“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzə” (2019-cu il üzrə)

 

Ədliyyə nazirinin müavini Vilayət Zahirovun

Azərbaycan Respublikasının Milli Məclisində çıxışı

 

Hörmətli xanım sədr!

Hörmətli deputatlar!

İlk növbədə qeyd etmək istəyirəm ki, bu ilin fevral ayında ölkəmizdə keçirilmiş parlament seçkiləri növbəti dəfə azad, demokratik, ədalətli və şəffaf səsvermənin nümunəsi olmuşdur. Gərgin keçən seçki mübarizəsində Azərbaycan Respublikasının Milli Məclisinə seçilmiş millət vəkillərini bu şərəfli ada layiq olmaları münasibətilə təbrik edir, vətənimizin tərəqqisi, ölkəmizin qanunvericilik sisteminin təkmilləşdirilməsi istiqamətindəki dəyərli fəaliyyətlərində uğurlar arzulayıram.

Hörmətli deputatlar!

“Bələdiyyələrin fəaliyyətinə İnzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən 2019-cu il üzrə illik məruzə diqqətinizə təqdim olunur:

Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmlənməsinə, hərtərəfli inkişafına yönəlmiş Heydər Əliyev strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilmiş, 2019-cu ildə də ölkəmizdə davamlı sosial-iqtisadi tərəqqi, ictimai-siyasi sabitlik təmin olunmuşdur.

Respublikamızda aparılan islahatlar və düşünülmüş iqtisadi siyasət dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən yüksək qiymətləndirilmiş, ölkəmiz xarici əlaqələrin genişlənməsi sahəsində sanballı uğurlar qazanmış, mötəbər beynəlxalq forumlara, zirvə görüşlərinə və sammitlərə ev sahibliyi etmiş, dövlətimizin beynəlxalq nüfuzu xeyli artmışdır.

Respublikamızın davamlı sosial-iqtisadi və mədəni inkişafının təmin olunmasında, beynəlxalq əlaqələrinin güclənməsində, milli-mənəvi dəyərlərin təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusilə qeyd edilməlidir.

2019-cu il ölkə həyatının bütün sahələrində olduğu kimi, yerli demokratiyanın inkişafında da uğurlu il olmuşdur. Yerli özünüidarəetmənin təşkili və bələdiyyələrin formalaşmasının 20 ilinin tamam olması, eləcə də demokratik, şəffaf, yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə növbəti bələdiyyə seçkilərinin keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrdəndir.

Seçkilər nəticəsində 1.597 bələdiyyə üzrə 15.075 bələdiyyə üzvü seçilmişdir. Əvvəlki seçkilərdə olduğu kimi, yeni seçilən bələdiyyə üzvləri sırasında qadınların, gənclərin sayında xeyli artım müşahidə edilmişdir. Belə ki, qadınların sayı 5.847 nəfər (38,8 %), gənclərin sayı isə 6.012 nəfər (39,9 %) olmuşdur. Seçkilər nəticəsində bələdiyyə üzvlərinin tərkibinin yeniləndiyi nəzərə alınaraq qısa müddət ərzində məqsədyönlü hüquqi maarifləndirmə işinin aparılması üçün Ədliyyə Nazirliyi tərəfindən xüsusi tədbirlər planı hazırlanmışdır.

Ötən il yerli özünüidarəetmənin inkişafı məsələləri daim diqqət mərkəzində olmuş, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi üçün bir sıra yeni normativ hüquqi aktlar qəbul edilmişdir.

Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli Qanunu ilə "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən olan bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım göstərilməsinin hüquqi əsası ilk dəfə qanunla təsbit olunmuş, eləcə də bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsinin təşkil edilməsi barədə yeni norma müəyyən olunmuşdur.

Azərbaycan Respublikasının 2019-cu il 27 iyun və 9 iyul tarixli Qanunları ilə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununa inzibati nəzarətin təkmilləşdirilməsinə yönəlmiş bir sıra zəruri dəyişikliklər edilmişdir. Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı ilə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında" Təlimatda dəyişikliklər edilərək bu Qanuna uyğunlaşdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası məqsədilə hazırlanmış "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi baxılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmiş, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi isə razılaşdırma mərhələsindədir.

 

Hörmətli deputatlar!

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət – bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən ölkə Konstitusiyasına, digər qanunvericilik aktlarının tələblərinə əməl edilməsi və onlar tərəfindən qanunvericiliyin pozulması hallarının qarşısının alınması məqsədi ilə həyata keçirilən fəaliyyətdir.

İl ərzində Ədliyyə Nazirliyində inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 80.261 (ötən illə müqayisədə 11 % çox) bələdiyyə aktı, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 1.796 akt hüquqi ekspertizadan keçirilmişdir. Nəticədə 77.427 (96,5 %) bələdiyyə aktı qanunvericiliyə uyğun hesab edilmiş, normativ hüquqi aktların tələblərinə zidd olan 2.765 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilmişdir. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1.285 akt ləğv edilmiş, 1.274 akt dəyişdirilmişdir. Göründüyü kimi, təkliflərin mütləq əksəriyyəti bələdiyyələr tərəfindən əsaslı hesab edilərək təmin olunmuş, qanunsuz qərarlar onların özləri tərəfindən ləğv edilmişdir.

Bələdiyyələr tərəfindən təmin olunmayan 19 təklif üzrə məhkəmələrdə iddia qaldırılmış, onlardan 8-i məhkəmə tərəfindən təmin edilmiş, 11 iddia isə hesabat ilinin sonuna məhkəmə icraatında olmuşdur. Bələdiyyə aktlarına inzibati nəzarətin həyata keçirilməsi və müraciətlərə baxılması nəticəsində bütövlükdə, qanunsuz verilmiş 7 min hektardan çox torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilmişdir (ötən illə müqayisədə 18,5 % çox).

Həyata keçirilmiş maarifçilik tədbirləri nəticəsində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətinin vaxtında təqdim edilməməsi və araşdırmaların aparılmasına maneçilik törədilməsi ilə bağlı qanun pozuntularının sayı keçən illə müqayisədə xeyli azalmışdır. 2019-cu il ərzində bələdiyyələrin 131 vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilmiş, həmin protokollar üzrə 112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilmişdir.

İnzibati nəzarət icraatı qaydasında aparılmış 24 araşdırmada ciddi hüquq pozuntuları aşkar edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir. Həmin materiallardan 17-si üzrə cinayət işi başlanılmış, digər materiallar üzrə qanunvericiliyə uyğun qərarlar qəbul edilmişdir. Araşdırmaların təhlili göstərir ki, maliyyə vəsaitlərinin qanunsuz istifadə edilməsi, pul vəsaitlərinin mənimsənilməsi, torpaq sahələrinin real dəyərindən ucuz satılması, habelə bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlərin bələdiyyə sədri tərəfindən təkbaşına həll edilməsi kimi xarakterik qanun pozuntularına yol verilmişdir.

2019-cu ildə vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu daim diqqətdə saxlanılmış, Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 3.304 müraciətdən 140-ı təmin və ya qismən təmin edilmişdir.

İnzibati nəzarət zamanı müəyyən edilmiş hüquq pozuntuları və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınmasına önəm verilərək bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 9.264 tövsiyə göndərilmişdir (ötən illə müqayisədə 55% çox).

Bələdiyyələrin fəaliyyətinin qanunauyğun qurulması üçün metodik kömək göstərilməsi məqsədilə maarifçilik tədbirləri davam etdirilmişdir. Hesabat dövründə ümumilikdə 292 (ötən illə müqayisədə 17,3 % çox) maarifçilik tədbiri olmaqla 271 seminar və təlim, 21 tədris kursu keçirilmiş və bu tədbirlərdə 11.000- dən çox bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir.

Həmçinin 25 (2018-ci ildə 15) metodik vəsait və tövsiyə hazırlanaraq istifadə üçün bələdiyyələrə göndərilmişdir.

Yerli özünüidarəetmə sahəsində əhalinin informasiya təminatının yaxşılaşdırılması məqsədilə bələdiyyələr barədə məlumatın əldə edilməsinə dair elektron xidmətin təşkilinə başlanılmış, həmçinin nazirliyin saytında "Bələdiyyə fəaliyyəti" bölməsi yenidən işlənilmişdir.

Bələdiyyələrin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkilinə kömək edilməsi, eləcə də yerli özünüidarəetmə sahəsində mövcud olan problemlərin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, yerli özünüidarəetmə orqanlarında kargüzarlıq işinin düzgün təşkili, sənədlərin qanunauyğun qaydada qorunub saxlanılması və arxivləşdirilməsinin əhəmiyyəti nəzərə alınaraq 2019-cu il ərzində 235 bələdiyyədə kargüzarlıq və sənədlərin arxivləşdirilməsi işi öyrənilmiş, bu sahədə mövcud pozuntuların aradan qaldırılması məqsədilə bələdiyyələrə zəruri kömək göstərilmiş, tövsiyələr verilmişdir.

Sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun təmin edilməsi sahəsində bələdiyyələrin fəaliyyətinin aktivləşdirilməsi məqsədilə izah işləri aparılmış, nəticədə bələdiyyələr tərəfindən ilkin olaraq 22 yeni müəssisə təsis edilmiş, fəaliyyətə başlamış 7 müəssisəyə 100-ə yaxın işçi cəlb edilmiş, bu müəssisələrdən yerli büdcələrə mənfəət vergisinin ödənilməsinə başlanılmışdır.

Dövlət büdcəsindən hər il dotasiyaların ayrılması ilə yanaşı, ilk dəfə olaraq 2019-cu ildə 1 milyon manat subvensiya ayrılan Salyan, Göygöl, Mingəçevir və Bakıxanov bələdiyyələrində yerli əhalinin sosial problemlərinin həllinə yönəlmiş layihələrinin icrası nəticəsində 140-dan çox iş yeri açılmış, bələdiyyələr üçün yeni gəlir mənbələri yaradılmışdır.

2019-cu ildə bələdiyyələrin maliyyə imkanlarının yaxşılaşdırılması diqqət mərkəzində olmuşdur. Yerli büdcənin gəlir mənbələrindən olan mədən vergisi, həmçinin mehmanxana, sanatoriya-kurort və turizm xidməti göstərən şəxslərdən ödənişlərin yerli büdcələrə ödənilməsi vəziyyəti təhlil edilmiş və aşkar olunan çatışmazlıqların və qanunsuzluqların aradan qaldırılması üçün tədbirlər həyata keçirilmişdir.

Bələdiyyə əmlakından səmərəli istifadə edilməsinin yerli büdcələrin gəlirlərinin artırılmasında əhəmiyyəti nəzərə alınaraq icarəyə ayrılmış bələdiyyə torpaqlarının məqsədli təyinatına uyğun istifadəsi və icarə haqlarının bazar məzənnələrinə uyğunluğunun təmin edilməsi məsələlərinə diqqət artırılmış, bu istiqamətdə qanunauyğun tədbirlərin görülməsi üçün ayrı-ayrı bələdiyyələrə zəruri kömək göstərilmişdir.

Yerli özünüidarəetmə orqanlarının böyük hissəsinin sosial sığorta ödənişləri üzrə xeyli borclarının yaranması, bu səbəbdən onların bank hesablarına məhdudiyyətlərin qoyulması narahatçılıq doğurduğundan bu sahədə də bələdiyyələrlə iş aparılmış, icra aparatlarının bələdiyyələrin maliyyə imkanlarına və iş həcminə uyğun formalaşdırılması tövsiyə edilmişdir. Bir sıra bələdiyyələr tərəfindən vergi orqanları ilə borcların ödənilməsi qrafiki razılaşdırılaraq hesablarına qoyulmuş məhdudiyyətlər götürülmüş, sosial sığorta borclarının 1 milyon manata yaxın hissədə ödənilməsi təmin edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 dekabr 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nın bələdiyyələr tərəfindən öyrənilməsi və tətbiqinə kömək məqsədilə "Yaddaş Kitabçası" hazırlanaraq bələdiyyələrə göndərilmişdir. Eyni zamanda, bu sahədə mövcud olan problemlərlə bağlı (əksər bələdiyyələrin zəruri texniki avadanlıqlara, internet şəbəkəsinə çıxışa malik olmaması, onlarda kompüter texnologiyası üzrə zəruri biliyə malik kadr çatışmazlığı, qəbiristanlıqların bələdiyyələrə təhvil verilməsi prosesinin başa çatmaması və s.) Nazirlər Kabinetinə müraciət edilmişdir.

Yerli özünüidarəetmə sahəsində Azərbaycan Respublikası Milli Məclisi ilə sıx əlaqələr davam etdirilmiş, nazirliyin nümayəndələri, milli assosiasiyaların təmsilçiləri, bələdiyyələr aidiyyəti komitələrin iclaslarında iştirak edərək müvafiq normativ hüquqi aktların layihələrinin müzakirəsinə qatılmış, rəy və təkliflərini bildirmişlər.

Bələdiyyələrin işinin çevik əlaqələndirilməsi sahəsində bələdiyyələrin milli assosiasiyaları ilə qarşılıqlı əməkdaşlıq davam etdirilmiş, milli assosiasiyaların sədrləri ilə görüşlər keçirilərək bələdiyyələrin qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və digər aktual məsələlərin həlli yolları barədə müzakirələr aparılmışdır.

Yerli özünüidarəetmə sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə də xüsusi önəm verilərək 2019-cu ildə də Avropa Şurasının, Avropa İttifaqının aidiyyəti qurumları və başqa beynəlxalq təşkilatlarla, eləcə də xarici dövlətlərin aidiyyəti qurumları ilə Ədliyyə Nazirliyinin əməkdaşlığı davam etdirilmiş, nazirliyin nümayəndələri bu qurumların bir sıra tədbirlərinə qatılmışlar.

Vətəndaş cəmiyyətinin inkişafı, ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi məsələləri diqqətdə saxlanılaraq qeyri-hökumət təşkilatlarının yerli özünüidarəetmə orqanları ilə sağlam əlaqələrinin genişləndirilməsi məqsədilə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşlər təşkil edilmiş və onlarla yerli özünüidarəetmə sahəsində nazirliyin fəaliyyəti, həyata keçirilən işlər və bu sahədə əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

Qeyd olunduğu kimi ölkəmizdə yerli özünüidarəetmənin, bələdiyyə institutunun inkişafı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmişdir. Bununla belə qarşıda bu sahədə görüləsi işlər də çoxdur.

Son illər ölkəmizin, xalqımızın həyatında baş verən çox ciddi və müsbət dəyişikliklər, yüksək inkişaf, tərrəqi, xüsusilə altıncı çağırış Milli Məclisin ilk iclasında ölkə prezidenti cənab İlham Əliyevin irəli sürdüyü genişmiqyaslı islahatlar konsepsiyası respublikamızda bütün sahələrdə olduğu kimi yerli özünüidarəetmə orqanlarında da köklü islahatlar aparılması vəzifəsini qarşıya qoyur.

Qarşıda bir sıra tədbirlərin həyata keçirilməsi vəzifəsi durur. Belə ki:

  • sosial-iqtisadi problemlərin həllində, vətəndaşların sosial müdafiə məsələlərində, ekoloji, humanitar və sairə proqramların həyata keçirilməsində bələdiyyələrin rolunun artırılması;
  • bələdiyyənin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi;
  • bələdiyyələrdə rəqəmsal idarəetmənin tətbiqi;
  • müasir informasiya texnologiyalarının nailiyyətlərindən, səmərəli metod və üsullardan, kütləvi informasiya vasitələrindən geniş istifadə etməklə bələdiyyə sədrlərinin, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsi;
  • bələdiyyələrdə kollegial idarəetmə vərdişinin bərqərar olması;
  • daha səmərəli idarəçilik mexanizmləri, təşkilati və struktur forması yaradılması məqsədi ilə bələdiyyələrin birləşməsi məsələsinin yenidən nəzərdən keçirilməsi;
  • bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi, bununla bağlı yerquruluşu işlərinin yekunlaşdırılması, torpaq üzərində bələdiyyələrin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması işinin başa çatdırılması;
  • bələdiyyələrin fəaliyyətinə nəzarət mexanizmlərinə yenidən baxılması və ictimai nəzarətin artırılması;
  • bələdiyyələrin yerli icra hakimiyyəti orqanları və digər qurumlarla əməkdaşlığının təkmilləşdirilməsi;
  • qanunvericiliyin yaratdığı imkanlardan tam istifadə edərək bələdiyyə büdcəsinin yüksək səviyyədə formalaşdırılması kimi məsələlərin həlli – ölkəmizdə yerli özünüidarəetmənin inkişafına dəyərli töhvə vermiş olar.

Qeyd olunan məsələlər üzrə nazirlikdə təhlillər aparılmış və görüləcək zəruri tədbirlər müəyyənləşdirilmişdir. İnanırıq ki, qarşıda duran bu həlli vacib vəzifələr Milli Məclisin, xüsusilə Regional Məsələlər Komitəsinin və digər aidiyyati dövlət qurumlarının dəstəyi ilə reallaşacaqdır.

Hörmətli deputatlar!

Bələdiyyələr tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməsi məqsədilə həyata keçirilən inzibati nəzarət, eləcə də bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım göstərilməsi sahəsində işin səmərəliliyinin artırılması üçün tədbirlər davam etdiriləcəkdir.

Baxmayaraq ki, illik məruzənin təqdimatı koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi, ölkəmizdə ciddi karantin rejiminin tətbiq olunduğu həssas dönəmdə keçirilir, mən millət vəkillərini əmin etmək istərdim ki, illik məruzəyə, ölkəmizdə yerli özünüidarəetmənin inkişafına dair səslənən bütün fikirlər, irəli sürülən hər bir təklif nəzərə alınacaq, diqqətlə öyrəniləcək və qanuna müvafiq zəruri tədbirlər görüləcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm!

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

17.04.2020

edliyye2020az
iacca
help_az
iap
eplc