qarşı mübarizəyə dair hüquqi aktlar toplusu” və “Korrupsiyaya qarşı mübarizə üzrə Yaddaş kitabçası” hazırlanmış və bütün bələdiyyələrə çatdırılmışdır.

Bələdiyyələrin fəaliyyətində törədilən vəzifə cinayəti xarakterli əməllərin qarşısının alınması barədə tövsiyə hazırlanmış, tövsiyədə bələdiyyənin vəzifəli şəxsləri tərəfindən yol verilən bir sıra qanun pozuntularının, hərəkət və hərəkətsizliklərin vəzifə cinayətlərinin tərkibini yaratması ətraflı izah edilmişdir.

Bələdiyyələrə metodoloji yardım göstərilməsi sahəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə əməkdaşlıq çərçivəsində də onlayn seminarlar və regional təlimlər təşkil edilmiş, GİZ-in maliyyə dəstəyi ilə 5 metodik vəsait çap edilmişdir. Ümumilikdə il ərzində 29 metodik vəsait hazırlanaraq bələdiyyələrə çatdırılmışdır.

Həmçinin bələdiyyə aktları, eləcə də müraciətlər əsasında aparılan araşdırmalar zamanı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 8.532 tövsiyə göndərilmişdir.

Bələdiyyələrin işinin çevik əlaqələndirilməsi sahəsində bələdiyyələrin milli assosiasiyaları ilə qarşılıqlı əməkdaşlıq davam etdirilmiş, yerli özünüidarəetmənin aktual məsələləri üzrə birgə maarifləndirmə tədbirləri həyata keçirilmişdir.

Yerli özünüidarəetmə sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi diqqətdə saxlanılaraq 2020-ci ildə də Avropa Şurasının, Avropa İttifaqının aidiyyəti qurumları və başqa beynəlxalq təşkilatlarla, eləcə də xarici dövlətlərin müvafiq qurumları ilə Ədliyyə Nazirliyinin və bələdiyyələrin milli assosiasiyaların əməkdaşlığı davam etmiş, nazirliyin nümayəndələri bu qurumların bir sıra tədbirlərinə qatılmışlar.

Hörmətli deputatlar!

Ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulmuş əsas vəzifələrdən biri öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışının və məskunlaşmasının təmin olunmasıdır.

Bu istiqamətdə qarşıda duran vacib məsələlərdən biri də işğaldan azad edilmiş yaşayış məntəqələrində əhalinin yerli özünüidarə hüquqlarının təmin edilməsidir. Ölkəmizdə bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərir və həmin vaxtdan işğal altında olmuş 950-dən çox yaşayış məntəqəsində bələdiyyə seçkiləri keçirilməmişdir. İşğal nəticəsində məcburi köçkünə çevrilmiş 1 milyona yaxın vətəndaşımız özünün konstitusion hüququndan-yerli özünüidarəetmə hüququndan məhrum olmuşdur. Bildiyiniz kimi, hazırda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə, vurulan ziyanın hesablanmasına başlanılmışdır. Bununla yanaşı qarşıda ərazilərin bərpası və yenidən qurulması, yaşayış üçün zəruri infrastrukturun yaradılması, vətəndaşların öz dədə-baba yurdlarına qayıtması, torpaq islahatları və digər işlər həyata keçirilməlidir. Bu çox-saylı tədbirlərdən sonra bələdiyyə seçkilərinin keçirilməsi, yerli özünüidarə orqanlarının formalaşması, fəaliyyətə başlaması və digər vəzifələr durur. Əminik ki, bu vəzifələr uğurla yerinə yetiriləcək və uzun müddət köçkün həyatı yaşamağa məcbur olmuş vətəndaşlarımızın konstitusion hüquqları bərpa olunacaqdır. Ədliyyə Nazirliyi tərəfindən də fəaliyyət istiqamətlərinə uyğun olaraq qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün zəruri tədbirlər davam etdiriləcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm!

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

09.03.2021

edliyye2020az
iacca
help_az
iap
eplc